Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib - YENİLƏNİB FOTO
Tarix: 12-06-2026 | Saat: 20:22
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

İyunun 12-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
Milli Məclisin sədri bildirib ki, bu iclas müstəqil Azərbaycanın taleyində dönüş yaratmış bir hadisənin ildönümü ərəfəsində keçirilir. İyunun 15-də xalqımız Milli Qurtuluş Gününü qeyd edəcək və yaxşı bilirik ki, bu gün müasir tariximizdə müstəsna yer tutur.
Spiker diqqətə çatdırıb ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən az sonra dövlətimiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə böyük siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması tarixin gedişini dəyişdirməyə imkan verdi. Ümummilli Lider xalqımızın öz dəyərlərinə sadiqliyini, dövlətçiliyini qorumaq və gələcəyini müəyyən etmək əzmini real siyasi gücə çevirdi.
Spiker bildirib ki, Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması xalqın tarixi seçimi idi. Ulu Öndər zamanın çağırışlarına cavab vermək qabiliyyəti sayəsində müstəqil dövlətimizi qoruyub saxladı və möhkəmləndirdi. Azərbaycan davamlı inkişaf yoluna çıxdı və onun geosiyasi əhəmiyyəti artdı. Ölkəmiz qlobal miqyaslı iqtisadi layihələrin mərkəzinə çevrildi.
Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur. Eyni zamanda, o, bugünkü Azərbaycan parlamentinin də banisidir.
Ötən illər göstərdi ki, Ulu Öndərin yaratdığı milli dövlətçilik konsepsiyası böyük siyasi potensiala malik olmaqla yanaşı, həm də xalqın və dövlətin uzunmüddətli strateji maraqlarına əsaslanır. Heydər Əliyevin Azərbaycançılıq və dövlətçilik ideyaları Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin fəaliyyətində ardıcıl inkişaf etdirilir.
Milli Məclisin sədri qeyd edib ki, bu gün biz keçdiyimiz yola nəzər salaraq, inamla söyləyə bilərik ki, 1993-cü ildə və sonrakı dövrdə Ulu Öndərin həyata keçirdiyi milli qurtuluş missiyası ilə müasir Azərbaycanın nailiyyətləri arasında birbaşa əlaqə var.
Torpaqlarımızın 30 illik işğalına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması, Azərbaycanın nüfuzlu və güclü bir dövlətə çevrilməsi, hər il, hər ay müşahidə etdiyimiz digər uğurlar Heydər Əliyev siyasi xəttinin ardıcıl surətdə davam etdirilməsinin nəticəsidir.
Məhz buna görə də Milli Qurtuluş Günü təkcə tarixin bir anı deyil. Bu gün müstəqillik və dövlətçilik ideyalarının təntənəsidir. Gələcək nəsillər qarşısında məsuliyyət hissinin təcəssümüdür. Xalq ilə dövlətin birliyinin rəmzidir.
Spiker vurğulayıb ki, Milli Qurtuluş Günü ərəfəsində biz Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha ehtiramla yad edirik. Əmin olduğumuzu bildiririk ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da müstəqil inkişaf yollarında inamla addımlayacaq. Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaqdır.
Sonra spiker təklif edib ki, Milli Qurtuluş Günü münasibətilə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bugünü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb.
Çıxışının sonunda Milli Məclisin sədri iclasda iştirak edən hər kəsə bayram münasibətilə təbriklərini çatdırıb.
Sonra iclasda gündəmdə olan məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, komitə sədri Zahid Oruc, deputatlar Göydəniz Qəhrəmanov, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Vüqar İskəndərov, Soltan Məmmədov, Vüqar Bayramov, Sahib Alıyev, Tural Gəncəliyev, Fəzail İbrahimli çıxış ediblər.
Deputatlar bir neçə gündən sonra müasir tariximizin ən mühüm və taleyüklü hadisələrindən biri olan 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Gününün qeyd ediləcəyini vurğulayıblar.
Bildirilib ki, bu əlamətdar tarix Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi təlatümlü vəziyyətdən Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində xilas olduğu, bu dönüş nöqtəsinin ölkəmizin bugünkü tərəqqisi və gələcək inkişafı üçün müstəsna əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Qeyd edilib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Nəzərə çatdırılıb ki, xalqımızın bu gün qazandığı nailiyyətlər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq həyata keçirilən siyasət nəticəsində əldə olunub. Bu mənada, Azərbaycanın Qarabağ uğrunda möhtəşəm Qələbəsi mahiyyət etibarilə öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür. Artıq Ümummilli Liderin vəsiyyəti yerinə yetirilib – Qarabağ və Şərqi Zəngəzur azaddır, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı ucalır.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçərək, güclü iqtisadiyyat, müasir ordu, nüfuzlu xarici siyasət formalaşdırıb. Vurğulanıb ki, bunun nəticəsində regionun aparıcı siyasi-iqtisadi güc mərkəzinə çevrilən və yeni reallıqlar yaradan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib.
Bununla yanaşı, qeyd edilib ki, ölkəmizin xarici siyasəti qlobal miqyasda sülhün və qarşılıqlı anlaşmanın təşviqinə xidmət edən ardıcıl və sistemli dövlət strategiyası kimi formalaşıb. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş bu strategiya mədəniyyətlərarası dialoqun genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın dərinləşməsinə yönəlib. Bildirilib ki, bu siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri mühüm rol oynayır. Görülən işlərin müsbət nəticələri son zamanlar təşkil olunmuş bir sıra mötəbər beynəlxalq tədbirlərdə öz real əksini tapıb.
Sonra Milli Məclisi sədri Sahibə Qafarova bugünkü iclasda 10 məsələnin müzakirə ediləcəyini bildirib. Spiker gündəliyin birinci məsələsinin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) olduğunu deyib. O, məsələ ilə əlaqədar hökumət üzvlərinin, Hesablama Palatasının rəhbərliyinin, digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə məlumatı nəzərə çatdırıb.
Komitə sədri nəzərə çatdırıb ki, ötən ildən başlayaraq ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı islahatlara başlanılıb. Bu islahatlar “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin formalaşdırılmasını əhatə etməklə, həm də səmərəli icra və nəzarət mexanizminin yaradılmasını nəzərdə tutur. O, Milli Məclisdə dövlət büdcəsinin icra nəticələrinə dair müzakirələrin aparılmasının büdcə prosesinin mühüm mərhələsi olduğunu deyib. Komitə sədri Prezident İlham Əliyevin “Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır...Nəzərə alsaq ki, Azərbaycanın büdcəsi ildən-ilə artacaq, deməli, nəzarət də artmalıdır.” kimi fikirlərinin önəmini vurğulayaraq, büdcəyə nəzarətin hər zaman dövlət siyasətinin əsas xəttini təşkil etdiyini söyləyib.
O, 2025-ci ildə icra edilmiş dövlət büdcəsinin gəlirlərinin həm proqnoza, həm də əvvəlki ilə nisbətən artması ilə xarakterizə olunduğunu deyib. Qeyd edib ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla, proqnoza qarşı 2,2 faiz, 2024-cü illə müqayisədə isə 5,4 faiz çox icra edilib. Ötən ildə dövlətimizin sosial siyasəti iqtisadi siyasətin ayrılmaz hissəsi olaraq davam etdirilib və sosialyönümlü xərclər büdcə məxaricində 40 faizə kimi yüksək paya malik olub.
Bildirilib ki, icra edilmiş dövlət büdcəsi ötən ildə cari fiskal dayanıqlıq nümayiş etdirib. Belə ki, cari xərclərin təxminən 92 faizi qeyri-neft gəlirləri hesabına maliyyələşib. Fiskal dayanıqlıq büdcə qaydasına riayət edilməsi ilə tamamlanır. Belə ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, dövlət borcunun isə ÜDM-ə nisbəti hədəflənən yuxarı hədlər daxilində saxlanılıb. Ötən ildə icra edilmiş dövlət büdcəsinin mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorundan daxilolmaların proqnoza nisbətən 1,6 faiz, 2024-cü ilə nisbətən 3,9 faiz artmasıdır. Ötən ilin büdcə gəlirlərində qeyri-neft daxilolmalarının payı 52 faizə yüksəlib.
Nəzərə çatdırılıb ki, 3,1 milyard manat məbləğində təsdiq olunan dövlət büdcəsi kəsirinin 580 milyon manat büdcə profisiti ilə, icmal büdcənin isə proqnozlaşdırılan 3,7 milyard manatlıq kəsirinin faktiki olaraq 3,4 milyard manat məbləğində profisitlə əvəzlənməsi ötən ilin büdcə icrası prosesində diqqət çəkən məqamlardan biridir. 2025-ci ilin büdcəsi dövlətin strateji sənədlərinin - Milli Prioritetlərin, Sosial-iqtisadi inkişaf Strategiyasının, Böyük Qayıdışa dair I Dövlət Proqramının maliyyə təminatında da mühüm rol oynayıb.
Komitə sədri, həmçinin iqtisadi və fiskal siyasət üçün bir sıra mühüm çağırışlar barədə söhbət açıb. O, bildirib ki, dövlət büdcəsinin icra edildiyi 2025-ci ildə beynəlxalq səviyyədə geosiyasi gərginlik, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər, enerji bazarlarındakı dəyişkənlik, dünya ticarətində zəifləmə meylləri, maliyyə bazarlarında risklərin artması davam edib. Bu kimi meyillərin cari ildə də müşahidə edilməsi Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin qorunmasını, fiskal dayanıqlığın təmin olunmasını xüsusi olaraq aktuallaşdırır. Qeyd edilib ki, ölkəmizdə dövlət borcunun həcmi maliyyə təhlükəsizliyi meyarlarına cavab versə də, borca xidmət xərclərinin təkcə bir il ərzində yüksək templə artımı gələcəkdə büdcənin fiskal yükünü ağırlaşdıra bilən faktora çevrilə bilər. Komitə sədri, həmçinin, bütün strateji təşəbbüslərini yalnız özünün daxili resursları hesabına maliyyələşdirən Azərbaycanda Böyük Qayıdış proqramının və iri infrastruktur layihələrin, kənd təsərrüfatının inkişafı sahəsində yeni planların, nəqliyyat və logistika infrastrukturunun qurulmasının uzun müddət üçün böyük maliyyə resursları tələb etdiyini söyləyib. O, 2025-ci ilin dövlət büdcəsinin icrasına dair hesabatla bağlı bəzi təkliflərini də səsləndirib.
Sonra iclasda maliyyə naziri Sahil Babayev çıxış edib.
O, bildirib ki, Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun, maliyyə dayanıqlığı və sosial öhdəliklərin tam yerinə yetirilməsi prinsiplərinə müvafiq şəkildə icra edilib.
Diqqətə çatdırılıb ki, 2025-ci ildə ölkəmizdə ümumi daxili məhsul real ifadədə 1,4 faiz artaraq 129,1 milyard manat təşkil edib, adambaşına düşən Ümumi Daxili Məhsul artaraq 12,6 min manat olub. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, ötən ildə qeyri-neft sektorunda 2,7 faiz real artım əldə olunub, ÜDM-in 72 faizi və yaxud 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb. Qeyd olunub ki, profositli tədiyyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. Hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 faiz, orta aylıq nominal əməkhaqqı 9,3 faiz artıb. Cari ilin əvvəlinə ölkənin məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. 2025-ci ildə “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiyməti orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşıb və büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 faiz artıb.
Nazir bildirib ki, hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub. 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 faiz təşkil edib. Qeyd olunub ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb. Dövlət borcunun idarə edilməsi sahəsində də müsbət dinamika qorunub və 2026-cı il iyunun 1-nə dövlət borcu 24,1 milyard manat və ya ÜDM-in 18,4 faizi səviyyəsində olub. Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivləri 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatıb, bu isə makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli bufer yaratmağa imkan verir.
Bununla yanaşı, 2025-ci ildə dövlət maliyyəsinin idarə olunması sahəsində də mühüm müsbət nəticələrin əldə edildiyi söylənilib. Belə ki, ötən il dövlət büdcəsinin mədaxili 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz, 2024-cü illə müqayisədə isə 2 milyard manat və ya 5,4 faiz çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 311 milyon manat çox icra olunmaqla, 20,4 milyard manat təşkil edib və büdcə gəlirlərinin 52 faizi olmaqla, 2024-cü ilin göstəricisini 756 milyon manat üstələyib. Qeyd olunub ki, dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 faizə yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2,7 faiz artması büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm göstəricisidir.
Maliyyə naziri daha sonra bildirib ki, ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16,4 milyard manat, gömrük orqanlarının xətti ilə isə 6,4 milyard manat vəsait təmin edilib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub. Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 14,5 milyard manat transfert edilib.
Qeyd olunub ki, 2025-ci ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib. Nəzərə çatdırılıb ki, 2025-ci ildə dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 milyard manat icra edilib.
Bildirilib ki, 2025-ci ildə sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib. Ümumilikdə, son 5 ildə sosialyönlü xərclər 3,9 milyard manat artıb.
Eyni zamanda, söylənilib ki, ötən ilin müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 21 faizi həcmində və ya 8,1 milyard manat vəsait yönəldilib. Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinin maliyyələşdirilməsi üçün hesabat ilində dövlət büdcəsi xərclərinin 29 faizi və ya 11,2 milyard manat vəsait sərf olunub. Mənzil və kommunal təsərrüfatı, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 1,8 milyard manat vəsait xərclənib. Beynəlxalq və regional təşkilatlar, maliyyə institutları ilə əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların fəaliyyəti, beynəlxalq və ölkə səviyyəli tədbirlər və xarici yardımlar üçün 655 milyon manat sərf edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 504 milyon manat vəsait sərf edilib.
İqtisadi fəaliyyətlə bağlı xərclər üçün 7,6 milyard manat həcmində vəsait ayrılıb. İnvestisiya layihələrinin həyata keçirilməsi üçün 2,3 milyard manat vəsaitin yönəldilməsi təmin olunub. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsait ayrılıb. Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 873 milyon manat, yerli xərcləri isə 717 milyon manat icra olunub. Ötən il yerli gəlirlər hesabına xərclərini maliyyələşdirən şəhər və rayonların sayının artması regionların iqtisadi və maliyyə potensialının gücləndiyini göstərir.
Bildirilib ki, ötən il fiskal orqanlar tərəfindən daxilolmaların artıqlaması ilə təmin edilməsi və büdcə xərclərinin səmərəli icrası hesabına dövlət büdcəsi profisitlə yerinə yetirilib.
Bununla yanaşı, nazir qeyd edib ki, 2025-ci ildə icmal büdcənin gəlirləri 48 milyard manat, xərcləri isə 44,6 milyard manat yerinə yetirilib. İcmal büdcə də profisitlə icra olunub.
Sahil Babayev bildirib ki, 2025-ci ildə dövlət və icmal büdcələri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş prioritet istiqamətlərin, sosial təminat tədbirlərinin, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldilməklə icra edilib və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsi təmin edilib.
İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyini diqqətə çatdırıb.
O, bildirib ki, 2025-ci ildə ÜDM-in, o cümlədən neft-qaz və qeyri-neft-qaz sahələri üzrə ÜDM-in proqnoz və fakt məbləğləri üst-üstə düşür. Lakin 2025-ci ilin baza ssenarisi üzrə təqdim edilən proqnozları və icra parametrləri arasında müəyyən fərqlər müşahidə edilir.
Bildirilib ki, 2025-ci il ərzində dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar “Büdcə sistemi haqqında” Qanunun 18-ci və 20-ci maddələri ilə müəyyən edilmiş müddət və formalara uyğun təqdim olunub, tələb olunan məlumat və göstəricilər Qanun layihəsinə və illik hesabata daxil edilib.
Diqqətə çatdırılıb ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri müstəqilliyimizdən bəri ən yüksək həddinə çataraq 39,2 milyard manat təşkil edib. Gəlirlərin həcminin əhəmiyyətli artımı fonunda eynilə xərclər üzrə müşahidə edilən tarixi artım nəticəsində mütləq rəqəm 38,6 milyard manat olub.
Qeyd olunub ki, ötən il büdcə qaydasının əsas göstəriciləri icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6%, dövlət borcunun ÜDM-ə nisbəti isə 20,1% olub. Hər iki göstərici üzrə əldə edilən nəticə qoyulan hədəfə uyğundur.
Əvvəlki illə müqayisədə hesabat ilinin dövlət büdcəsinin gəlirlərinin tərkibində həm vergi gəlirləri üzrə, həm də qeyri-vergi gəlirləri üzrə artım müşahidə edilir. Bu dinamika qeyri-vergi gəlirlərinin artımında əsasən transfertlər və digər alternativ mənbələrin həlledici rol oynadığını göstərir.
Hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 6,6%-i büdcədən ayırmalar və transfertlərlə bağlı olub. Büdcədən transfertlər 2024-cü illə müqayisədə 8,9% azdır. Bu vəsaitlərin aylar üzrə təhlili proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transfertlərin əksinə olaraq, dövlət büdcəsinə transfertlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində kənarlaşma izlənməyib.
Bununla yanaşı, bildirilib ki, son 5 ildə “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirmə” əsasında 15 dövlət proqramı, həmçinin 6 strategiya, 2 konsepsiya və 3 fəaliyyət planı, ümumilikdə 26 sənəd qəbul edilib. 2025-ci ildə bir sıra dövlət proqramlarının icrası bitib. Dövlət büdcəsində proqramlara 6,1 milyard manatdan çox vəsait yönəlib.
Qeyd olunub ki, Hesablama Palatası tərəfindən fiskal risklərin icra prosesində reallaşmasına dair təhlil aparilib. 2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı büdcə sənədləşməsində əsas risklər kimi xam neftin qiymətinin dəyişməsi, dövlət borcu və zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunmaması və iqlim dəyişiklikləri şərh olunub. Bununla yanaşı, Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsinin layihəsinə Rəyində, həmçinin 2025-ci ilin altı ayı üzrə dərc etdiyi yarımillik məlumatda aktual hesab etdiyi əlavə fiskal riskləri, eləcə də diqqətdə saxlanmalı məqamları əks etdirib.
Vüqar Gülməmmədov Hesablama Palatasının rəyinə 25 halda tövsiyələrin icrası barədə məlumatın, habelə 46 yeni tövsiyənin daxil edildiyini söyləyib və bir sıra təklifləri də səsləndirib.
Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədrləri Zahid Oruc, Sadiq Qurbanov, Hicran Hüseynova, deputatlar Əli Məsimli, Bəhruz Məhərrəmov, Tahir Mirkişili, Kamran Bayramov, Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Vüqar Bayramov fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Milli Məclisin sədri Sahibə Qafarova müzakirələrdə səslənən bütün çıxışlarda müsbət fikirlərin söylənildiyini, təkliflərin verildiyini bildirib və məsələni səsə qoyub.
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin spikeri diqqətə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsindən biri beynəlxalq sənədlə bağlıdır, digəri səfirliyin təsis edilməsi haqqındadır, ikisi isə uyğunlaşdırma xarakteri daşıyır. O, bu qanun layihələrinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya”ya qoşulmaq barədə qanun layihəsini təqdim edib.
Komitə sədri bildirib ki, Konvensiyanın məqsədi gəmilərin gövdələrində istifadə edilən dəniz ekosisteminə zərər verən çirklənmə əleyhinə sistemlərin istifadəsinə nəzarət etmək, təhlükəli maddələrin tətbiqini məhdudlaşdırmaq və təhlükəsiz alternativlərin istifadəsini təşviq etməkdir.
Məsələyə dair Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu komitənin müsbət rəyini açıqlayaraq, Azərbaycanın həmişə beynəlxalq qanunlara, sazişlərə, konvensiyalara, protokollara, anlaşma memorandumlarına hörmətlə yanaşdığını bildirib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.
O, Azərbaycanın dünyada 72 səfirliyinin, 5 daimi nümayəndəsinin, 1 nümayəndəliyinin, təmsilçilik ofisinin, 10 baş konsulluğunun fəaliyyət göstərdiyini bildirib. Portuqaliyanın bizim üçün vacibliyini, Avropada xüsusi əhəmiyyətə malik dövlət olduğunu qeyd edib. Komitə sədri, eyni zamanda, Azərbaycanda da müxtəlif dövlətlərin səfirliklərinin açıldığını, ölkəmizə diqqətin çoxaldığını vurğulayıb. O, Portuqaliya ilə qarşılıqlı səfirliklərin açılması ilə bağlı razılığın əldə edildiyini bildirib.
Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Samir Vəliyev məsələ barədə fikirlərini açıqlayaraq, Azərbaycan Respublikasının Portuqaliyada səfirliyinin təsis edilməsinin ölkəmizin xarici siyasət prioritetlərinə, milli maraqlarına və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edən mühüm təşəbbüs olduğunu qeyd edib.
Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.
Qeyd edilib ki, qanun layihəsi "Dövlət-özəl tərəfdaşlığı haqqında" Qanunun icrası və onun müvafiq normalarının sahəvi qanunlarda əks etdirilməsi məqsədilə hazırlanıb. Sənəd dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması qaydalarını və şərtlərini müəyyən edir.
Bildirilib ki, layihədə adı çəkilən qanunların müvafiq maddələrində uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur. Belə ki, dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi məqsədi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşın mülkiyyətinə ötürüldükdə açıq torpaq hərracları və müsabiqələr keçirilir. Özəl tərəfdaşa dövlət mülkiyyətində olan torpaq sahəsi icarəyə verildikdə isə özəl tərəfdaşla səlahiyyətli orqan arasında icarə müqaviləsi bağlanılır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov təmsil etdiyi komitənin rəyini bildirərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Tənzimlənən qiymətlər haqqında” qanunlara yeni maddələrin əlavə edilməsinin nəzərdə tutulduğunu deyib.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ ilə əlaqədar rəhbərlik etdiyi komitənin rəyini açıqlayaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna edilən dəyişiklikdən bəhs edib.

Sonra Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Diqqətə çatdırılıb ki, layihəyə əsasən, Qanunun 5.2-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Deputat Fatma Yıldırım məsələ barədə fikirlərini söylədikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi üçüncü oxunuşda olan qanun layihələridir və “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat vermək üçün sözü Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevə təqdim edib.
Komitə sədri Tahir Rzayev bildirib ki, sənədin birinci və ikinci oxunuşları zamanı layihə barədə ətraflı məlumat verilib, aparılan müzakirələrdə isə dəyişikliyin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb. O, üçüncü oxunuşda da sənədlə bağlı komitəyə heç bir irad və təklifin daxil olmadığını diqqətə çatdırıb.
Dəyişikliklə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitəsinin müsbət rəyini səsləndirəndən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, qanun layihəsi barədə əvvəlki oxunuşlar zamanı geniş məlumat verildiyini, sənəddə hər hansı əlavə dəyişikliyin aparılmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin səkkizinci məsələsi olan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
Komitə sədri deyib ki, qanun layihəsi barədə əvvəlki oxunuşda ətraflı məlumat verilib. Dəyişiklik Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. Komitə sədri layihənin birinci oxunuşda dəstəkləndiyini və onun müzakirəsi zamanı müsbət fikirlərin səsləndirildiyini nəzərə alaraq, ikinci oxunuşda səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin son iki məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, deputatları müzakirələrdə birinci oxunuşun tələblərinə riayət etməyə çağırıb və İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxarıb. Spiker bildirib ki, məsələ ilə bağlı iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov iştirak edir.
Qanun layihəsi barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsi uşaqların sosial şəbəkə platformalarından istifadəsinin hüquqi tənzimlənməsini nəzərdə tutur. O, qeyd edib ki, qanun layihəsinin ictimai müzakirəsi zamanı dövlət və hökumət nümayəndələri, təhsil və səhiyyə sahələrinin rəhbərləri, media və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri təşəbbüsün cəmiyyət üçün əhəmiyyətini xüsusi vurğulayıblar. Onun sözlərinə görə, bu yanaşma qanunvericilik təşəbbüsünün yalnız normativ tələblərdən deyil, həm də cəmiyyətin sosial sifarişindən irəli gəldiyini göstərir.
Zahid Oruc beynəlxalq elmi araşdırmalara da istinad edərək qeyd edib ki, bu araşdırmalar sosial media platformalarının uşaqların sağlam böyüməsinə, xüsusən psixoloji vəziyyətinə, yuxu rejiminə, təhsil göstəricilərinə və sosial münasibətlərinə mənfi təsir göstərdiyini ortaya qoyur. O, məsələ ilə bağlı beynəlxalq hüquqi təcrübəni də diqqətə çatdıraraq bildirib ki, son illərdə bir sıra ölkələr uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq qanunvericilik tədbirləri həyata keçirib. Onun sözlərinə görə, Avstraliya, Fransa, İspaniya və Böyük Britaniyada bu sahədə qəbul olunmuş hüquqi mexanizmlər uşaqların sosial media platformalarından istifadəsinə yaş hədlərinin tətbiqini və platformaların məsuliyyətinin artırılmasını nəzərdə tutur.
Qanun layihəsində təklif olunan dəyişikliklərə əsasən, 16 yaşınadək şəxslər üçün sosial şəbəkə platformalarında fərdi hesabların açılması təxirə salınır, 16–18 yaş aralığında olan şəxslər üçün isə valideyn razılığı mexanizminin tətbiqi nəzərdə tutulur.
Komitə sədri vurğulayıb ki, məqsəd uşaqları texnologiyalardan uzaqlaşdırmaq deyil, onların kitab, elm, idman, yaradıcılıq, ailə ünsiyyəti və sağlam sosial münasibətlər əsasında inkişafına daha əlverişli şərait yaratmaqdır.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim olunan qanun layihəsi haqqında komitələrinin müsbət rəylərini diqqətə çatdırıblar. Onlar qanun layihəsinin rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunmasına, onların sosial şəbəkə platformalarından təhlükəsiz istifadəsinin təmin olunmasına xidmət etdiyini vurğulayıblar.
Qanun layihəsinin müzakirəsində Milli Məclis sədrinin müavini Musa Qasımlı, deputatlar Azay Quliyev, Kamal Cəfərov, Fariz İsmayılzadə, Əminə Ağazadə, Elçin Mirzəbəyli çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Gündəliyin sonuncu məsələsi - Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Komitə sədri diqqətə çatdırıb ki, müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur.
Komitə sədri qeyd edib ki, məcburi köçkünlər uzun illər Azərbaycan dövlətinin xüsusi qayğısı ilə əhatə olunublar. O, vurğulayıb ki, onların sosial və digər problemlərinin həlli ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Milli Məclis tərəfindən 11 qanun qəbul edilib, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib.
Torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib.
Bildirilib ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdirilib. Vətən müharibəsində qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və geniş quruculuq işləri həyata keçirilir. Yeni mərhələdə qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədi ilə dövlət başçımızın 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiq edilib.
Qeyd olunub ki, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub.
Komitə sədri bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi də məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələri ilə təmin olunması, onların mülkiyyət hüquqlarının daha dolğun şəkildə təmin edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qeyd olunub ki, dəyişikliklər nəticəsində yeni institut – “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaradılacaq. Bu fonda daxil edilən yaşayış sahələri keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi və sonradan onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.
Bildirilib ki, dəyişikliklərə əsasən, məcburi köçkün statusuna ehtiyacın aradan qalxması ilə bağlı hallar daha konkret şəkildə müəyyənləşdirilir. Yeni yanaşmaya görə, şəxsə əvvəlki yaşayış yerinin əvəzinə müəyyən edilmiş normalara uyğun yeni yaşayış sahəsi təqdim olunacaq və bununla da onun yaşayış hüququ və mülkiyyət hüququ tam şəkildə təmin ediləcək.
Komitə sədri qeyd edib ki, dövlət tərəfindən təklif olunan yaşayış sahəsindən əsassız olaraq imtina edən şəxslərlə bağlı hüquqi nəticələr də qanun layihəsində öz əksini tapıb. Vurğulanıb ki, keçmiş məcburi köçkünlərin mövcud güzəşt və imtiyazları dərhal dayandırılmır. Həmin şəxslər üçün nəzərdə tutulan bütün güzəştlər və sosial təminat tədbirləri əlavə olaraq üç il müddətində saxlanılır. Bu yanaşma keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında yenidən məskunlaşmasına, yeni sosial mühitə uyğunlaşmasına, məşğulluğunun təmin edilməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına əlavə dəstək göstərilməsi məqsədi daşıyır.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, qanun layihəsinə dair rəhbərlik etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar.
Onlar bildiriblər ki, qanun layihəsi Vətən müharibəsində əldə olunan Qələbənin hüquqi nəticəsi olmaqla, məcburi köçkünlük dövründən Böyük Qayıdış mərhələsinə keçidi təsbit edir. Qeyd edilib ki, yeni hüquqi tənzimləmə müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ ilə əvəz edir, bununla da işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tam hüquqlu sahibi olurlar.
Komitə sədrləri layihənin vətəndaşların sosial müdafiəsi, insan hüquqlarının təmin edilməsi baxımından əhəmiyyətindən danışıblar, rəhbərlik etdikləri komitələrin sənədi dəstəklədiklərini bildiriblər.
Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-06-2026