Mobil versiya
AZƏRBAYCANDA DAĞLIQ QARABAĞ ADLI ƏRAZİ VAHİDİ YOXDUR
Tarix: 22-02-2023 | Saat: 12:02
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCANDA DAĞLIQ QARABAĞ ADLI ƏRAZİ VAHİDİ YOXDUR

Bu il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda baş tutan plenar iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatında ölkəmizin siyasi qələbəsinin növbəti təntənəsinə şahidlik etdik. Ermənistanın başıbəlalı baş naziri Nikol Paşinyanın təqdimatında isə rəzil qonşularımızın siyasətinin növbəti “Münxen biabırçılığı”nı izlədik. Bunu təkcə biz demirik. İki gündür danışmaqdan yorulmayan Ermənistan politoloqları, eləcə də mətbuatı yazır ki, Prezident İlham Əliyev Ermənistanı və baş nazirini dünya birliyi qarşısında yenə də “sındırdı”. Bu şəxs sanki hakimiyyətə gəldiyi ilk gündən üzərinə öhdəlik götürüb ki, olmayan dövlətini, xalqını və millətini fürsət düşən kimi ən üst tribunalarda məntiqsiz şərhləri, anlaşılmayan rabitəsiz fikirləri ilə biabır etsin. Əks halda o, belə bir yüksək səviyyəli interaktiv müzakirəyə ümumiyyətlə, qoşulmamalı idi. Axı, Nikol Paşinyan nə az, nə çox 2 il bundan əvvəl 2020-ci ilin məhz fevral ayında, məhz Münxen şəhərində bu formada acınacaqlı duruma düşmüşdü. Onun o zaman Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirəsində çaşsa da, doğruları söyləyərək, ancaq işlətdiyi “Kokeyşn büro” deyimi, dillər əzbərinə çevirilərək, şəxsini məzhəkə obyektinə çevirmişdi.

Nə qədər xəstə təxəyyülün məhsulu olasan ki, dünya tərəfindən tanınan ərazisinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxladığın ölkəni işğalçılıqda ittiham edəsən və ya elə bu müddət qədər Naxçıvanı blokada şəraitində saxladığını görməzdən gələrək, rus sülhməramlıların müvəqqəti nəzarətində olan torpaqlarda illərlə törətdiyiniz ekoloji cinayətlərə 70 gündür ki, ekofəallarımızın Xankəndi-Laçın yolunda keçirdikləri dinc aksiyanı bölgənin azsaylı erməni vətəndaşlarını humanitar bolokada da saxlamaq kimi dəyərləndirəsən.
Tarixin ironiyasına bir baxın ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın erməni silahlı birləşmələrin və separatçı qalıqların bölgəni tamamilə tərk etməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərə əməl etməyən bir ölkənin baş naziri “Laçın dəhlizi”nin açıq saxlanması müddəasına riayət olunmaması ilə əlaqədar Azərbaycan tərəfini günahlandırır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev isə həmişə olduğu kimi, səlis, aydın, məntiqli cavabları ilə Ermənistan və onun havadarlarına bir çox mühüm mesajlarını çatdırmış oldu ki, onları aşağıdakı kimi ümumiləşdirmək olar:

Birincisi, Azərbaycanın ərazisində artıq “Dağlıq Qarabağ” adlı ərazi vahidi olmadığı üçün rusdanqalma bu kəlməni leksikondan birdəfəlik çıxarmaqla Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etmək hamının borcudur.

İkincisi, Qarabağda yaşayan ermənilər öz vətəndaşlarımız olduğu üçün yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında aparılacaq sülh danışıqlarında Qarabağ müddəası heç vaxt olmayacaq. Çünki bu məsələ artıq Azərbaycanın daxili işidir. Belə olan halda Qarabağda toplu şəkildə yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələsini müzakirə etmək üçün erməni icmasının üzvləri ilə danışıqlar, ancaq bir şərtlə - Rusiyadan ixrac olunan Ruben Vardanyan kimi separatçı tör-töküntüləri bölgəni tərk etdikdən sonra mümkün olacaq.

Üçüncüsü, həm Azərbaycanın qərb regionunu Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin qurtaracağında, həm də Laçınla Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.

Dördüncüsü, dövlətimiz bütün dönəmlərdə sülh tərəfdarı olsa da təəssüf ki, yaşadığı təcrübədə bu xoşməramlı, sülhpərvər niyyəti ona kömək etməyib. Nəticədə BMT-nin 51-ci fəslinin verdiyi haqq və hüquqlardan istifadə edərək ədaləti qolunun qüvvəsi ilə həll etmək məcburiyyətində qaldı. Bəli, əgər 44 günlük Vətən müharibəsində torpaqlarımızı güc yolu ilə işğaldan azad etməsəydik, 28 il sürən mənasız sülh danışıqları daha 28 il davam edəcəkdi.

Nəhayət, beşincisi, Qafqaza gətirdiyimiz reallıqları müharibədən dərhal sonra keçirilən seçkilərdə Nikol Paşinyan hökumətinə yenidən ehtimad göstərməklə erməni xalqının qəbul etdiyi kimi hər kəsin, o cümlədən danışıqlarda tərəf tutmaqla, bir növ ona olan inamımızı sarsıdan Fransa kimi Ermənistanın bütün dostlarının başa düşməsi lazımdır. Əks halda bundan yenə də Ermənistan zərər görəcək...

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2025