Mobil versiya
Qalib Azərbaycanın üçrəngli bayrağı Zəfər zirvəsində dalğalanır
Tarix: 05-11-2026 | Saat: 12:39
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qalib Azərbaycanın üçrəngli bayrağı Zəfər zirvəsində dalğalanır

Dövlət rəmzləri arasında bayraq xalqın milli kimliyini, azadlıq istəyini və müstəqil yaşamaq əzmini özündə birləşdirən atributdur. Azərbaycan üçün üçrəngli bayraq həm zəngin dövlətçilik tariximizin yadigarı, həm də müasir dövlətimizin suverenliyinin ifadəsidir.

Ümummilli Lider Heydər Əliyevin dövlət bayrağına verdiyi yüksək qiymət milli rəmzin mahiyyətinin göstəricisidir: “O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu yanaşma bayrağın yalnız rəsmi atribut deyil, hər bir azərbaycanlının qəlbində yaşatmalı olduğu milli dəyər olduğunu təsdiqləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul etdiyi üçrəngli bayraq milli dövlətçilik tariximizin ən dəyərli yadigarlarından biridir. Bayrağımızın rəngləri xalqımızın dünyagörüşünü, tarixi köklərini və gələcəyə baxışını ifadə edir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasir cəmiyyət qurmaq, tərəqqiyə və demokratik dəyərlərə yönəlmək istəyimizi, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu əks etdirir. Bu rənglər bir araya gələrək Azərbaycan xalqının milli-mənəvi dünyasını və müstəqil dövlətçilik ideallarını təcəssüm etdirir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli dövlətçilik təcrübəsi ilə başlasa da, onun ifadə etdiyi ideallar sonrakı nəsillərin yaddaşında yaşamaqda davam etdi.

Sovet hakimiyyəti dövründə dövlət rəmzi statusunu itirən bayrağımızın yenidən yüksəldilməsi milli istiqlal düşüncəsinin bərpası demək idi. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağımızın qəbul edilməsi bu istiqamətdə atılmış tarixi addım oldu. 1991-ci il fevralın 5-də bayrağımız Azərbaycan Respublikasının dövlət rəmzi kimi yenidən təsdiqləndi. Həmin ilin oktyabrında dövlət müstəqilliyinin bərpası ilə üçrəngli bayrağımız müstəqil Azərbaycanın suverenliyini təcəssüm etdirən əsas atributlardan birinə çevrildi.

Müstəqil Azərbaycanın inkişafında dövlət rəmzlərinin qorunması və təbliği daim diqqət mərkəzində olub. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-nun Dövlət Bayrağı Günü elan edilməsi üçrəngli bayrağımıza ehtiramın daha da möhkəmlənməsinə xidmət edib. Bu əlamətdar gün hər il xalqımızı milli tarix, müstəqillik və dövlətçilik dəyərləri ətrafında birləşdirir.

Bayrağımızın tarixində xüsusi yer tutan hadisələrdən biri də onun azad edilmiş torpaqlarımızda ucaldılmasıdır. Uzun illər xalqımızın qəlbində yaşayan bu arzu 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə ilə gerçəkləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda mübarizədə misilsiz qəhrəmanlıq göstərdi. İşğaldan azad edilmiş ərazilərdə üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin bərpasının və xalqımızın yenilməz iradəsinin rəmzinə çevrildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər şəhər və kəndlərimizdə dalğalanan bayrağımız şəhidlərin müqəddəs amalının gerçəkləşdiyini nümayiş etdirdi. 2023-cü ilin sentyabrında suverenliyin ölkəmizin bütün ərazilərində tam bərpa olunması bu tarixi yolun mühüm nəticəsi oldu.

Bu gün bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması ilə yanaşı, həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də dövlətimizin gücünü nümayiş etdirir. Yenidən qurulan şəhərlər, salınan kəndlər, doğma yurdlarına qayıdan ailələr Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir. Bayrağımız bu torpaqlarda həm suverenliyin, həm də yeni həyatın rəmzidir.

Dövlət bayrağı xalqı birləşdirən, ortaq dəyərləri yaşadan və milli həmrəyliyi möhkəmləndirən mühüm amildir. İdman yarışlarında idmançılarımızın qələbəsi şərəfinə bayrağımızın yüksəldilməsi, beynəlxalq tədbirlərdə dövlətimizin rəmzi kimi dalğalanması hər bir azərbaycanlıda qürur hissi yaradır. Bayraq yalnız dövlət sərhədləri daxilində deyil, dünyanın hər yerində azərbaycanlıları birləşdirən mənəvi dəyərdir.

Dövlət rəmzlərinə hörmət hər bir vətəndaşın məsuliyyətidir. Xüsusilə gənc nəslin bayrağımızın tarixini, rənglərinin mənasını və onun uğrunda aparılmış mübarizəni bilməsi vacibdir. Milli rəmzlərə sevgi vətənpərvərlik tərbiyəsinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, müstəqil dövlətimizin gələcəyinə bağlılığın da ifadəsidir.

9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın keçdiyi tarixi yolu xatırlamaq, milli birliyimizi möhkəmləndirmək və müstəqilliyimizin qədrini bilmək üçün əlamətdar fürsətdir. Üçrəngli bayrağımız keçmişin şanlı səhifələrini, tarixi Zəfəri və sabahımıza olan inamı özündə birləşdirir.

Azərbaycan bayrağı daim yüksəklərdə dalğalanmağa layiqdir. Çünki onun ucalığında xalqımızın azadlıq iradəsi, dövlətimizin suverenliyi, ordumuzun qəhrəmanlığı və gələcək nəsillərə ötürülən müstəqillik əmanəti var. Bu bayraq Azərbaycanın dünənini, bu gününü və sabahını birləşdirən dövlətçilik rəmzidir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2026