Mobil versiya
Heydər Əliyev və Azərbaycan mədəniyyəti
Tarix: 16-06-2023 | Saat: 16:30
Bölmə:Özəl | çapa göndər

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Xalqımız öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Milli-mənəvi dəyərlərimizin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür.
Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlamışdır.
Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilirdi. Musiqi hər insanın ruhunun qidası olduğu kimi, bu böyük dahi şəxsiyyətin də incə ruhu musiqi ilə qidalanırdı. Böyük bəstəkarların musiqilərini yüksək dəyərləndirir, konsertlərə qatılırdı. Görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevə “İstiqlal” ordeni təqdim edərkən nitqində (6 sentyabr 2002-ci il): Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir.”
XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrinin bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Cəmiyyətin aparıcı ideologiyasını təmsil edən ədəbiyyatın insanlar üçün gələcəyin yolunu işıqlandıran bir məktəb olduğunu məruzə və çıxışlarında dönə-dönə vurğulayan ulu öndər "şübhəsiz ki, insanlara şeir, ədəbiyyat, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” - deməklə, ədəbiyyatın milli mentalitetin formalaşmasında mühüm rolunu izah edib. Demək olar ki, elə ədib yoxdur ki Heydər Əliyev onun haqqında söz söyləməmiş, münasibət bildirməmiş olsun. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqində milli dramaturgiyamızın banisi haqqında demişdir:“Mirzə Fətəli Axundov İslam dəyərlərini ən gözəl bilən şəxsiyyətlərdən biri olubdur. O, İslam dəyərlərinə çox sadiq bir insan olubdur. Amma eyni zamanda o, Azərbaycanın milli-mənəvi dəyərlərini, İslam dəyərlərini ümumbəşəri, Avropa dəyərləri ilə zənginləşdirərək dahiyanə və xalqımızın inkişafına çox böyük təsir göstərmiş əsərlər yaratmışdır.” Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədə çıxışında demişdir (10 iyun 1995-ci il):“Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”
"Heydər Əliyev hakimiyyətinin həm birinci dövrü (1969-1983), həm də ikinci dövrü (1993-2003) Azərbaycanın ictimai həyatının bütün sahələrində olduğu kimi, Azərbaycan ədəbiyyatının da dünyada daha ünlü, daha bəşəri tanınması və qəbul olunması dövrüdür” - deyə Xalq şairi Nəriman Həsənzadə Ulu öndərin ədəbiyyata qayğısını məhəbbətlə xatırlayır: "Məni "Ədəbiyyat və incəsənət” qəzetinə Heydər Əliyev baş redaktor təyin etdi. Həsən Həsənov "26-lar” rayonunun birinci katibi idi. "Heydər Əliyev səninlə görüşmək istəyir. Ona "yox” demə” - dedi. Heydər Əliyev məni qəbul elədi. Mən onda Yazıçılar İttifaqında partkom idi. "Ədəbiyyat” qəzetində baş redaktor işlə”, - dedi. Dedim, Heydər Əliyev, orda-burda, iki yerdə bacarmaram. "Ədəbiyyat” qəzetinin üstündə dayandı. İnanın, qəzetin hər nömrəsini Heydər Əliyevlə bir yerdə buraxırdıq. Hər nömrəni oxuyurdu. Altı aydan sonra qəzetin üç illik fəaliyyətini Mərkəzi Komitənin bürosunda müzakirəyə qoydular. "Qəzet pis çıxır” - deyənlər az deyildi. Yazıçılar İttifaqının katibi də deyirdi ki, qəzet pis çıxır. Mənə söz verəndə, dedim, Heydər Əliyeviç, bilmirəm, haradan başlayım, harada qurtarım, çünki üç illiyi yoxlayırlar, mən də altı aydır baş redaktoram. Dedi: "Haradan istəyirsən başla, harada istəyirsən qurtar”. Danışdım, sonra özü qalxıb ayağa dedi ki, qəzeti oxuyuram, qəzet yaxşı çıxır. Heydər Əliyev büroya qarşı getdi. Ondan sonra soruşdu ki, qəzetə nə lazımdı? Mən də nə lazım idisə, hamısını dedim. Bizim rəhbərlərdən biri dedi ki, ola bilsin, "İzvestiya” qəzetinin mebelləri yaxşı deyil, ancaq qəzeti buraxırlar. Heydər Əliyev də dedi ki, bəs bunları harada desin? "Ədəbiyyat” qəzetinə maliyyə ayırdı, avtomabil verdi. Biz onun qayğısı ilə əhatə olunduq. Bu, əslində ulu öndərin ədəbiyyata qayğısı idi”.
Cənubi Azərbaycanda inkişaf edən anadilli ədəbiyyat da incəsənət hamisinin diqqətində idi. Dahi şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyi mərasiminin iştirakçılarına müraciətində bildirmişdir (11 aprel 1998-ci il)|: “Böyük vətənpərvər şair-filosofumuz Məhəmmədhüseyn Şəhriyar klassik irs və müasir ədəbi həyatla bağlı bir sənətkar olmuşdur. O, böyük sənətkar, klassik-romantik poeziyanın mütərəqqi ənənələri ilə bədii ünsiyyətini qoruyaraq, dövrünün novator sənətkarı kimi çağdaş şeirin inkişafında müstəsna rol oynayan yeni ədəbi məktəbin yaranmasına nail olmuşdur.”
Kino xadimləri deyirlər ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edilib, "Azərbaycanfilm”in fəaliyyətində canlanma yaranıb. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən işləməyə sövq edib. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bir çox filmlər məhz ulu öndərin təşəbbüsü ilə yaranıb. "Uzaq sahillərdə”, "İstintaq”, "Bir cənub şəhərində”, "Nəsimi”, "Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq məktəbi, Azərbaycan rəssamları dünya miqyasında görkəmli yer tutmuşlar. Bunu bütün dünya rəssamlarının işləri ilə tanış olan bir adam kimi, onlarla müqayisə edərək tam əsaslı deyə bilərəm. Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmalarına şərait təmin etməliyik.” Ümumiyyətlə Rəssamlar ümummilli liderimiz Heydər Əliyevi özlərinə daha yaxın hesab edirdilər. Görünür, Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939-1941) bunu deməyə əsas verir. Ulu öndər rəssamların yaradıcılıq şəraitinin yaxşılaşdırılması barədə düşünürdü. 
İran rəssamı Vədud Müəzzinin fərdi sərgisinin açılış mərasimində nitqində demişdir (9 oktyabr 2002-ci il):“Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar.”
İncəsənətin və elmin bütün sahələrinə xüsusi diqqət və maraqla yanaşan Heydər Əliyev alimlərimizə olan diqqətini konfranslarda, xüsusi tədbirlərdə tez-tez vurğulamış, onların üzərindən diqqətini əsirgəməmiş, elmin inkişafına şərait yaratmaq üçün maddi və mənəvi dəstəyini göstərmişdir.
Görkəmli alim və cərrah Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi yubileyinə həsr olunmuş təntənəli gecədə çıxışında deyirdi (14 oktyabr 1995-ci il):“Mustafa bəy Topçubaşov nadir bir sima və nadir bir insan olmuşdur. Adamlar üçün vacib olan bir sahə və onların sağlamlığının qorunması, insanların xəstəliklərdən xilas olması, sağlam insan yetişdirilməsi cəmiyyət üçün həm keçmişdə, həm indi, həm də gələcəkdə mühüm olan bir sahədir. Mustafa bəy Topçubaşovun öz fəaliyyətini bu sahəyə həsr etməsi heç də təsadüfi deyildir. Bu onun daxili mənəviyyatı ilə bağlıdır. Bütün həyatı, yaradıcılığı, fəaliyyəti göstərir ki, o, şüurlu olaraq bu sənətdən başlayıbdır. Ancaq yaşadıqca, yaratdıqca onun fəaliyyət dairəsi genişlənib, böyük alim, ictimai-siyasi xadim olubdur. Azərbaycan xalqının formalaşmasında, milli təfəkkürün inkişafında, xalqımızın ağır xəstəliklərdən qurtulmasında, elmimizin, təhsilimizin inkişaflarında böyük xidmətlər göstəribdir.” Akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr edilmiş gecədə nitqində (10 sentyabr 1996-cı il):“Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir.”

Heydər Əliyevin incəsənət və elm adamları haqqında söylədikləri haqqında çox uzun danışmaq olar. Hətta danışmaqla bitirmək olmaz. Fikrimi Öndərin sözləri ilə də bitirmək istiyəyirəm: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.

16 nömrəli texniki -humanitar liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Qarayeva Elnarə








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025