Mobil versiya
Kitabı "süni", naziri "orijinal" olan məmləkət
Tarix: 12-06-2026 | Saat: 15:21
Bölmə:Karusel / Manşet / Özəl / Təhsil / Seçilənlər-7 | çapa göndər

Kitabı "süni", naziri "orijinal" olan məmləkət

Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin tavanı uça bilər, rayonlardakı sinif otaqlarında odun peçi hələ də baş köşədə otura bilər, müəllimlər bir tikə çörək üçün repetitorluq künclərində can qoya bilər, amma vecinə də olmasın – 3 ilə süni intellekt gəlib hamımızı xilas edəcək. Kitab nədir ey, kağız parçasıdır, atın getsin! Dünyanın ən qabaqcıl ölkələri uşaqları planşet asılılığından, ekran zəhərlənməsindən xilas eləmək üçün yenidən klassik kitaba, kitabxanalara, toxunaraq oxumaq mədəniyyətinə milyonlar xərcləyəndə, bizim islahatçı nazirimiz kitabı ömrünə 3 il qalmış reanimasiya xəstəsi elan edir. Kitab sadəcə informasiya yığını deyil axı, hörmətli nazir, kitab insanı insan eləyən, onun təxəyyülünü quran mənəviyyat qalasıdır. Amma görünür, bizim sistemə düşünən, mütaliə eləyən, sorğulayan insan yox, elə nazirliyin özü kimi düymə ilə işləyən, robotlaşmış, rəqəmsal bir nəsil lazımdır.

Məsələnin ən biabırçı və qorxulu tərəfi isə Dilçilik İnstitutuna verilən hökmdür. Deməli, ana dilimizin elmi qalası, o boyda institut da bir dənə süni intellekt proqramının içində əriyib getməlidir. Dil bunlar üçün elə bil quş dilidir, ya da sadəcə iki kompyuterin bir-birinə ötürdüyü texniki kodlar sistemidir. Bu dil Füzulinin, Nəsiminin nəfəsidir, Şah İsmayılın qılıncı ilə möhürlənmiş varlığımızdır, qanımızla, canımızla qoruduğumuz mənəvi vətənimizdir. Dilçilik İnstitutu da bu dilin toponimiyasını, etimologiyasını, xalqın yaddaş köklərini qoruyan bir strateji qaladır. İndi nazir deyir ki, bura da lazımsız bir yerdir, bağlayaq getsin, bir dənə proqram yükləyərik, o da bizim əvəzimizə hər şeyi tərcümə edər. Süni intellekt heç vaxt bir xalqın ruhunu, folklorunun rənglərini, dilin fəlsəfi dərinliyini duya bilməz. Maşın alqoritmlərinə güvənib milli dil elmini yox saymaq, əslində bu dövlətin varlıq fəlsəfəsinə, ulu öndərin və dövlət başçısının ana dilinin qorunması ilə bağlı imzaladığı tarixi fərmanlara, dövlət siyasətinə açıq-aşkar ironiya etməkdir, laqeydlik göstərməkdir. Biz hər il büdcədən dilin inkişafına, dərsliklərin tarixinə pullar ayırırıq, sən demə, hamısı hədərmiş, cəmi 3 illik ömrü var imiş. Belə çıxır ki, nazirin bu məntiqli və dahi proqnozu ilə getsək, bir neçə ildən sonra Təhsil Nazirliyinə də ehtiyac qalmayacaq, çünki nazirin funksiyasını da bir dənə rəqəmsal bot, süni intellekt proqramı çox rahatlıqla icra edə bilər. Hətta bəlkə o bot bizim təhsil sistemindəki boşluqları indikindən daha yaxşı və daha ədalətli idarə edər.

Belə çıxır ki, nazirin bu dahi proqnozu ilə getsək, ilk növbədə elə Emin Əmrullayevin özünün rəqəmsal dublikatını təcili nazir təyin etməyin əsl vaxtıdır. Nazirliyin serverinə bir dənə "Emin Bot" proqramı yükləyərik, həm büdcəyə qənaət olunar, həm də nazirin funksiyasını o süni intellekt indikindən daha çevik, daha proqramlı icra edər. Hətta o dublikat robot gecə-gündüz yatmaz, sinif otaqlarında odun peçinin yanında donan uşaqların dərdinə bəlkə bizim real nazirdən daha tez yanar, problemləri rəqəmsal yox, real həll edər. Həm də adamın ürəyi yanmaz; bilərik ki, bunu deyən və eləyən adam deyil, soyuq bir maşındır...


Bu cür uzaqgörməz, kosopolit və məsuliyyətsiz bəyanatlar cəmiyyətə, onsuz da canüstündə olan mütaliə mədəniyyətinə arxadan vurulan ən ağır zərbədir. Məktəblidən, tələbədən nə gözləyəsən ki, onun naziri çıxıb bəri başdan deyir ki, "oxuma, onsuz da 3 ilə kitaba ehtiyac qalmayacaq". Bu, süni intellektə heyranlıq yox, öz milli elminə, dilinə və mədəniyyətinə qarşı duyulan köklü bir yadlaşmanın, özgələşmənin rəsmi etirafıdır. Heç bir texnoloji dalğa, heç bir soyuq metal zəkası insanın yaradıcı ruhunu və xalqın ana dilini yaşadan o canlı məbədləri əvəz edə bilməz. Azərbaycanın ziyalıları, elm adamları bu cür yüngül, texnokratik hücumların qarşısında susmamalı, kitabın mənəvi hakimiyyətini və ana dilimizin elmi qalalarını bu "süni" xülyalardan qətiyyətlə qorumalıdır.


Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026