Mobil versiya
Qubadlı öz inkişaf tarixinin ən dinamik mərhələsini yaşayır
Tarix: 25-10-2022 | Saat: 09:46
Bölmə:Ölkə | çapa göndər

Qubadlı öz inkişaf tarixinin ən dinamik mərhələsini yaşayır

Qubadlı 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra rayonun bütün təbii sərvətləri tamamilə qeyri-qanuni olaraq, həm də vəhşicəsinə talan edilib. Həmçinin işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olub. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam edib. Şəhəri azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə də yüksək peşəkarlıq və fədakarlıq göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin hissələri şəhəri düşməndən təmizlədilər. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Bütün digər azad edilmiş rayon və bölgələrimizdə olduğu kimi, bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olan bu işlərin miqyası və dinamikası insanı heyran edir. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Həmçinin Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək dördzolaqlı yol Qubadlıdan keçir. Dövlət başçımızın dediyi kimi, Zəngilandan Qubadlıya, Laçına çəkilən bu yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaq. Bütün bunlar Qubadlının tezliklə güclü iqtisadiyyata malik rayonlarımızdan birinə çevriləcəyini deməyə tam əsas verir.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024