Mobil versiya
DAVOS İQTISADİ FORUMU: AZƏRBAYCAN DÜNYADA İNKİŞAF EDƏN ÖLKƏ KİMİ TANINIR
Tarix: 23-01-2023 | Saat: 11:19
Bölmə:Özəl | çapa göndər

DAVOS İQTISADİ FORUMU: AZƏRBAYCAN DÜNYADA İNKİŞAF EDƏN ÖLKƏ KİMİ TANINIR

İsveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə Davos İqtisadi Forumu (DİF) ilk dəfə 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə yaradılıb. Azərbaycan Respublikasını bu platformada ilk dəfə 1995-ci ildə ümummilli lider Heydər Əliyev təmsil edib. Sonra isə ölkə Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib.  
Davos İqtisadi Forumu siyasi, iqtisadi, ərzaq, enerji təhlükəsizliyi, texnologiya və digər sahələrlə bağlı məsələləri özündə cəmləşdirən platformadır. Bu platformada qeyd olunan sahələrlə bağlı təmsilçiliyimiz ölkəmizin təbliğində önəmli rola malikdir. Çünki burda böyük siyasi və iqtisadi güclərin iştirakı Azərbaycanın tanıdılması, yeni tərəfdaşların, iqtisadi partnyorların qazanılmasına şərait yaradır.
16-20 yanvar tarixlərində baş tutan Davos İqtisadi Forumu 2023-cü ildə son dövrün ən təsirli geosiyasi və geoiqtisadi məsələlərin qabarıq olduğu məqamda “Parçalanmış dünyada əməkdaşlıq” mövzusuna həsr olunmuşdu.
Bu dəfə Davos İqtisadi Forumuna 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti lideri, 52 dövlət və hökumət başçısı qatılmışdı. Forumda bir çox məsələlər - COVID-19 pandemiyasından geriyə qalan təklif zəncirindəki qırılmaların və Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirləri müzakirə edildi.
Cənab Prezident İlham Əliyev Davosda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” panelində diqqəti bir çox məqamlara yönəltdi. Burada ilk olaraq ölkənin Orta Dəhlizdə hansı dərəcədə ötürücülük qabiliyyətinə malik olduğunu artıq geniş ictimaiyyətə çatdırdı. Liman və yük daşıma, eyni zamanda logistika məsələlərində Azərbaycanın artıq böyük bir yol qət etdiyi vurğulandı. Bu nə üçün lazımdır? Düşünsək ki, Orta Dəhliz tam gücü ilə işləyir, tərəfdaşlar hansı ölkə ilə necə ticari-iqtisadi əlaqədə olacağını artıq bu gündən bilməlidir. Biz öz xidmətlərimizin genişliyi barədə məlumat verməliyik ki, partnyorlar özlərinə lazım olan yükü, ticari transformasiyanı necə və nə qədər edəcəyini bilsin, Azərbaycan isə öz növbəsində tələblərə cavab verəcək funksionallığı formalaşdırsın. Bu baxımdan təqdim etdiklərimiz içərisində nəqliyyatın önəmi bir daha ortaya çıxır. Nəzərə alsaq ki, ölkənin beynəlxalq standartlara cavab verən yol-nəqliyyat infrastrukturu bu gün regionda nümunə gücündədir, bu zaman daşımalarımızın artacağı artıq reallıqdır.
Digər bir istiqamət ənənəvi enerji daşıyıcılarından başqa yaşıl enerjini Avropa bazarına çatdıra biləcəyimizə dair məsələdir. Bu istiqamətdə isə Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət hər kəsə məlumdur. Azərbaycanın bərpaolunan enerji potensialı quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmiz strateji investorlarının biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Ölkəmizdə 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılmağı planlaşdırılır.
Gələcəkdə Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə də mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Burada tək kor nöqtə Ermənistandır. Bu istiqamətdə isə artıq erməni rəhbərliyi hansı fürsətləri əldən verdiyini aydın görməlidir.
Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son xarici səfərləri və İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın hərtərəfli inkişafına daha böyük töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq əlaqələrinin intensiv inkişafına da gücləndirəcəkdir

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024