Mobil versiya
Xocalıya həyat qayıdır
Tarix: 28-02-2024 | Saat: 10:06
Bölmə:Siyasət / Özəl | çapa göndər

Xocalıya həyat qayıdır

Keçən ilin sentyabr ayında rəşadətli Ordumuz tərəfindən keçirilmiş və cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində doğma Azərbaycanımızın işğal altında qalan son əraziləri də azad edildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həmin torpaqlarda, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə və bütün digər ərazilərdə müqəddəs bayrağımızı ucaltması, bundan az müddət sonra Xankəndidə keçirilmiş möhtəşəm hərbi parad xalqın qürurunu özünə qaytarmaqla yanaşı bütün şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının ruhunu şad etdi. Bu ilin fevral ayının 26-da isə, möhtərəm dövlət başçımız Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Xalqımızın tarixində ilk dəfə olaraq Xocalı qurbanlarının əziz xatirəsi elə Xocalıda anıldı. Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Uzun illər Ermənistanın arxasında duran, bu gün də erməni şovinizmini dəstəkləyən və qidalandıran qüvvələrin gərgin səyləri nəticəsində Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olundu. Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq həm göz önündə olan düşmənlə, həm də möhtəşəm yalanlarla mübarizə aparmalı oldu. Lakin qlobal miqyasda Azərbaycanın “Xocalıya ədalət!” çağırışı cavabsız qaldı. Bu gün artıq 18 ölkənin dövlətimizin səyləri nəticəsində bu qanlı faciəni soyqırımı kimi tanımasına baxmayaraq, cənab Prezident İlham Əliyevin dediyi kimi, bu ölkələrin arasında böyük dövlətlərin adları hələ də yoxdur. Həmçinin əksər beynəlxalq təşkilatlar bu faciəyə biganə qalmışlar.

Buna görə də Azərbaycan özü ədaləti bərpa etmək məcburiyyətində qaldı. 2020-ci ildə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsinin gedişində, eləcə də 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirində şanlı Ordumuz düşməndən bütün şəhidlərimizin qanını döyüş meydanında aldı. Xocalı qətliamında iştirak etmiş erməni qatillərindən bir qismi qandallanaraq Bakıya gətirildi. İndi onlar istintaq təcridxanasında qara aqibətlərini düşünürlər. Əlbəttə ki, eyni aqibət Azərbaycana qarşı cinayət törədən hər kəsi gözləyir.

Xocalılılar isə, möhtərəm dövlət başçımızın dediyi kimi, otuz iki ildən sonra yenidən öz doğma yurd-yuvalarına qayıtdılar. Bu gün azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir. Keçən ilin sentyabr ayının 20-də Azərbaycan öz suverenliyini tam bərpa edəndən sonra cənab Prezident İlham Əliyev dərhal göstəriş vermişdir ki, ilk növbədə, məhz Xocalıda xocalılıların evləri bərpa edilsin. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il isə, belə yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Artıq həm Xocalıda, həm Xankəndidə həyat bərpa ediləcək.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024