Mobil versiya
Türk birliyinin gələcək inkişaf yolu
Tarix: 09-10-2025 | Saat: 10:26
Bölmə:Siyasət | çapa göndər

Türk birliyinin gələcək inkişaf yolu

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü həm regional, həm də qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi yadda qaldı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu və strateji baxışlara əsaslanan çıxışı zirvənin ideya istiqamətini, mahiyyətini və ruhunu müəyyənləşdirdi. Bu çıxış sadəcə nitq deyil, Türk birliyinin gələcək inkişaf yolunu və yeni geosiyasi reallığını əks etdirən siyasi konsepsiya idi. Dövlət başçısının “Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən birinə çevrilir” fikri həm milli qüruru, həm də strateji məsuliyyəti ifadə edirdi. Cənab Prezident İlham Əliyev vurğuladı ki, təşkilatın beynəlxalq nüfuzu artır, siyasi çəkisi və təsir gücü genişlənir. Qəbələdən səslənən bu sözlər Türk dünyasının XXI əsrin beynəlxalq nizamında layiqli yer tutduğunu nümayiş etdirdi. “Ortaq tariximiz, etnik köklərimiz və mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir,” – deyən Prezident bu birliyi sarsılmaz mənəvi dayaqlar üzərində qurulmuş siyasi mərkəz kimi qiymətləndirdi. Azərbaycanın təşkilata verdiyi real dəstək, xüsusən Katibliyin hesabına 2 milyon ABŞ dolları ianə köçürməsi, ölkəmizin bu istiqamətdəki qətiyyətli mövqeyinin göstəricisidir. Qəbələ zirvəsində Cənab Prezident İlham Əliyev sülh və təhlükəsizliyin dayanıqlı inkişaf üçün əsas şərt olduğunu vurğuladı: “Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.” Prezident Naxçıvan Sazişinin mahiyyətinə toxunaraq bildirdi ki, sülhün qorunması və təhlükəsizlik təşkilatın əsas məqsədlərindən biridir. O, həmçinin Şuşada qəbul edilən Qarabağ Bəyannaməsini xatırladaraq, Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin strateji zərurətə çevrildiyini qeyd etdi. Beynəlxalq hüququn tez-tez pozulduğu, yeni münaqişə ocaqlarının yarandığı dövrdə Prezidentin “ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıq mühüm əhəmiyyət daşıyır” fikri bütün Türk dünyası üçün çağırış xarakteri daşıyırdı.Cənab Prezident İlham Əliyevin “2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi” təklifi bu istiqamətdə konkret və praktiki təşəbbüs kimi diqqət çəkdi. Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı parlaq Qələbəni və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticəsində ölkəmizin tam ərazi bütövlüyünün bərpasını xüsusi vurğuladı. “Bu tarixi nailiyyət təkcə Azərbaycanın milli iradəsinin təntənəsi deyil, həm də bölgədə ədalətin və sülhün bərqərar olunmasının rəmzidir,” – deyə dövlət başçısı qeyd etdi. O, əlavə etdi ki, Vaşinqtonda paraflanması nəzərdə tutulan sülh sazişi Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyacaq. “Atdığımız addımlar Azərbaycanın sülh təşəbbüslərinin reallığını bir daha göstərdi,” – deyən Prezident, beynəlxalq ictimaiyyətə Azərbaycanın sülhün təminatçısı olduğunu bir daha xatırlatdı. Dövlət başçısı şəhidlərin ruhuna dərin ehtiramını bildirərək dedi: “Biz Ermənistanın işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin xatirəsi bizim üçün müqəddəsdir. Onların qanını döyüş meydanında aldıq, torpaqlarımızı azad etdik və ədalətli sülhə nail olduq.”Cənab Prezident həmçinin Türk dünyasının gələcəyini müəyyən edən əsas istiqamətlərdən – nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın önəmini vurğuladı. “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olaraq Türkiyə ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır,” – deyən.Cənab Prezident İlham Əliyev qeyd etdi ki, Orta Dəhliz üzrə yükdaşımalar son illərdə 90 faiz artıb, tranzit müddətləri isə azalıb. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və 9 beynəlxalq hava limanı Azərbaycanın regional logistik mərkəzə çevrildiyini sübut edir. Prezident Zəngəzur dəhlizinin açılmasını “Orta Dəhliz və Şimal–Cənub istiqamətində yeni nəqliyyat arteriyası” kimi dəyərləndirərək onun beynəlxalq əhəmiyyətini önə çəkdi.Enerji təhlükəsizliyi məsələsinə də toxunan dövlət başçısı bildirdi: “Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təminində etibarlı və vacib tərəfdaş kimi çıxış edir. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik.” Bununla yanaşı, Prezident bərpa olunan enerji sahəsində həyata keçirilən layihələri də qeyd etdi və vurğuladı ki, 2030-cu ilə qədər ölkədə enerji istehsalının 40 faizi günəş, külək və su elektrik mənbələrindən təmin ediləcək. Qəbələ Zirvəsi bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız tarixi bağların deyil, müasir dünyanın formalaşdırdığı real siyasi gücün rəmzidir. Cənab Prezident İlham Əliyevin uzaqgörən və strateji baxışları təşkilatın gələcək inkişaf xəritəsini müəyyən etdi. Bu zirvədən yayılan əsas mesaj isə açıqdır: Türk birliyi sarsılmazdır, onun təməli qardaşlıq, iqtisadi güc və ədalət prinsiplərinə söykənir.

Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2025