Mobil versiya
15 oktyabr 2023 Prezident İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına müraciəti
Tarix: 14-10-2025 | Saat: 19:48
Bölmə:Siyasət | çapa göndər

15 oktyabr 2023 Prezident İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına müraciəti

Prezident İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına müraciəti – Qələbə salnaməsinin zirvəsi

15 oktyabr tarixi Azərbaycan dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldı. Məhz bu gün Prezident İlham Əliyev Azərbaycanın qədim şəhəri Xankəndidən – uzun illər boyu düşmən tapdağı altında olmuş, lakin 2023-cü ilin sentyabrında parlaq antiterror əməliyyatı ilə azad edilmiş bu müqəddəs torpaqdan Azərbaycan xalqına tarixi müraciət etdi.

Bu çıxış sadəcə bir siyasi bəyanat deyil, tarixi ədalətin təntənəsi, xalq iradəsinin zəfəri, müstəqilliyin və suverenliyin əbədi rəmzi idi. Prezident İlham Əliyev Xankəndidən səsləndiyi bu müraciətlə bir daha göstərdi ki, Azərbaycan dövləti artıq bölgənin aparıcı güc mərkəzidir, Qarabağ problemi isə birdəfəlik tarixə qovuşub.

Prezident İlham Əliyev çıxışında ötən 20 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna xüsusi diqqət çəkdi. 2003-cü ildə xalqın etimadı ilə ali hakimiyyətə gələn dövlət başçısı bu illər ərzində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirdi, ölkəni regional və qlobal miqyasda tanıtdı.

İqtisadi islahatlar, ordu quruculuğu, beynəlxalq nüfuzun artması, diplomatik çevikliyin formalaşması və milli həmrəyliyin güclənməsi – bütün bunlar İlham Əliyevin uzaqgörən rəhbərliyinin nəticəsidir. Xankəndidəki müraciət zamanı Prezidentin “Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik” sözləri bu 20 illik zəhmətin və qətiyyətin məntiqi yekunu idi.
Azərbaycan Ordusunun 2020-ci ilin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, yalnız 44 gün ərzində düşməni kapitulyasiyaya məcbur etməsi dövlətin hərbi qüdrətini və xalqın birliyini nümayiş etdirdi.

Prezident İlham Əliyev xatırlatdı ki, 2023-cü ilin sentyabrında keçirilmiş 23 saatlıq antiterror tədbirləri bir daha sübut etdi: Azərbaycan Ordusu istənilən vəzifəni qısa müddətdə, dəqiqliklə və peşəkarlıqla yerinə yetirə bilir.

Bu uğurlar təsadüfi deyil. Onların təməli illər əvvəl Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilmiş güclü ordu modelinə əsaslanır.
Prezident İlham Əliyev çıxışında antiterror tədbirlərinin qaçılmazlığını və zəruriliyini xüsusi vurğuladı. Ermənistan illər boyu sülh danışıqlarından yayınaraq, işğal faktını qorumağa çalışırdı. Beynəlxalq vasitəçilər isə ədaləti deyil, status-kvonu “dondurmaq” istəyirdilər.

Azərbaycan bu vəziyyətlə barışmadı. Dövlət başçısının qətiyyəti, xalqın iradəsi və ordunun rəşadəti nəticəsində torpaqlarımızın hər qarışı azad edildi, suverenlik bərpa olundu, separatizm kökündən məhv edildi.

Xankəndidəki Azərbaycan bayrağı bu zəfərin simvoluna çevrildi.
Prezident İlham Əliyev müraciətində 100 il öncə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin heç bir tarixi, coğrafi və siyasi əsasının olmadığını xatırlatdı. Bu, sovet siyasətinin süni məhsulu idi və Azərbaycanın gələcək inkişafına vurulmuş zərbə kimi qiymətləndirilməlidir.

Sonrakı onilliklər ərzində xalqımız saysız faciələrlə üzləşdi, 1 milyondan çox insan didərgin düşdü. Lakin bütün bu çətinliklər Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Prezidentin sözləri ilə desək, “Əyilmədik, sınmadıq, heç kim bizim yanımızda olmasa da, öz gücümüzə güvəndik və qalib gəldik.”
Prezident İlham Əliyev Xankəndidən etdiyi müraciətdə atasının – Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünə də xüsusi toxundu. 1969-1982-ci illərdə Azərbaycan SSR-də sabitlik hökm sürür, Qarabağda sosial-iqtisadi yüksəliş yaşanırdı.

Məhz həmin illərdə Sərsəng və Suqovuşan su anbarları tikilmiş, Ağdam-Xankəndi dəmir yolu çəkilmiş, bölgə iqtisadi və mədəni baxımdan canlanmışdı. Xankəndidə bu gün mövcud olan bir çox tikililər həmin illərin məhsuludur. Bu faktlar bir daha sübut edir ki, Heydər Əliyev siyasəti Qarabağın inkişafına yönəlmişdi, separatizmə yox.
Prezident İlham Əliyev Xankəndidəki müraciətində qondarma qurumun “rəhbərlərinin” taleyindən bəhs edərək revanşist qüvvələrə ciddi mesaj verdi: “Əgər Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.”

Bu xəbərdarlıq regionda sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olması üçün vacibdir. Azərbaycan artıq diqtə edən tərəfdir. Dövlətimizin iradəsi, ordumuzun gücü və xalqın birliyi bu reallığı dəyişməz edir.
Bu gün Xankəndidə dalğalanan üçrəngli Azərbaycan bayrağı yalnız bir şəhərin deyil, bütöv bir xalqın azadlıq arzularının təntənəsidir.
Prezident İlham Əliyevin Xankəndidən xalqa müraciəti Azərbaycanın müasir tarixində milli birliyin, dövlət suverenliyinin və ədalətin rəmzidir. Bu müraciət Ulu Öndər Heydər Əliyevin “Güclü dövlət, qüdrətli xalq” ideyasının reallığa çevrildiyini bir daha təsdiq edir.

Azərbaycan bu gün qalib dövlətdir, qalib xalqın qalib lideri ilə gələcəyə inamla addımlayır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025