Mobil versiya
Xaçmazda şəhid Rəşid Mədinovun anım günü qeyd olunub -Fotolar
Tarix: 14-10-2025 | Saat: 21:02
Bölmə:Ölkə | çapa göndər

Xaçmazda şəhid Rəşid Mədinovun anım günü qeyd olunub

14 oktyabr 2025-ci il tarixində 44 günlük Vətən müharibəsi şəhidi, UNEC nəzdində Sosial-İqtisadi Kollecin məzunu Rəşid Nəzər oğlu Mədinovun anım mərasimi Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində keçirilib.

aia.az xəbər verir ki, tədbirdə UNEC nəzdində Sosial-İqtisadi Kollecin kollektivi, şəhidin ailə üzvləri, məktəb müəllimləri, şagirdlər və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək onun əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə UNEC nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev çıxış edərək şəhidin xatirəsinin kollektiv tərəfindən daim uca tutulduğunu bildirib. O,
Rəşid Mədinovun həm təhsil, həm də xidmət illərində nümunəvi davranışı, vətənpərvərliyi və fədakarlığı ilə gənclərə örnək olduğunu qeyd edib.
UNEC nəzdində Sosial-İqtisadi Kollecin tədris hissə müdiri Azər Mustafa şəhidin təhsil illərindəki nailiyyətlərindən danışaraq bütün şəhidlərimizin bu gün gənc nəsil üçün ən böyük nümunə olduğunu diqqətə çatdırıb.

UNEC nəzdində Sosial-İqtisad Kollecin “Bank işi” şöbəsinin müdiri Şahgül Qardaşəliyev isə çıxışında şəhidlərin ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, Rəşid Mədinovun xatirəsinin UNEC nəzdində Sosial-İqtisadi Kollecdə daim ehtiramla anıldığını vurğulayıb.
Tədbirdə Xaçmaz rayon, Yeni Həyat qəsəbəsi Nazim İsayev adına tam orta məktəbin direktoru Adil Mədətov da çıxış edərək şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu qeyd edib. Mərasimdə məktəbin şagirdləri şəhidin xatirəsinə həsr olunan şeirlər səsləndirib, müəllimlər isə onun məktəb illərindəki xatirələrini bölüşüblər.
Daha sonra iştirakçılar Rəşid Mədinovun ev muzeyini ziyarət ediblər.

Şəhidin atası Nəzər Mədinov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevə, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollecin kollektivinə və Nazim İsayev adına tam orta məktəbin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Rəşid Mədinov 2002-ci ildə Nazim İsayev adına tam orta məktəbin I sinfinə daxil olub, 2015-ci ildə UNEC nəzdində Sosial-İqtisadi Kolleci “Bank işi” ixtisası üzrə bitirib. Həqiqi hərbi xidmətini Murovdağda keçən Rəşid Aprel döyüşlərində fərqlənib.

Vətən müharibəsi başlayarkən yenidən ordu sıralarına
qoşulan Rəşid Mədinov Füzuli uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək 2020-ci il oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən Rəşid Mədinov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2025