Mobil versiya
Soçi görüşü ölkəmizin istər regional, istərsə də beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edir
Tarix: 04-11-2022 | Saat: 20:24
Bölmə:Ölkə | çapa göndər

Soçi görüşü ölkəmizin istər regional, istərsə də beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edir

Azərbaycan hər zaman bütün dünyada sülhün və əmin-amanlığın tərəfdarı olub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi xarici siyasətin də əsasında ilk növbədə ölkələrin daxili işlərinə qarışmamaq, suverenliyinə və ərazi bütövlüyünə qəsd etməmək prinsioləri durur. O cümlədən Azərbaycan bu gün Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhə nail olmaq yönümündə səylərini ciddi şəkildə davam etdirir. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin 31 oktyabr tarixində Rusiya Prezidenti Vladimir Putinin dəvətilə Soçiyə etdiyi səfər də xüsusi önəm kəsb edir. Qeyd etmək lazımdır ki, səfər çərçivəsində Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilmiş ikitərəfli görüşün məqsədi tərəflərin 2020-ci və 2021-ci illərdə nail olduqları bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək olub. Öz çıxışında möhtərəm dövlət başçımızın da qeyd etdiyi kimi, münaqişənin nizamlanmasında Rusiyanın rolu mühüm olub. Soçi görüşündə də Azərbaycan və Rusiya Prezidentləri hələ də həll edilməmiş məsələlərin həlli yollarını müəyyənləşdirmək istiqamətində müzakirələr aparıblar.

Əlbəttə ki, Soçi görüşü zamanı aparılan müzakirələrin əsas mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, imzalanacaq sülh sazişinin hazırlanması istiqamətində işlərin sürətləndirilməsi olub. Məlum olduğu kimi, 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və tarixi Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan 30 il davam edən erməni işğalına son qoydu. Həmin ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyannamədə çoxillik münaqişənin başa çatması faktı təsbit olundu. Bu baxımdan burada praktiki olaraq müzakirə olunmalı heç bir məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, dövlət başçımızın dediyi kimi, çox ciddi addımlar tələb edən formatdır. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtıdır. Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış 31 oktyabr 2022-ci il tarixli Soçi Bəyanatı birmənalı olaraq Azərbaycanın mənafelərinə uyğundur və bu sənəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində ölkəmizin mövqelərini daha da gücləndirmiş oldu. Bəyanatda qeyd olunur ki, tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəliblər. Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan ediblər. Beləliklə, suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanıdığını növbəti dəfə bəyan etmiş oldu. Bu isə Azərbaycanın növbəti diplomatik qələbəsidir. Həmçinin Bəyanatda Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin daha fəal aparılmasının vacibliyi təsbit edilib. Qeyd olunub ki, mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı daha intensiv şəkildə davam etdirilməlidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024