Mobil versiya
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
Tarix: 12-06-2026 | Saat: 13:27
Bölmə:İqtisadiyyat | çapa göndər

"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" -

"Dövlət büdcəsi dövlətin ən vacib maliyyə sənədi olması ilə yanaşı, həm də iqtisadiyyatın bir güzgüsüdür. Hesab edirəm ki, büdcənin icrasını qiymətləndirərkən yalnız fiskal göstəricilərlə kifayətlənməməli, həmin göstəricilərin arxasında duran iqtisadi prosesləri də təhlil etməli, nəticələrin keyfiyyətinə və uzunmüddətli dayanıqlılığına da diqqət yetirməliyik".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

O bildirib ki, iqtisadi siyasətdə yüksək artım tempi heç də hər zaman inkişaf göstəricisi sayılmır: "Eyni zamanda, aşağı artım tempi də hər zaman zəif inkişaf demək deyildir. ÜDM-in aşağı artım tempi ilə daha keyfiyyətli inkişafa nail olmaq mümkündür, burda əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir. Məsələn, əgər iqtisadiyyat ildə 1% artır, amma məhsuldarlıq yüksəlir, texnologiya tətbiq olunur, ixrac şaxələnir, gəlirlər artırsa - bu sağlam inkişaf sayılır və kredit köpüyü və ya re-eksport hesabına əldə edilən illik 6-7% iqtisadi artımdan daha yaxşı sayılır. Hesab edirəm ki, diqqət çəkən əsas məsələ ölkəmizdəki iqtisadi artım templərinin dalğalı olmasıdır. Xüsusilə, qeyri-neft-qaz sektorunda formalaşan ÜDM-in artım tempinin dalğalı olması bu məsələnin daha dərindən təhlilinə və onların səbəblərinin neytrallaşmasına daha çox diqqət yetirilməsinə ehtiyac yaradır. Çünki dalğalanmalar investisiyalara, məşğulluğa, dövlət büdcəsinə xüsusi təsir edir".

Onun sözlərinə görə, Hesablama Palatasının təhlili göstərir ki, iqtisadi artımın əsas yükünü nəqliyyat və ticarət sektoru daşıyıb: "Bu onu göstərir ki, iqtisadiyyatımızda artımın daha geniş əsaslar üzərində formalaşmasına nail olmağa ehtiyac var. Biz daha çox xidmət sektorunun hesabına böyüyürük, lakin məhsuldarlıq və yeni dəyər yaradan sahələrdə inkişaf tempinin sabit artımına nail olmağa ehtiyac vardır. Biz xərc maddələrinin icrası barədə hesabat alırıq, xeyli məlumatlar da təqdim edilir. Bunu faydalı sayıram. Fikrimcə, eyni zamanda xərclənən vəsaitlərin hansı nəticələri yaratdığı barədə daha geniş məlumatlara sahib olmaq da effektiv ola bilər. Ümumiyyətlə, büdcə idarəçiliyinin növbəti mərhələsi vəsaitlərin mənimsənilməsindən nəticələrin ölçülməsinə keçid olacaqdır. İşğaldan azad olmuş ərazilərdə yaradılan xüsusi nümayəndəlik institutu özünü doğruldur, sakinlər çox razılıq edirlər. Bu kontekstdə qeyd etmək istərdim ki, biz xüsusi nümayəndəlik institutunun sərbəst gəlir mənbələrinin formalaşması üçün qanunvericilik aktlarında müəyyən hüquqi əsasların formalaşmasına da çalışmalıyıq. Bu yerli institutların daha çevik və daha effektiv olmasına şərait yarada bilər, dövlət büdcəsinin xərclərini azalda bilər. Müasir təcrübədə də xeyli belə nümunələr var. Məsələn, bir çox ölkələrdə hotellərdə ödənilən “city tax”, resursların istismarı və digər məsələr ilə bağlı ödənişlərin bir hissəsi yerli büdcələrə yönəldilir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026