Mobil versiya
AŞPA-nın qərəzli davranışı qəbuledilməzdir
Tarix: 25-01-2024 | Saat: 22:10
Bölmə:Siyasət / Özəl | çapa göndər

AŞPA-nın qərəzli davranışı qəbuledilməzdir

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olmuşdur. Bunda əsas məqsəd Qarabağ probleminin sülh yolu həllinə nail olmaq üçün sözügedən təşkilatın dəstəyini almaq idi. Lakin təəssüflər olsun ki, həmin vaxtdan ötən dövr ərzində gedən proseslər ermənipərəst, islamofob qüvvələrin bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə etdiklərini göstərmiş oldu. Faktiki olaraq bu gün Avropa Şurası bu qitənin müxtəlif ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib.
Xüsusilə Azərbaycan 2020-ci ildə öz torpaqlarının işğalına son qoyduqdan sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizə qarşı qərəzli və əsassız hücumları daha da intensivləşib. Belə ki, bu təşkilat tərəfindən 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edilib. Həmin qətnamənin 23-cü bəndində AŞPA 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatlıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Bu il yanvar ayının 22-də keçirilmiş AŞPA qış yarım-sessiyasının açılışında bu təşkilatda ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.
Şvabe bu təşəbbüsü irəli sürdüyü çıxışında absurd ittihamlar səsləndirərək “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Lakin qalmaqallı təşəbbüsün formal olaraq Almaniyalı deputat tərəfindən irəli sürülməyinə baxmayaraq, bu məkrli planın arxasında birbaşa AŞPA rəhbərliyinin özünün durduğu məlum faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin Azərbaycanın əleyhinə səs verməsi də təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu da məlumdur ki, Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar bu ölkənin nüfuzdan düşməsinə səbəb olub. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.
Fransa, Almaniya və bu iki ölkənin əlində alətə çevrilmiş AŞPA cənab Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini və Azərbaycanın tam suverenliyinin bərpa olunmasını həzm edə bilmirlər.
AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü bu il fevralın 7-də ölkəmizdə keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi və ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirməyə çalışır. Lakin bu qərəzli və ədalətsiz qərarın əsas səbəbi bu riyakar qurumun məhz Qarabağın azad olunması, suverenliyimizin tam bərpa edilməsi faktı ilə barışa bilməməsi, Ermənistana hər vasitə ilə dəstək olmağa çalışmasından irəli gəlir.
Lakin bu gün Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geo-siyasi reallıqların bir təzahürü də budur ki, artıq ölkəmiz Qarabağ problemini özü həll etdiyi üçün bizim hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına heç bir ehtiyacımız yoxdur. Buna görə də AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Əlbəttə ki, bu çox doğru bir qərardır və Azərbaycan-AŞPA əməkdaşlığının dayandırılmasından uduzan tərəf əlbəttə ki, Azərbaycan olmayacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025