Mobil versiya
Bu gün Türkiyə-Azərbaycan birliyi öz sarsılmazlığını artıq Qarabağdan və Zəngəzurdan bütün dünyaya nümayiş etdirir
Tarix: 27-10-2022 | Saat: 17:14
Bölmə:Ölkə | çapa göndər

Bu gün Türkiyə-Azərbaycan birliyi öz sarsılmazlığını artıq Qarabağdan və Zəngəzurdan bütün dünyaya nümayiş etdirir

2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər. Diqqətəlayiq haldır ki, bu tarixi hadisədən düz iki il əvvəl, 2020-ci ilin məhz 20 oktyabrında şanlı Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etmişdi. Möhtərəm dövlət başçımız Cəbrayıl şəhrində Türkiyə Prezidenti ilə keçirdiyi təkbətək görüşdən sonra mətbuata verdiyi bəyanatda da vurğuladı ki, məhz bu əlamətdar tarixdə Türkiyə Prezidentinin işğaldan azad olunmuş Zəngilan və Cəbrayıl şəhərlərində olması xüsusi məna daşıyır. Həqiqətən də İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək ifadə etməsi, ölkəmizin Qələbə yürüşü üçün ən əhəmiyyətli fakorlardan biri oldu. Türkiyə Prezidenti Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır, - deməklə hərbi əməliyyatlara üçüncü tərəf kimi müdaxilə etmək niyyətində olan bütün qüvvələrin qarşısına keçiməz sədd çəkdi. Bu siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Bu gün isə Türkiyə öz dəstəyini artıq işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması işlərində davam etdirir. Bu gün yenidən qurulan Qarabağda və Zəngəzurda Türkiyə-Azərbaycan birliyi yenə də öz sarsılmazlığını dünyaya nümayiş etdirir. Qeyd etmək lazımdır ki, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri çox fəal çalışırlar və nisbətən qısa müddət ərzində artıq çox işlər görülüb. Lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün hələ daha böyük işlər görüləcək və Azərbaycanın bütün bu işlərin də öhdəsindən ləyaqətlə gələcəyinə artıq heç kim şübhə edə bilməz.

Türkiyə-Azərbaycan birliyinə gəlincə isə, demək lazımdır ki, ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də iki ölkənin dövlət başçıları tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ilə tamamilə yeni bir mərhələyə keçid aldı. Şuşa Bəyannaməsi, ölkəmizin hər bir guşəsində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları Türk dünyasının gücünə güc qatan Türkiyə-Azərbaycan birliyini və qardaşlığını bütün dünyaya bəyan edən ciddi mesaj oldu. Həmçinin bu tarixi sənəd ölkələrimiz arasında müttəfiqliyin geostrateji əhəmiyyətini artırdı, münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının təminatçısına çevrildi. Şuşa Bəyannaməsi sayəsində rəsmən müttəfiqlik zirvəsinə ucalmış Türkiyə və Azərbaycan münasibətləri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu gün isə ölkələrimiz işğaldan azad olunmuş Azərbaycan ərazilərinin yenidən qurulması işində yenə də yanaşıdırlar.

Qeyd olunduğu kimi, artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Əlbəttə ki, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsində də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Beləliklə, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli sülh və sabitlik amili kimi çıxış edir və artıq hər kəs bununla hesablaşmalıdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024