Mobil versiya
Azərbaycanın İslam ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə qurulub
Tarix: 04-11-2022 | Saat: 14:20
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın İslam ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə qurulub

İslam ölkələri ilə əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı Azərbaycanın xarici siyasətində hər zaman prioritet istiqamətlərdən olub. Prezidenti cənab İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzairdə keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət alması da ölkəmizin bu istiqamətdə fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Zirvə toplantısında etdiyi çıxışında möhtərəm dövlət başçımız da qeyd etdiyi kimi, Ərəb Dövlətləri Liqasının Sammitində təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında mövcud olan möhkəm birliyi nümayiş etdirir.

Artıq xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin Əlcəzairə səfəri bu ölkənin Milli Azadlıq gününə təsadüf etmişdir. Bu münasibətlə dövlətimizin başçısı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Cənab Prezident İlham Əliyev Sammitdə etdiyi çıxışında xüsusi olaraq qeyd etdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır və bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün dünya birliyi bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir. Çox maraqlıdır ki, bu gün Azərbaycanı Ermənistana qarşı hansısa mövcud olmayan aqressiya elementlərində ittiham etməyə çalışan Fransa hökuməti nədənsə özünün yaxın tarixi barədə susmağa üstünlük verir.

Məlumdir ki, Azərbaycan da Əlcəzair kimi, uzun illər işğaldan əziyyət çəkmiş bir ölkədir. Öz çıxışında cənab Prezident bu məqamı da vurğulayaraq bir daha diqqətə gətirdi ki, torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. Xatırlamaq yerinə düşər ki, hələ 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə keçmiş “Dağlıq Qarabağ problemi” ilə bağlı Azərbaycanın xeyrinə mühüm qətnamə qəbul edilmişdi. Həmin qətnamədə Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə və BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırışlar yer almışdı. Qeyd olunmalıdır ki, bu mühüm tarixi sənəd Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində qəbul olunmuşdu.

Ölkə Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinə, müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edən siyasətinin nəticəsidir ki, hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Məlum olduğu kimi, 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra mühüm beynəlxalq tədbirlər həyata keçirilmişdir. O cümlədən 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir.

Əlbəttə ki, Azərbaycanın bir çox başqa beynəlxalq təşkilatlarda və ilk növbədə Qoşulmama Hərəkatında effektiv fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Ölkəmizin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatıdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirmiş, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış etmişdir. Məhz elə buna görə də 2016-cı ildə Azərbaycana 120 ölkənin yekdil dəstəyi nümayiş etdirildi. Bu dəstəyin nəticəsi olaraq 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının Zirvə toplantısını Bakıda böyük müvəffəqiyyətlə keçirdi və 2022-ci ilə qədər sədrliyi öz üzərinə götürdü. Yenə də 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması isə, heç şübhəsiz ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin bir təzahürüdür.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024