Mobil versiya
Eltun Süleymanov: "Azərbaycan istiqlalının parlaq dühası"
Tarix: 31-08-2023 | Saat: 09:27
Bölmə:Gündəm / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: "Azərbaycan istiqlalının parlaq dühası"

“1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.
Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
1990-cı il sentyabrın 30-da keçirilən seçkilərdə ümummilli lider yekdilliklə Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında təkcə Naxçıvan üçün deyil, ümumilikdə, ölkəmiz üçün taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı.
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı.
Xalqımızın böyük oğlu tarixin ən çətin və məsuliyyətli anlarında Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıtmış, onun milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirmişdir. Taleyin hökmü ilə iki dəfə bu missiyanı üzərinə götürən ulu öndər hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qurtarmışdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Konstitusiya Aktında deyilirdi: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir."
Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmiş, ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmışdır. Dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti ərzində ərazinin erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Məhz ulu öndərin Naxçıvandakı siyasi fəaliyyəti dövründə torpaqlarımızın erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Müstəqilliyin başlanğıc illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın əsl dövlətçilik məktəbi funksiyasını həyata keçirmişdir.”

Eltun Süleymanov bildirmişdir ki, “Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı. Ulu Öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. Partiya Ulu Öndər ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir.
Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndərin böyük xidmətləri sayəsində Azərbaycan iqtisadiyyatına nəfəs verəcək qlobal layihələrə imza atılmış, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Qısa müddətdə ölkəmiz beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmağa başlamış, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edilmişdir. Bu dövrdə ordu quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirilmiş, Azərbaycan ordusunun maddi-texniki bazası dəfələrlə gücləndirilmiş, döyüş ruhu yüksəldilmiş, Silahlı Qüvvələrimiz dünyanın ən müasir silah-sursatları ilə təchiz olunmuşdur. Beynəlxalq aləmdə gündən-günə nüfuzu artan Azərbaycan həyata keçirdiyi qlobal layihələrlə də öz gücünü artırmış, bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə ən mühüm tranzit qovşağına çevrilmişdir. Heydər Əliyev siyasi yolunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada iqtisadi və siyasi sabitliyin qorunduğu, bütün sahələr üzrə davamlı inkişaf edən ölkələrdən birinə çevrilib. Azərbaycan bu siyasi kursa sadiq olmaqla bu gün beynəlxalq müstəvidə möhtəşəm nailiyyətlər ortaya qoyur. İqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə tam müstəqil dövlətə çevrilmiş Azərbaycanın mövqeyi regional və beynəlxalq məsələlərdə mütləq nəzərə alınır. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində ümummilli liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır. Neft və qeyri-neft sektorunun inkişafı, aqrar islahatların aparılması, insan amilinin yüksək dəyərləndirilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, texnologiya kimi ən müxtəlif sahələrdə mühüm uğurların qazanılması bunu bir daha sübut edir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024