Mobil versiya
Fransa prezidentinin bəyanatı onun bütün cinayətlərdə ermənilərin yanında olduğunu deməyə əsas verir
Tarix: 22-10-2022 | Saat: 18:33
Bölmə:Ölkə | çapa göndər

Fransa prezidentinin bəyanatı onun bütün cinayətlərdə ermənilərin yanında olduğunu deməyə əsas verir

Fransa Prezidenti E.Makronun bir neçə gün öncə “France 2” telekanalının efirində səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatları artıq tarixə gömülmüş ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsinə yönələn cəhdlər kimi qiymətləndirmək olar. Bu addımı atarkən Makron nəzərə almalı idi ki, 28 il ərzində apardığı danışıqların münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə rolunu oynayan, əsas məqsədinin isə münaqişənin nizamlanması yox, onun dondurulması olan bir qurumun yenidən Cənubi Qafqazda gedən proseslərə cəlb olunmasına Azərbaycan heç bir halda imkan verməyəcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlətimizin və Azərbaycan xalqının bu məsələdə qəti və birmənalı mövqeyini oktyabrın 14-də Astanada keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında konkret ifadələrlə ortaya qoydu. Dövlətimizin başçısı bildirdi ki, 28 il ərzində Minsk Qrupunun fəaliyyətinin nəticəsi sıfıra bərabərdir. Həmçinin Azərbaycan Prezidenti bir daha bütün dünyaya artıq öz təsdiqini tapmış həqiqəti bəyan edərək bildirdi ki, ölkəmiz beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib və artıq Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur.

Bir məqamı da diqqətə almaq lazımdır ki, Fransa prezidentinin son bəyanatları da, onun İkinci Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamları da, verdiyi şər və böhtan xarakterli bəyanatlar da, həmçinin Fransa Senatının və aşağı palatanın həmin dövrdə qəbul etdikləri qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr də eyni mənbələrdən qaynaqlanır. Fransa prezidentinin qətiyyən vicdan əzabı çəkmədən 30 il Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, bütün bu illər ərzində talançılıq və vandallıqla məşğul olan, qadınları və uşaqları qətlə yetirən, hərbi əməliyyatların getdiyi ərazilərdən yüz kilometrlərlə uzaqda yerləşən dinc şəhərləri raket atəşinə tutan Ermənistanın yanında olduğunu və bundan sonra da olacağını söyləməsi isə, onun həm də Fransanı Ermənistan hökumətinin törətdiyi bütün müharibə cinayətlərinə görə daşıdığı məsuliyyəti də bölüşməyə təhrik etməsi anlamına gəlir.

Bu gün Azərbaycana qarşı Ermənistan və onun himayədarları tərəfindən həm hərbi, həm də siyasi təxribatlar davam edir. Bu məqsədlə beynəlxalq informasiya məkanlarında ölkəmizə qarşı yalan və böhtan dolu məlumatlar yayımlanır. Bu baxımdan cənab Prezident İlham Əliyev tərəfindən MDB Dövlət Başçıları Şurasının iclasında təqdim etdiyi açıqlamalar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti Ermənistanla sərhəddə yaranmış real vəziyyət və cərəyan edən hadisələr barədə MDB dövlət başçılarını məlumatlandıraraq bildirdi ki, münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. İlk növbədə cənab Prezident İlham Əliyev sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində baş vermiş silahlı toqquşmaları xatırladaraq qeyd etdi ki, bu toqquşmalar Azərbaycana qarşı terrorun, ilk növbədə, mina terroru və snayper terrorunun davam etdiyini göstərir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda, azad olunmuş ərazilərdə Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar isə təxminən 8 saat davam edib. Lakin Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb və heç bir şəhəri, heç bir kəndi işğal etməyib. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, məhz Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırılıb.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024