Mobil versiya
Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın müharibə cinayətləri davam edir
Tarix: 20-10-2022 | Saat: 21:48
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı Ermənistanın müharibə cinayətləri davam edir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) getdikcə genişlənən və beynəlxalq nüfuzunu artıran bir təşkilatdır. Qurumun oktyabrın 13-də Qazaxstanın paytaxtı Astana şəhərində keçirilmiş 6-cı Zirvə Toplantısının plenar iclasında Küveytə AQEM-ə üzv dövlət statusu verildi. Beləliklə, Küveyt AQEM-in 28-ci üzv dövləti oldu. Türkmənistan isə AQEM-ə müşahidəçi qismində qoşuldu. Bu mötəbər beynəlxalq tədbirdə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha ölkəmizin dünyada sülhün, sabitliyin və inkişafın bərqərar olunması məqsədilə ciddi səylər göstərdiyini hər kəsin diqqətinə çatdırmışdır.

Qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyevin Zirvə Toplantısının plenar iclasında etdiyi çıxışı Cənubi Qafqazda mövcud vəziyyət və gedən proseslər barədə təşkilata üzv dövlətlərin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu. Dövlətimizin başçısı ilk növbədə Azərbaycanın iki il bundan əvvəl əldə etdiyi tarixi Qələbə ilə beynəlxalq hüququ təmin etdiyini bir daha diqqət mərkəzinə çəkdi və ölkəmizin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən və 28 il kağız üzərində qalan 4 qətnaməsinin icrasını öz gücünə təmin etdiyini vurğuladı.

Əlbəttə ki, işğal faktı istənilən bir ölkə üçün böyük acıdır. Lakin bu işğalı həyata keçrən Ermənistan olarsa, o zaman işğal faciəsi kütləvi qırğınlarla, qətliamlarla, işğal ərazisində mövcud olan canlı-cansız hər şeyin məhvi ilə, tarixi-mədəni obyektlərin və təbii sərvətlərin talan edilməsi ilə müşayiət olunan misli görünməmiş bir fəlakətə, qanlı faciəyə çevrilər. Azərbaycan bu faciəni 30 ilə yaxın yaşamalı oldu. Ermənistan tərəfindən ərazilərimizin 20 faizinin işğalı dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdıldı və talan edildi, təhqir olundu. Bütün bu illər ərzində Ermənistan Azərbaycana qarşı olmazın vəhşiliklər, hərbi cinayət əməlləri törətdi. Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, Birinci Qarabağ müharibəsindən bu günə qədər 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşmüş sayılır. Ermənistan isə hələ də Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları təqdim etməkdən yayınır. Halbuki, itkin düşmüş kimi qeydə alınan insanların böyük əksəriyyəti ermənilər tərəfindən işgəncələrə məruz qoyulub, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Son dövrlərdə işğaldan azad edilmiş ərazilərdə aşkar olunan kütləvi məzarlıqlarda tapılmış çoxsaylı dəlillər bunu deməyə əsas verir. Yaşananlar həm də bunu deməyə tam əsas verir ki, Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində Cənubi Qafqazı bütün tarix boyunca heç zaman qarşılaşmadığı dəhşətli bir bəladan, erməni faşizminin təhdidindən qurtardı.

Həmçinin Ermənistan bu günə qədər Azərbaycana mina xəritələrini də təqdim etməyib. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı nəzarətində olan Azərbaycan ərazilərində bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Bununla bir daha sübut olunur ki, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törətməyə israrla davam edir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024