Mobil versiya
Türk dünyasının birliyi sarsılmazdır
Tarix: 09-10-2025 | Saat: 10:21
Bölmə:Siyasət | çapa göndər

Türk dünyasının birliyi sarsılmazdır

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə cənab Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, bu gün Azərbaycanın təşəbbüsləri türk dünyasının artıq sadəcə mədəni və tarixi birliyə deyil, eyni zamanda iqtisadi, nəqliyyat və enerji inteqrasiyasına əsaslanan güclü geosiyasi məkan kimi formalaşmasına mühüm töhfələr verir. Dövlət başçısının səsləndirdiyi fikirlər TDT-nin gələcək fəaliyyətinin əsas istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi: strateji nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyinin təminatı və iqtisadi əməkdaşlığın dərinləşməsi.
Azərbaycan uzun illərdir ki, qlobal tranzit və logistika şəbəkəsində etibarlı tərəfdaş kimi tanınır. Cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, ölkəmiz həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm halqasıdır. 2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması, tranzit müddətlərinin ciddi şəkildə azalması Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyaların real nəticəsidir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, regionun ən böyük yükdaşıma aviaşirkəti və doqquz beynəlxalq hava limanı ölkəmizin logistika imkanlarını daha da genişləndirir. Bu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının iqtisadi inteqrasiyasına xidmət edən strateji potensialdır. Cənab Prezidentin çıxışında xüsusi vurğulanan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması idi. Bu dəhliz, faktiki olaraq, türk dünyasını birləşdirən yeni nəqliyyat arteriyasıdır. O, həm Orta Dəhliz, həm də Şimal–Cənub marşrutunun ikinci istiqaməti kimi çıxış edəcək. Beləliklə, Azərbaycan həm coğrafi, həm də iqtisadi mənada Mərkəzi Asiya ilə Türkiyə arasında körpü rolunu gücləndirir. Bu layihə türk dövlətləri arasında əlaqələri möhkəmləndirməklə yanaşı, Avrasiya məkanında alternativ və təhlükəsiz logistika sisteminin formalaşmasına da töhfə verir.
Bu gün Azərbaycan enerji sahəsində artıq təkcə regional lider deyil, həm də qlobal oyunçuya çevrilib. Ölkəmiz hazırda 14 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə bu sahədə birinci yerdədir. Şaxələndirilmiş enerji kəmərləri sayəsində Azərbaycan Xəzər regionunu Avropa bazarları ilə birləşdirən əsas strateji halqadır. Bu, yalnız iqtisadi üstünlük deyil, həm də siyasi məsuliyyət tələb edən bir mövqedir. Azərbaycan bu məsuliyyəti tam şəkildə daşıyır və enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi çıxış edir. Dövlət başçısının çıxışında diqqətçəkən digər mühüm istiqamət yaşıl enerjiyə keçiddir. Günəş, külək və su elektrik enerjisi layihələri üzrə aparılan genişmiqyaslı işlər Azərbaycanın enerji siyasətinin müasir çağırışlara uyğunluğunu göstərir. Beləliklə ölkəmiz “yaşıl enerji dəhlizi” konsepsiyasını türk dövlətlərinin və Avropanın birgə layihəsinə çevirir. Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə sərmayə fondları yaratması da iqtisadi inteqrasiyanın mühüm nümunəsidir. Bu, yeni bir türk güc xəritəsinin formalaşması deməkdir. Qəbələdən verilən bu strateji mesaj təkcə bugünkü nəsil üçün deyil, həm də gələcək inteqrasiya mərhələsinin ideoloji təməlidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2025