Milli Məclisin sədri Sahibə Qafarovanın Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşdə çıxışı
Tarix: 15-10-2025 | Saat: 19:02
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

(15 oktyabr 2025-ci il)
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Sizi səmimi salamlayır və Azərbaycan Respublikasının Milli Məclisinə xoş gəlmisiniz deyirəm. Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarını parlamentimizdə qəbul etməkdən məmnunluq duyuruq. Təxminən 100 ölkənin milli hakimlər assosiasiyalarını bir araya gətirən bu təşkilat dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır.
Bu il bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün rəmzi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. 30 il əvvəl, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq qəbul edilib.
Konstitusiyada hakimiyyət bölgüsü prinsipi təsbit olunub ki, bu prinsipə əsasən, qanunverici, icraedici və məhkəmə hakimiyyətləri qarşılıqlı əlaqədə fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Əziz qonaqlar!
Prezident cənab İlham Əliyevin sizə ünvanladığı müraciətdə də qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir və qlobal hüquq ictimaiyyətinin Azərbaycan məhkəmə-hüquq sisteminə olan inam və etimadını əks etdirir.
Xanımlar və cənablar!
Sizə ölkəmizin qanunverici orqanının tarixi və fəaliyyəti barədə qısa məlumat vermək istərdim. Azərbaycan parlamentarizminin kökləri XX əsrin əvvəllərinə dayanır. Rusiya imperiyasının süqutundan sonra, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış və bu müsəlman Şərqində ilk dünyəvi, demokratik Respublika olmuşdur. Onun ən böyük nailiyyətlərindən biri parlament sisteminin təsis edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə müsəlman Şərqində yeganə parlament Respublikası idi.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1918-ci ilin dekabrında Bakıda təsis edilmişdir. Bu, dövrünün ən demokratik prinsipləri əsasında formalaşan ilk qanunverici orqan idi. Parlamentdə ölkənin bütün etnik qrupları təmsil olunurdu. Onun 96 üzvü, 11 müxtəlif partiya fraksiyası və qrupları mövcud idi. Bir il yarım ərzində parlamentin müzakirəsinə 270-dən çox qanun və qanun layihəsi təqdim edilmiş, onlardan təxminən 230-u qəbul olunmuşdur. Qəbul edilən qanunlar milli müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni və təhsil sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirdi.
1918-ci ildə Azərbaycan, müsəlman Şərqində və bəzi Avropa ölkələrindən daha əvvəl, qadınlara səsvermə hüququ verən ilk dövlət olmuşdur.
Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərə bildi. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti quruldu. Sovet dövründə parlament məhdud səlahiyyətlərə malik idi və xalqın iradəsini tam şəkildə əks etdirə bilmirdi.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan dövlətçiliyinin və parlamentinin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və təxminən dörd ay müddətində parlamentə rəhbərlik etməsi peşəkar qanunvericilik orqanının formalaşmasında mühüm rol oynadı.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu və elə həmin gün müasir Milli Məclisə ilk seçkilər keçirildi.
Yeni parlamentə qanunvericilik, təmsilçilik və nəzarət funksiyaları verildi və o, dövlətin hüquqi bazasının formalaşmasında əsas rol oynamağa başladı.
Milli Məclis 125 deputatdan ibarətdir və deputatlar beş il müddətinə majoritar seçki sistemi və ümumi, bərabər, birbaşa seçki hüququ əsasında azad, gizli və fərdi səsvermə yolu ilə seçilirlər. Konstitusiyaya əsasən, seçki hüququna malik hər bir Azərbaycan vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər.
Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Azərbaycan Respublikasının Prezidenti və ya 42 deputatın tələbi ilə Milli Məclisin sədri tərəfindən növbədənkənar sessiyalar çağırıla bilər. Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətli sayılır.
Milli Məclisin iclasları açıq və şəffaf qaydada keçirilir, kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılır. İclaslar ayda azı iki dəfə təşkil olunur. Sessiyaların gündəliyi, tarixi və vaxtı Milli Məclisin sədri tərəfindən müəyyən edilir.
Milli Məclisin sədri və sədr müavinləri yeni seçilmiş parlamentin ilk iclasında deputatlar tərəfindən seçilir. Sədrin seçilməsi gizli səsvermə yolu ilə keçirilir və səs çoxluğu tələb olunur. Sədr parlamentin fəaliyyəti dövründə öz vəzifəsini icra edir.
Parlamentin əsas funksiyalarına gəldikdə, qeyd etmək lazımdır ki, Milli Məclis Konstitusiya qanunlarını, eləcə də səlahiyyət dairəsinə daxil olan məsələlər üzrə qanun və qərarları qəbul edir.
Hörmətli qonaqlar,
Parlamentin təmsilçilik funksiyası mühüm əhəmiyyətə malikdir. Bu funksiyaya uyğun olaraq, deputatlar seçicilərinin qaldırdığı məsələləri hökumət, bələdiyyələr və digər aidiyyəti qurumlar qarşısında gündəmə gətirir, onların ehtiyac və tələblərinə uyğun həll yollarının tapılması üçün səy göstərirlər.
Nəzarət funksiyasına gəldikdə, Konstitusiyaya əsasən, Milli Məclis dövlət büdcəsini təsdiq edir və onun icrasına parlament tərəfindən formalaşdırılan Hesablama Palatası vasitəsilə nəzarəti həyata keçirir. Qanunvericiliyə görə, Hesablama Palatası öz fəaliyyətinə dair illik hesabatı Milli Məclisə təqdim edir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti də hər il yaz sessiyası zamanı Milli Məclis qarşısında öz fəaliyyətinə dair hesabat verir.
Xanımlar və cənablar,
Müasir dövrdə parlament diplomatiyası beynəlxalq münasibətlərdə mühüm amilə çevrilib. Milli Məclis bu sahədə böyük fəallıq nümayiş etdirir. Deputatlarımız 15 beynəlxalq parlament təşkilatında təmsil olunurlar. Həmçinin, parlamentdə digər ölkələrin parlamentləri ilə əməkdaşlıq üzrə 104 işçi qrupu fəaliyyət göstərir. Milli Məclisin sədri və parlamentin digər üzvləri beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərinə rəhbərlik edirlər. Parlamentin sədri Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Türk Dövlətləri Parlament Assambleyası kimi beynəlxalq qurumlarda parlament nümayəndə heyətlərinə rəhbərlik edir.
Xanımlar və cənablar!
Milli Məclis ilə məhkəmə sistemi arasındakı münasibətlər qarşılıqlı əməkdaşlıq xarakteri daşıyır. Məhkəmə-hüquq islahatlarına dair təşəbbüslər parlamentdə mütəmadi olaraq müzakirə edilir, təkmilləşdirilir və qəbul olunur.
Bu məsələlər barədə Milli Məclisin Aparat rəhbəri cənab Fərid Hacıyev daha ətraflı məlumat təqdim edəcəkdir.
Xanımlar və cənablar!
Hazırda fəaliyyət göstərən, VII çağırış Milli Məclis 2024-cü ilin sentyabrında keçirilmiş seçkilərlə formalaşıb. Qeyd etmək istərdim ki, müstəqillik dövründə ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində keçirilmişdir. Bildiyiniz kimi, Azərbaycan ərazisinin 20 faizi təqribən 30 il ərzində Ermənistanın işğalı altında idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş 1 günlük antiterror tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur bölgələri işğaldan azad edilmiş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu səbəbdən həmin seçkilər bizim üçün tarixi əhəmiyyət daşıyır.
Diqqətinizə çatdırmaq istərdim ki, hazırkı birpalatalı parlamentdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunurlar. Parlamentdə çoxluq Yeni Azərbaycan Partiyasına – ölkəmizin aparıcı siyasi qüvvəsinə məxsusdur. 41 deputat bitərəfdir.
Hazırda parlamentdə tanınmış siyasi və ictimai xadimlər, ziyalılar təmsil olunurlar. Qadınlar 125 deputat yerindən 26-nı tutur ki, bu da əvvəlki çağırışla müqayisədə artım deməkdir. Hazırkı tərkibdə bir qadın parlament komitəsinə rəhbərlik edir və 15 parlament komitəsindən beşinin sədr müavinləri qadınlardır.
Hörmətli iştirakçılar,
Bir daha sizləri Milli Məclisdə salamlayıram. Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının nəticələri məhkəmə müstəqilliyinin və hüququn aliliyinin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Hörmətli qonaqlar,
İndi isə sözü Milli Məclis Aparatının rəhbəri cənab Fərid Hacıyevə verirəm. O, parlamentimizdə qanunvericilik prosesləri haqqında əlavə məlumat təqdim edəcəkdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2025