Mobil versiya
Fransa prezidenti Cənubi Qafqazda gedən proseslərə münasibətində qərəzli mövqeyini nümayiş etdirdi
Tarix: 23-10-2022 | Saat: 11:31
Bölmə:Ölkə | çapa göndər

Fransa prezidenti Cənubi Qafqazda gedən proseslərə münasibətində qərəzli mövqeyini nümayiş etdirdi

Azərbaycan Prezidenti cənab İlham Əliyev 14 oktyabr tarixində Astanada keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında etdiyi çıxışı ilə Cənubi Qafqazda sülh prosesini əngəlləməyə, Ermənistanın işğalçı və separatçı siyasətinə dəstək olmağa çalışan qüvvələrə ciddi mesaj ünvanlamış oldu. Həmin qüvvələri təmsil edənlərin arasında Fransa kimi nüfuzlu bir dövlətin başçısının da yer alması əlbəttə ki, təəssüf doğuran haldır. Bununla belə, özünün məsuliyyətsiz və əsassız bəyanatları ilə Fransa prezidenti Makron ilk növbədə öz ölkəsini mövqelərini zəiflətmiş olur. Makronun Minsk Qrupunun yenidən vasitəçi qurum kimi dirçəldilməsinə və siyasi proseslərə cəlb olunmasına yönəlmiş cəhdləri isə əlbəttə ki, heç bir nəticə verə bilməz. Cənab Prezident İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, 28 il ərzində bu qurumun əslində münaqişənin nizamlanması yox, onun dondurulması məqsədilə göstərdiyi fəaliyyətin nəticəsi sıfıra bərabər olub. Münaqişəni isə Azərbaycan özü beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həll edib. Dövlətimizin başçısı öz çıxışında belə bir vacib məqamı da diqqət mərkəzinə çəkdi ki, Azərbaycanın Praqada keçirilmiş dördtərəfli görüşün Makronun iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın əslində Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.
Makron öz bəyanatları ilə açıq-aşkar təsdiq etdi ki, Fransanın Cənubi Qafqazda gedən proseslərə münasiətdə mövqeyi qətiyyən tərəfsiz deyil. Aydındır ki, bu mövqe birmənalı olaraq Ermənistanın maraqlarının müdafiəsinə xidmət etməklə Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Halbuki, məhz Ermənistan Azərbaycana hücum edərək, suveren dövlətin ərazisinin 20 faizini 30 il işğal altında saxlayıb. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bu isə o deməkdir ki, ölkəmiz beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdi. Lakin Makronun bu həqiqətləri təhrif etməyə yönələn cəhdləri heç də Fransanın qərəzli mövqeyini nümayiş etdirən yeganə arqument deyil. Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə verdiyi yalan bəyanatlar da bu dəlillər sırasına aid olunmalıdır. Həmçinin biz hamımız İkinci Qarabağ müharibəsi dövründə Fransa Senatı və aşağı palatasının qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiklərini də yaxşı xatırlayırıq. Son günlər Azərbaycanın Parisdəki səfirliyi ilə bağlı yaşanan olaylar isə, artıq Fransanın ölkəmizə qarşı münasibətini xarakterizə etmək üçün sadəcə qərəzli ifadəsinin çox yumşaq olduğunu deməyə əsas yaratdı. Fransanın paytaxtında ardıcıl iki dəfə bizim səfirliyə hücumlar təşkil olundu. Həm də birinci hücumdan sonra Fransa prezidenti bu yolverilməz halın bir daha təkrarlanmaması üçün müvafiq tədbir görəcəyini vəd etmişdi. Amma görülən tədbir bu oldu ki, birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə də götürüldü. Sanki bununla Fransa prezidentinin hər zaman ermənilərin yanında olacaqlarına dair verdiyi bəyanatın zəmini hazırlandı. Bütün bunların fonunda da noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Əlbəttə ki, yaranmış vəziyyətdə Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində hər hansı rol oynaması əsla mümkün deyil.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024