Mobil versiya
Yerdəki Ulduzlar
Tarix: 20-02-2023 | Saat: 18:49
Bölmə:Özəl | çapa göndər

Yerdəki Ulduzlar

Rəngli və sırf özünə məxsus dünyası olan bir uşaq düşünün: Əsil dünyanın hərəkətliliyindən, yoruculuğundan, qəm və kədərindən, göz yaşlarından uzaq, yalnız özünün dərk etdiyi şəkildə, təbəssümün olduğu, göyqurşaqları, rəngli buludlar və ulduzlarla bəzənmiş bir aləm...
Bu gün elə uşaqlardan danışacayıq ki, onlar gələcəyin yüksək nəticəli tələbələri, rəssamları, idmançıları, yazıçıları, kitab müəllifləri, proqramçıları, hətta alimləridir. Sözü gedən bu balaca mələklər əlil və autizmli balalarımızdır. Balaca mələklər fərqli deyil, sadəcə mükəmməldir və onların tək fərqi mükəmməl olmalarıdır.
Həyata fərqli pəncərədən baxmaq o şəxsin fərqli baxış bucağı olduğu düşüncəsini oyatsa da, bu heç də həmin şəxs yanlışdır və ya qüsurludur demək deyil! Əksinə “bu şəxs faydalı olacaq potensiala sahibdir” fikri ilə yanaşmaq daha uyğun olar. Çünki bu hal əlil və autizmli şəxslərin nə seçimi, nə də günahıdır. Onlara bəxş olunmuş mükəmməllik hər şəxsə bəxş olunmur. Onlar seçilmiş, yüksək dərəcədə mükafatlandırılacaq, özəl insanlardır. Qınamaq isə bizə heç yaraşmaz, çünki onlar bizə oxşamaq məcburiyyətində deyil!
Autizmli bir balanın dilindən danışmış olsam, ifadəmi belə vurğulayardım: “Mən autizmli bir uşağam. Dünyanı digər həmyaşıdlarımdan fərqli anlayıb dərk edirəm. Bəzən həyatı anlamaq mənə çətin gəlir. Lakin mən səhəri gözləyən Günəş, qaranlıqda isə parlayan bir ulduzam. Qorxmuram... Erkən müdaxilə və dəstəklə həyatıma, təhsilimə çətinlik olmadan davam edə bilərəm. Bəli, mən bunu bacara bilərəm!”. Necə də ümid doludur, elə deyilmi?! Bəs sizcə, belə ümid dolu danışığa laqeyd yanaşmaq olarmı? Bəs bu balaca mələklərə dəstək olum, onların təbəssümü olum, “sən fərqlisən!”- düşüncəsini aradan qaldırım kimi fikirlər heç ağlımızdan keçibmi? Əgər bu gün o sözlərin cavabı olsaq necə də gözəl həyata sahib olarıq!
Həmçinin heç əlil, görmə, eşitmə, danışma əngəlli balalarımızın yerinə özümüzü qoyduqmu ki, indi bu qədər laqeyd yanaşırıq. Küçədə gəzərkən gözlərini qapadıb yeriməyə, bir qolundan istifadə etmədən işləməyə, qulaqlarını qapadaraq danışılanı anlamağa və ya fikrini kiməsə danışmadan ifadə etməyə çalışdıqmı heç? Birinin yaşadıqlarını daha yaxşı anlamaq üçün o şəxsin yerində olması kifayətdir. Bəzən isə yerində olmaq düşüncəsi anlamaq üçün kifayətdir.
Autizm nədir?
Autizm - üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir pozğunluqdur.
Autizm zamanı problemlər əsasən üç sahədə olur:
sosial qarşılıqlı əlaqədə keyfiyyət pozğunluğu,
şifahi və şifahi olmayan ünsiyyət, oyun fəaliyyətindəki pozğunluq,
məhdud maraq və fəaliyyət, təkrarlanan hərəkətlər.
Onlar xəstə deyillər!
Cəmiyyətimizin autizmli uşaqlara olan münasibəti təəssüf ki, birmənalı deyil, onlara xəstə kimi baxırlar. Heç bir valideyn uşağının autist uşaqla oynamasını, təmas qurmasını, bir bağçaya getməsini istəmir. Unutmaq lazım deyil ki, autizm xəstəlik deyil ki, müalicəsi də olsun! Bu uşaqlar fərqlidirlər. Onların öz dünyaları var və bizim borcumuz onları öz dünyalarına deyil, bu dünyaya alışdırmaqdır. Valideynlər autist uşaqlarından utanmamalıdırlar. Onları cəmiyyətə adaptasiya etməlidirlər. Bu, böyük səbr və əlavə zəhmət tələb edir, bəli, amma sevgi, qayğı, diqqət sayəsində nəticə mütləq istənilən kimi olacaqdır.
Əlilliyi olan balalar - Onların əksəriyyəti həmyaşıdları ilə birlikdə bir çox imkanlardan yararlana bilmirlər. Rəsmi statistikaya görə, Azərbaycanda 60 minə yaxın əlilliyi olan uşaq var. Onun 12 minə yaxını təhsilə cəlb olunur, böyük əksəriyyət isə təhsildən kənarda qalır. Statistikaya görə əlilliyi olan uşaqların böyük bir hissəsinin yaş həddi məktəbəqədər yaş dövrünü əhatə edir. Lakin ölkədə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir. Məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına da əngəl törədir və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Çünki məktəbəqədər təhsil hər bir uşaq üçün önəmlidir. Belə ki, məktəbdən əvvəl bağçada təhsil almış uşaqlar oxumağı, yazmağı digərlərinə nisbətən tez qavrayırlar. Xüsusilə əlilliyi olan uşaqların məktəbəqədər təhsil formasından yararlanmadıqda ümumi təhsilə keçmələri onların qavramalarında müəyyən çətinliklər törədir.
Əlillik və autizm isə bir uşağın həyatına, təhsilinə və gələcəyinə maneə olmamalıdır. Buna nümunə olaraq autizmli, görmə və eşitmə əngəlli bir çox məşhur şəxsiyyətləri göstərmək olar. Lakin bu vəziyyət onlar üçün bir əngəl olmayıb, onların öz sahələrində inkişafına və bu qədər tanınmalarına maneə olmayıb. Deməli bu mümkünsüz bir yol deyil. Bu əslində hər şeyə rəğmən mübarizə aparmaq, bacarmaq və qazanmaqdır. Bəlkə də bu səninlə birgə addımlayan uğurun ilk addımlarıdır. Elə isə gəlin ilk addımı onlara dəstək olaraq biz ataq, gəlin o əlləri birgə tutaq və heç buraxmayaq!

Mələk Zamanova ,
ÜMUMGƏNCLƏR İctimai Birliyinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024