Mobil versiya
Xocalı soyqırımı - XX əsrin ən dəhşətli faciələrindəndir
Tarix: 22-02-2023 | Saat: 08:03
Bölmə:Özəl | çapa göndər

Xocalı soyqırımı - XX  əsrin ən dəhşətli faciələrindəndir

Azərbaycanın qədim tarixinə nəzər saldıqda , bu xalqın zaman-zaman müharibə və münaqişələrə təhrik edilməsinin bir daha şahidi oluruq. Lakin öz mərdliyi, döyüşkənliyi ilə fərqlənən Azərbaycan xalqı, savaş meydanında heç vaxt düşmən də olsa əliyalın, dinc əhaliyə əl qaldırmayıb. Bütün bunlara rəğmən mənfur qonşularımız olan ermənilər həmişə öz şərəfsizliklərini , vəhşiliklərini həyata keçirməkdən həzz alıblar. 1992-ci ilin 26 fevral tarixi də onların Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdikləri soyqırım hadisəsidir.Əlbəttə ki, xalqımız bu dəhşətli faciəni əbədi olaraq , acı xatirələrlə xatırlayacaq.Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Xocalı müsibəti sözügedən hadisələrdəndir..

Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Bax budur məkrli ermənilərin azərbaycanlılara qarşı bəd niyyətləri. Səmimi və genişqəlbli olmaq həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salıb, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoyub. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə də qanlar töküldü. 1918-ci ildə də həmin dəhşətləri yaşadıq. 1948-1953-cü ildə Qərbi azərbaycanlıların deportasiyası, 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Babalarımız demişkən “Qarı düşmən dost olmaz”, ona yalnız layiq olduğu cavabı vermək lazımdır.

Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı.

Qeyrətimizə sığışmayan , Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaşamaq qismətimiz idi . Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Törədilən həmin genosid zamanı, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.

Hər il xalqımız tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır . Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

44 günlük Vətən müharibəsində, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra , təbii ki, Xocalı Faciəsi şəhidlərinin də ruhu şaddır. Artıq 3-cü ildir ki , biz faciə qurbanlarının anılması zamanı başımızı dik tuturuq. Çünki Azərbaycan Ordusu bu qeyrət, ləyaqət ləkəsini üstümüzdən götürdü və bütün şəhidlərimizin , o cümlədən Xocalı şəhidlərinin də qanı alındı.

Bəli bütün bunlar bir daha onu deməyə əsas verir ki, haqq-ədalət həmişə gec-tez bərqərar olur. Elə ona görə də haqqın tərəfində olmağımız , qarşıda duran bütün hədəflərə çatmağımıza təkan verir.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə