Mobil versiya
Novruzəli Aslanov: “Zəngilanın azad olunması ilə bağlı mühüm məqamlardan biri Azərbaycanın öz sərhədlərinə nəzarəti geri qaytarmasıdır”
Tarix: 14-10-2023 | Saat: 09:50
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Zəngilanın azad olunması ilə bağlı mühüm məqamlardan biri Azərbaycanın öz sərhədlərinə nəzarəti geri qaytarmasıdır”

“Zəngilan Azərbaycanın işğal edilən sonuncu rayonu olmuşdur. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, erməni işğalçı ordusunun hücumlarına şiddətli müqavimət göstərən, yüzlərlə şəhid verən Zəngilan qonşu Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşmüşüdü. Bundan sonra rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci Xocalı faciəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. İşğala qədər Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. Lakin işğal dövründə erməni vandalları həmin cinarları doğrayaraq xarici ölkələrə satmaqla məşğul idilər. 27 il ərzində erməni işğalçıları qəsb etdikləri digər rayonlar kimi Zəngilanın da təbii sərvətlərini talan etmiş, qiymətli ağac növlərini, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətləri daşıyaraq aparmışlar. Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngin olmuşdur. İşğal dövründə onlarla məscid, ziyarətgah və tarixi-memarlıq abidələri tamamilə dağıdılmışdır.”

Bu sözləri aia.az açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədinin tam bərpa edilməsini xüsusi önəm daşıyan bir məqam kimi qeyd edib: “Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə başladığı Vətən müharibəsinin gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyat başlandı. Bundan cəmi iki gün sonra, oktyabrın 20-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə bağlı ən mühüm məqamlardan biri də budur ki, həmin əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi də tam bərpa edildi. İşğal dövründə ermənilərin öz çirkin məqsədləri üçün istifadə etdikləri 132 kilometrlik sərhəd zonası yenidən Azərbaycanın nəzarətinə keçdi və bu, əlbəttəki çox böyük nailiyyətdir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

Bu ilin 29 sentyabr tarixində Zəngilana növbəti səfəri çərçivəsində 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edən Prezident İlham Əliyevin çıxışında Şərqi Zəngəzurun və məxsusi olaraq Zəngilanın inkişaf perspektivlərinə dair yer almış açıqlamaların xüsusi maraqla qarşılandığını qeyd edən Novruzəli Aslanov həmçinin bildirib ki, bölgənin yol infrastrukturunun şaxələndirilməsi bu inkişafa təkan verən əsas amillərdən biri kimi çıxış edəcək: “Bu gün Azərbaycan üç il bundan əvvəl işğaldan azad etdiyi ərazilərində bütün dünyanın gözü qarşısında möhtəşəm bərpa-quruculuq işləri aparmaqla, həmin bölgələri sürətlə inkişaf etdirməklə özünün beynəlxalq nüfuzunu artırmaqda, mövqelərini daha da möhkəmləndirməkdədir. O cümlədən vüsətli quruculuq işləri bu gün Zəngilanda da aparılır. Zəngilan şəhərinin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi hazırda icra edilməkdədir. 2025-ci ildə isə bu şəhərin ilk sakinlərinin tarixi yaşayış yerlərinə qayıdacaqları gözlənilir. Cənab Prezident İlham Əliyevin sentyabrın 29-da, Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda etdiyi çıxışında qeyd olunduğu kimi, Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməklə strateji əhəmiyyətli nəqliyyat qovşağıdır. Hazırda bu potensialın reallaşdırılması məqsədilə bölgənin yol infrastrukturu surətlə şaxələndirilir. Həmçinin bölgədə sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası sürətlə davam etdirilir və tezliklə beynəlxalq nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Məlum olduğu kimi, bu layihə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və oradan da həmin dəmir yolu İran və Türkiyəyə keçərək, Avropaya çatacaq. Xüsusi olaraq qeyd olunmalıdır ki, Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafı baxımından böyük önəm kəsb edir. Bu amil gələcəkdə Zəngilanda xarici turistlərin də sayının artmasını təmin edəcək. Çünki füsunkar təbiəti, meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan Azərbaycanın ən gözəl guşələrindən biridir” – deyə, deputat fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024