Mobil versiya
Ölkə rəhbərimizin milli maraqlara söykənən prinsipial və qətiyyətli mövqeyi inkişafın təməlində dayanır.
Tarix: 17-10-2022 | Saat: 10:16
Bölmə:Ölkə | çapa göndər

Ölkə rəhbərimizin milli maraqlara söykənən  prinsipial və qətiyyətli  mövqeyi inkişafın təməlində dayanır.

Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür.Seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, gələcək inkişafına və tərəqqisinə səs verdi. Cənab İlham Əliyev artıq on doqquz ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir.Müasir tariximizə möhtəşəm 19 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib.Cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən müddət ərzində Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi, dövlətin və xalqın təhlükəsizliyinin, bütün sahələrdə davamlı və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində uğurlu islahatlar həyata keçirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı.Ötən 19 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.Azərbaycanın bu günkü inkişafı məhz Ümummilli Lider Heydər Əliyev siyasi xəttinin ölkəmizdə davam etdirilməsinin nəticəsidir. 2003-cü ildən başlayaraq, Prezident kimi fəaliyyət göstərən cənab İlham Əliyevin ilk atdığı addım ölkənin sosial iqtisadi inkişafı problemlərini həll etdi. Regionların sosial-iqtisadi inkişafı proqramının həlli ilə ölkənin iqtisadi qüdrətini gücləndirdi. Neft amilini insan amilinə çevirdi. Cənab İlham Əliyev xalq qarşısındakı xidmətləri ilə özünütəsdiq etmiş praqmatik siyasətçi idi və bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. Prezident İlham Əliyev 19 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib.

Sevindirici və qürurlandırıcı faktdır ki, Azərbaycan regionun lider dövləti kimi, eyni zamanda beynəlxalq arenada yüksək nüfuz və söz sahibidir. Çünki çoxşaxəli inkişaf strategiyalarının, müxtəlif iqtisadi, regional layihələrin uğurla icra edilməsi nəticəsində Azərbaycanın mövqeyi möhkəmlənməklə yanaşı, bir sıra dövlətlərlə əlaqələrin daha da yaxınlaşmasına səbəb olub. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Dünyada enerji böhranının yaşandığı bir vaxtda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və təminatında əsaslı rol oynaması olduqca əhəmiyyətlidir, eyni zamanda bu, dövlətimizin bu sahədə digər dövlətlərə və xalqlara dəstəyinin təzahürüdür. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başlayıb və bu da öz növbəsində Azərbaycan və Avropa arasında münasibətlərin daha da inkişaf etməsinə, digər bir sıra sahələrdə yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycanın milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi.

Ölkəmiz təkcə siyasi və diplomatik sahələrdə deyil, hərb sahəsində də qətiyyətini sübut edib. Belə ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən üzərində qələbə çalaraq 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Azərbaycan ədaləti bərpa etdi. Diplomatik gedişlərlə, dünya diplomatik elminin həyata keçirilməsi yolu ilə, xalqla dövlətin birliyi, hərbimizin gücü, ölkənin iqtisadi qüdrəti nəticəsində güclənmiş ordumuz 44 gün ərzində 200 ildən artıq mövcud olan problemimizi həll etdi. Ölkəmiz region və dünya üçün təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında peşəkarlıq göstərir, özünün qətiyyətli mövqeyi və müstəqil siyasi iradəsi ilə dünyada sülhə, sabitliyə, əmin-amanlığa önəmli töhfələr verir.
Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.

Dövlət və cəmiyyət həyatının bütün sahələrində dəyişikliklərin baş verdiyi ötən 19 il göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Azərbaycan xalqı öz liderinə güvənib, ona ən güclü dayaq oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar isə ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025