Mobil versiya
Qubadlılar tezliklə öz doğma yurdlarına qayıdacaqlar
Tarix: 25-10-2022 | Saat: 12:37
Bölmə:Ölkə | çapa göndər

Qubadlılar tezliklə öz doğma yurdlarına qayıdacaqlar

Azərbaycanın Qərhrəmanlıq qalası Qubadlı 30 ilə yaxın idi ki, faşist xislətli, mənfur erməni daşnakları tərəfindən işğal olunmuşdu. Doğma yurd həsrəti ilə yaşayan qubadlılar inanırdılar ki, tezliklə haqq-ədalət zəfər çalacaq, erməni tapdağında olan ata-baba yurdları geri qaytarılacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Qubadlını da düşmən tapdağından azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Azərbaycan əsgərinin dilindən televiziyada səslənən bu sözlər hər birimizin qəlbində böyük qürur hissi doğurdu: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Qubadlı şəhəri! Qubadlı Azərbaycandır!” Qətiyyətli sərkərdə, böyük vətənsevər rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızın Qubadlı şəhərində ucaldılmasından iki il ötür.
Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Bunu işğalçı Ermənistan silahlı qruplaşmaları da bildiklərindən şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlı azad olunandan sonra Laçın istiqamətində yol açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi və beləliklə, Laçın dəhlizi nəzarətə götürüldü. Qubadlıdan sonra ordumuz zəfər yürüşünü, zəfər missiyasını şərəflə davam etdirərək  noyabrın 8-də Şuşada Azərbaycan bayrağını ucaltdı.  Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.  Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan  Silahlı Qüvvələrinin 2000-ə yaxın hərbi qulluqçusu  Prezidentin müvafiq Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. 

Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşmüşdülər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qorumuşdular. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təklənərək müdafiəsiz qalmışdı.
Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid oldu. Yüz nəfərə qədər insan itkin düşdü və girov götürüldü. Yüzlərlə döyüşçü və mülki əhali yaralandı, əlil oldu. Əhalinin yurd-yuvası talandı, 94 kənd və Qubadlı şəhəri yerlə-yeksan edildi. Döyüşlərdə qəhrəmanlıq göstərən 11 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Qubadlı torpağında görkəmli elm və dövlət xadimləri, məşhur yazıçı və alimlər, adlı-sanlı əmək qəhrəmanları yetişmişdir. Böyük övliya Mir Sədi ağa, Azərbaycan qaçaqçılıq hərəkatının öncülləri Qaçaq Nəbi və Həcər, Azərbaycan ədəbiyyatında ilk epopeya müəllifi Süleyman Rəhimov, Ə. Vəliyev, görkəmli ictimai xadim Kamran Hüseynov, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Ə.Əmiraslanov, Birinci Qarabağ savaşında imzasını təsdiqləmiş Milli Qəhrəman Əliyar Əliyev, İkinci Qarabağ savaşının əfsanəvi komandiri general–mayor Mais Bərxudarov, şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidov və başqaları bu yurdun tanınmış simalarıdır.
Hazırda Qubadlıda, ümumiyyətlə, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa-tikinti işlər aparılır. Qubadlı şəhərinin baş planının hazırlanması, İşğal və Zəfər muzeyləri kompleksinin, Zəngilan şəhərində ilk yaşayış binasının, məktəb binasının təməlinin qoyulması dövlətimizin işğaldan azad edilmiş torpaqlarda böyük və irimiqyaslı işlər həyata keçirdiyini göstərir.
Zəfər tariximizin memarı, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərlərinin hər biri qubadlıların Böyük Qayıdışını sürətləndirən addımlarla zəngindir.

Vahid Əliyev
Qubadlı sakini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Abşeron rayon Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024