Mobil versiya
Aqiyə Naxçıvanlı: “Cənab Prezident nəyi harada və nə zaman etməyin lazım olduğunu ən yaxşı özü bildiyini bu gün bir daha isbatladı”
Tarix: 16-10-2023 | Saat: 11:51
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Cənab Prezident nəyi harada və nə zaman etməyin lazım olduğunu ən yaxşı özü bildiyini bu gün bir daha isbatladı”

“2023-cü ilin 15 oktyabrı Azərbaycan xalqının tarixində ən əlamətdar, ən şərəfli günlərdən biri kimi əbədi qalacaq. Xalqımız bu günü 30 il gözlədi. Amma bu günün gələcəyinə inamını heç zaman itirmədi. Nəhayət bu möhtəşəm gün gəldi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali BaşKomandan cənab İlham Əliyev oktyabrın 15-də Ağdərə, Xocavənd, Xocalı və Xankəndi şəhərlərində müqəddəs Azərbaycan Bayrağını ucaltdı. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərərək prezident seçkilərində öz səsini Heydər Əliyev siyasi kursuna verdi və Ulu Öndərin siyasi varisini Ölkə Prezidenti seçdi. O vaxt cənab Prezident Konstitusiyaya və “Qurani-Kərim”ə əl basıb and içdi və öz xalqına müraciət edərək söz verdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Belə də oldu. 20 il ərzində möhtərəm dövlət başçımız verdiyi bütün vədlərə əməl etdi, qarşıya qoyduğu bütün vəzifələri icra etdi. İyirmi il ərzində Azərbaycanın güclənməsi, dünya miqyasında öz layiqli yerini tuta bilməsi üçün məqsədyönlü addımlar atdı, möhtəşəm işlər gördü. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bu gün Azərbaycanla dünyada hesablaşırlar. Artıq ölkəmizin mövqeyi qlobal coğrafiyada böyük əhəmiyyət kəsb edir. Bir çox hallarda önəmli beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycan hazırda güclü iqitisadiyyata sahibdir və məhz bu amil Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin yaradılmasına əsas vermişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Öz fikirlərini davam etdirən deputat güclü ordu amilinin hər bir ölkənin müstəqilliyinin təmin olunması baxımından vacib şərt olduğunu vurğulayaraq bunları deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də Xankəndidə etdiyi çıxışında çox müdrikcəsinə qeyd etdi ki, müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün isə güclü iqtisadiyyatın, güclü ordun olmalıdır. Dövlətimizin başçısı 17 il ərzində elə bir ordu yaratdı ki, bu ordi üç il bundan öncə, Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ordu quruculuğu işi tarixi Qələbəmizdən sonra da yüksək intensivliklə davam etdirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Şanlı Ordumuz bunu növbəti dəfə II Qarabağ savaşından üç il sonra, keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatının gedişində bir daha sübut etdi. Bu əməliyyatın nəticəsində düşmən yenə də ağ bayraq qaldıraraq təslim oldu. Bu gün bütün xalqımız, bütün dünya azərbaycanlıları haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edir. Şəhidlərimizin ruhu qarşısında baş əyir. Möhtərəm Prezidentimizin dediyi kimi, biz, Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.”

Həmçinin A.Naxçıvanlı bu gün Azərbaycan Bayrağının Xankəndidə dalğalanmasının Prezident İlham Əliyevin siyasətinin daha bir təntənəsi olduğunu qeyd etmişdir: “Azərbaycan münaqişənin sülh yolu ilə həllini, torpaqlarımızın geri qaytarılmasını 30 il gözlədi. Uzun illər mənasız, nəticəsiz danışıqlar aparıldı. Lakin beynəlxalq təşkilatların məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq idi. Ermənistanın işğalçı siyasəti tam olaraq belə deməyə əsas verir ki, onlar torpaqlarımızın bir qarışını belə geri qaytarmaq fikrində deyildilər. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu vəzifəyə ilk dəfə seçildiyi gündən Vətən müharibəsinin başlanmasına qədər keçən 17 il ərzində hər zaman deyirdi ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışa bilməz və heç vaxt imkan verməz ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın. Nəhayət 2020-ci ildə Azərbaycan Vətən müharibəsinə başladı və bu müharibə cəmi 44 gün çəkdi. Qeyd olunmalıdır ki, bütün bu günlər ərzində cənab Ali Baş Komandan dəfələrlə bəyan etmişdi ki, düşmən silahları yerə qoyarsa, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verərsə, Azərbaycan müharibəni dayandırmağa hazırdır. Yalnız Şanlı Ordumuz Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və Azərbaycan hərbi əməliyyatları dayandırdı. O zaman bəziləri sual verirdi ki, nə üçün dövlətimiz noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdi. Bu gün Xankəndidə müqəddəs üçrəngli Bayrağımızı qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev bir daha isbatladı ki, nəyi harada və nə zaman etməyin lazım olduğunu dövlətimizin başçısı özü bilir.”

Daha sonra deputat Ulu Öndər Heydər Əliyevin 100 illiyinin tarixi qələbələrlə qeyd olunmasının rəmzi məna daşıdığını vurğulayıb: “Cənab Prezident İlham Əliyev Ulu Öndərimizin 100 illiyini Şuşa şəhərində keçirdi. Çünki dövlət başçımızın dediyi kimi, Ümummilli Liderin xatirəsinə hörmətin ən böyük göstəricisi məhz əməli işlərdə öz əksini tapmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin 100 illiyinin qeyd olunduğu vaxtda Qarabağ torpaqlarında olmağı böyük rəmzi məna daşıyır. Məsələ bundadır ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Ümummilli Lider Heydər Əliyevin Azərbayan SSR-ə rəhbərlik etdiyi illərdə bütün respublikada olduğu kimi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində də böyük quruculuq işləri aparılmışdır. O cümlədən Xankəndidə Azərbaycan büdcəsi hesabına partiya komitəsinin binası inşa olunmuşdur. Son 30 ildə isə, bu binada separatçılar oturur və bizi təhdid edirdilər. Onlar tanklarının Bakıya gələcəyini, özlərinin də paytaxtımızda çay içəcəklərini deyirdilər. Amma bu qondarma “prezidentlər” və “nazirlər” öz sözlərinə əməl edə bilməsələr də, Azərbaycan Prezidenti onların da arzularını həyata keçirdi. Bu gün həmin separatçılar həqiqətən də Bakıda, amma təcridxanada çay içirlər, onların tankları da Bakı bulvarında yaradılmış Hərbi Qənimətlər Parkında nümayişə qoyulub. Azərbaycan Bayrağı isə Şuşada, Xankəndidə və bütün Qarabağ ərazisində qaldırılıb və əbədi dalğalanacaqdır!” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024