Mobil versiya
Ali Baş Komandan bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi
Tarix: 11-11-2022 | Saat: 16:07
Bölmə:Ölkə | çapa göndər

Ali Baş Komandan bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi

Azərbaycan 30 il ərzində Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapması üçün əlindən gələni etdi. Bütün bu illər boyunca dövlətimiz danışıqlara qatıldı, üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə əməl etdi. Lakin sonda məlum oldu ki, əslində bütün bu proseslər yalnız münaqişənin qeyri-müəyyən müddətə dondurulmasına və Azərbaycanın işğal faktı ilə barışmağa sövq edilməsinə yönəlib. Beynəlxalq siyasi riyakarlıq və ikili standartlar ölkəmizə qarşı bütün formalarda tətbiq edilirdi. Lakin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev bütün bu illər ərzində, hər bir çıxışında deyirdi ki, ölkəmiz işğalla barışmayacaq, münaqişənin hərbi yolla həlli mümkündür və Azərbaycan öz torpaqlarını istənilən halda azad edəcək. Nəhayət, 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya bu sözlərin bir həqiqət olduğunu gördü. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu cəmi 44 günə “yenilməz” erməni silahlı qüvvələrini darmadağın etdi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Rəsmi İrəvan məcburiyyət qarşısında qalaraq üçtərəfli 10 noyabr Bəyanatını imzalamalı oldu. Faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan bu sənəd Azərbaycan torpaqlarının uzun illər davam edən işğalına son qoydu.

Əlbəttə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə etməsini şərtləndirən amillər içərisində qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi xüsusi qeyd olunmalıdır. Məsələ bundadır ki, Ermənistan hərbi əməliyyatların davam etdiyi dövrdə münaqişəyə üçüncü tərəf kimi başqa ölkələrin də cəlb olunması üçün əlindən gələni etmişdi. Bu da sirr deyil ki, hətta bəzi ölkələrin hökumətləri ermənipərəst qüvvələrin təsiri altında belə bir addımı atmağa çox yaxın idilər. Lakin müharibənin ilk günündən, hətta ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, deməsi hərbi əməliyyatlara müdaxilə etmək fikrində olan həmin qüvvələri durdurdu və düşünməyə vadar etdi. Bu siyasi və mənəvi dəstək bizi son dərəcə ruhlandırırdı və Qələbəyə olan inamımızı daha da möhkəmləndirdi.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər təkcə ölkəmizin deyil, bütün regionun maraqlarına xidmət edəcək yeni reallıqlar yaratdı. O cümlədən 10 noyabr Bəyanatında təsbit edilmiş kommunikasiya layihələrinin reallaşması regional inkişafa böyük töhfələr verəcək. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.
Əlbəttə ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməlidir və edəcək. Çünki onun artıq başqa heç bir çıxış yolu qalmayıb. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masası arxasında möhtəşəm qələbələrə nail olmaqla rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il davam edən danışıqlar prosesində Ermənistan qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilmədi. “Böyük Ermənistan” planı fiaskoya uğradı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev özünün qətiyyətli mövqeyi və sarsılmaz siyasi iradəsi ilə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan bütün planlarını alt-üst etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı və əgər Ermənistan da bu reallıqların vəd etdiyi imkanlardan yararlanmaq istəyirsə, bunun tək yolu Azərbaycanın irəli sürdüyü şərtlər əsasında sülh sazişini imzalamaqdır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024