Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan MDB çərçivəsində əməkdaşlıq əlaqələrini öz milli maraqları əsasında qurur”
Tarix: 14-10-2023 | Saat: 18:17
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan MDB çərçivəsində əməkdaşlıq əlaqələrini öz milli maraqları əsasında qurur”

“Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 1993-cü il sentyabrın 24-də MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur. Təşkilatın əsas fəaliyyət istiqaməti iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilib. Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Hazırda Azərbaycanın MDB ilə bağlı siyasəti təşkilata üzv dövlətlərlə əməkdaşlığın daha çox ikitərəfli formatda davam etdirilməsini nəzərdə tutur. Eyni zamanda da Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilməsində və bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Bişkekdə keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “İlk növbədə 13 oktyabr tarixində Bişkekdə keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər və əldə olunan nəticələr üzv ölkələr arasında gələcək əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. İclasda etdiyi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB üzvü olan ölkələrlə əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyini vurğuladı. O cümlədən Azərbaycan bu gün Qırğızıstanla mühüm birgə layihələr həyata keçirir. Mövcud əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Dövlətimizin başçısı həmçinin Qırğızıstanda son dövrlərdə müşahidə olunan sosial-iqtisadi inkişafı xüsusi qeyd edib. Bu da vurğulanıb ki, MDB çərçivəsində aparılan əməkdaşlığın əsas istiqamətlərindən biri də humanitar sahədir və Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfələr verir. Diqqətəlayiq məqamlardan biri də Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyinin dəstəklənməsi olub. Bu qərar MDB ölkələri arasında idman sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, eyni zamanda Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətin daha bir nümayişi olacaq.”

Fikirlərini davam etdirən N.Aslanov Azərbaycanın MDB-nin üzvü olan digər ölkələrlə iqtisadi əməkdaşlığının müsbət dinamika ilə davam etdiyini vurğulayaraq bunları deyib: “Öz çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Bu, əlbəttə ki, yüksək göstəricidir. Həmçinin Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. Birliyin bir çox ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr bütün Birlik ölkələrinin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına böyük töhfələr verəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024