Mobil versiya
Azərbaycan azad etdiyi ərazilərində öz resursları hesabına möhtəşəm yenidənqurma işləri həyata keçirir
Tarix: 17-10-2022 | Saat: 19:37
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan azad etdiyi ərazilərində öz resursları hesabına möhtəşəm yenidənqurma işləri həyata keçirir

Azərbaycan Prezidenti cənab İlham Əliyev oktyabrın 13-də Astanada keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxışında bir daha İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi tarixi Qələbənin əhəmiyyətini diqqət mərkəzinə çəkdi. Bu Qələbə ilə 30 il davam edən və bütün Cənubi Qafqazı daima gərginlikdə saxlayan Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.

Əlbəttə ki, işğal dövründə Azərbaycan hədsiz dərəcədə maddi və mənəvi ziyan vurulub. Bu illər ərzində erməni vandalları tərəfindən şəhərlərimiz və kəndlərimiz, mədəni və dini-tarixi abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ermənistan hökuməti, işğalçı erməni ordusu Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Son dönəmdə artıq işğaldan azad edilmiş ərazilərdə yerləşən kəndlərdən hələlik ikisində tapılan kütləvi məzarlıqlarda aşkar edilən faktlar sübut edir ki, itkin düşmüş sayılan Azərbaycan vətəndaşlarının əksəriyyəti əvvəlcə işgəncələrə məruz qoyulub, sonra isə öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan isə mina xəritələri ilə bağlı məsələdə olduğu kimi, öz vəhşi cinayətlərinin izlərini itirmək üçün Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən yayınır. Yeri gəlmişkən, Ermənistanın ölkəmizə qarşı davamlı olaraq törətdiyi mina terroru səbəbilə bu gün Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı əpazilərimizdə bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları məbləğində vəsait lazımdır.

Lakin bütün bunlara baxmayaraq Azərbaycan 2020-ci ildə apardığı ədalətli Vətən müharibəsinin nəticəsi olaraq azad etdiyi ərazilərində eyni zamanda həm minalardan təmizlənmə, həm də öz resursları hesabına möhtəşəm yenidənqurma işlərini aparır. Artıq ölkəmizdə “Böyük Qayıdış” adlanan proqramın icrasına start verilib. Bu proqramın icrası keçmiş məcburi köçkün vətəndaşlarımızın öz doğma yurdlarına qayıdış prosesini nəzərdə tutur. Həmçinin Azərbaycan tərəfindən həyata keçirilən və azad edilmiş əraziləri də əhatə edən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Eyni zamanda da ölkəmiz Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Hər zaman olduğu kimi, Azərbaycan özünü bu dəfə də dünyaya sülhün həqiqi tərəfdarı kimi tanıtdı. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliklərə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Lakin Ermənistan hələ də bu tarixi şansdan yararlanmağa tələsmir. Əksinə, artıq iki ildifr ki, Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan hələ də sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024