Mobil versiya
Azərbaycan Ordusu daha modern və qüdrətli hərbi gücə çevriləcək.
Tarix: 05-11-2022 | Saat: 15:26
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Ordusu daha modern və qüdrətli hərbi gücə çevriləcək.

Regionda ən güclü orduya malik ölkə olan Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Silahlı Qüvvələrin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə qarşıya yeni vəzifələr, tələblər qoyub. Bu, bir həqiqətdir ki, hazırda Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan dünyada nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri çevik, peşəkar və müasir tələblərə cavab verə bilən güc kimi formalaşıb. 
Etiraf etməliyik ki, İkinci Qarabağ müharibəsi ordumuz üçün həm də təcrübə və sınaq oldu.  İllərlə keçirilən təlimlər, alınan silah-sursatlar, müasir texnikalardan yararlanmaq və başlıcası isə vahid komandanlıq sisteminin idarə edilməsinin uğurlu nəticəsi əsl reallığı əks etdirdi. Eyni zamanda çatışmazlıqlar da üzə çıxdı. Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində hazırda da mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür. 
Qeyd edək ki, Ali Baş Komandanın göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir. Müzəffər sərkərdənin Azərbaycan Ordusu qarşısında qoyduğu yeni tapşırıqlara əsasən, modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret planlar, tədbirlər hazırlanıb. Ordu komandanlığı isə verilən tapşırıqların təxirəsalınmaz icrasını reallaşdırmaqdadır. Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərçiklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi gündəlik fəaliyyətin əsas prioritetlərindəndir. İki il öncə Azərbaycan Ordusu Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli ilə dünyanın diqqətini cəlb etmişdi. Bəzi mütəxəssislərin "smart müharibə" adlandırdıqları bu savaşda çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib, pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.
Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. Yəni bir ordunun başqa bir silahlı birləşmə ilə döyüşdə bu qədər yüksəkdəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə ediblər. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz öz üstünlüyünü sübut etdi. Azərbaycan PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri, ardınca onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi. 
30 il müddətində işğal edilmiş torpaqlarımızda güclü müdafiə sistemləri qurub, onlar haqqında miflər yaradan Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. "Keçilməz" müdafiə sistemləri darmadağın edildi. Döyüş texnikası, hərbi obyektləri yerləyeksan olan erməni əsgərinin yalnız bir yolu qalırdı - silahını, bayrağını atıb Azərbaycan torpaqlarından şərəfsizcəsinə qaçıb canını qurtarmaq... 
Bu savaşla bir çox reallıqlar təsdiqini tapdı. İlk növbədə bəlli oldu ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasında qərarlaşırdı. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası, mənəvi döyüş ruhu, əlbəttə ki, ordumuzun texniki təchizatı da çox cəhətdən uğurumuz üçün real zəmin yaratdı. Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, modernləşmə ən vacib şərtlərdən biridir. Digər məsələ isə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi böyük qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə olub. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanması prosesi idi ki, ordumuz bu yoxlamadan şərəflə çıxdı. Hazırda ordunun şəxsi heyətinin peşəkarlığının daha da artırılması üçün müxtəlif tədbirlər planı əsasında hərbçilərimiz yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə qatılırlar. 
Ali Baş Komandanın tapşırıqlarından biri də yeni Komando xüsusi təyinatlı qüvvələrin yaradılması idi. Bu tapşırıq da uğurla icra olunur. Artıq müxtəlif ərazilərdə Komando briqadaları yaradılır. Yəni Komando qüvvələrinin yaradılması ordumuzun hərbi potensialının təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir.  Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalara yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər cəlb edilirlər. Əlbəttə ki, bu da ordumuzun gücünə güc qatıb. Bu briqadalar ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşmələridir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində, bir sözlə, hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdılar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.
Beləliklə, həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.
Ən əsası, bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və bütün bunlar əminlik yaradır ki, tezliklə Azərbaycan Ordusu daha modern və qüdrətli hərbi gücə çevriləcək.

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024