Mobil versiya
Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir
Tarix: 14-10-2022 | Saat: 09:15
Bölmə:Ölkə | çapa göndər

Ərazi bütövlüyümüzün bərpa olunması Prezident  İlham Əliyevin siyasətinin şah əsəridir

2003-cü ilin oktyabr ayı Azərbaycanın taleyüklü məsələlərindən birinin həlli baxımından ciddi tarixi hadisənin baş verdiyi dönəm kimi yaddaşlarda yaşayır və tarixdə mühüm mərhələ kimi qalacaqdır. Siyasi gərginlik fonunda baş verən hadisələrə nəzər saldıqda Azərbaycan xalqının müdrik qərar verməsi, öz liderinə inam və etibar etməsi. Seçim edərkən yüz ölçüb bir biçməsi insanda qürur hissi doğurur.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Bu missiyanı layiqincə həyata keçirəcək, xalqı işıqlı sabhalara aparacaq lider İlahm Əliyev idi. Bu o şəxs idi ki, Ulu Öndər xalqa müraciətində onu “yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət” kimi xarakterizə edərək deyirdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoydu. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. 
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.
İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.
Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Gənclər siyasəti sahəsində əldə olunan uğurlar gələcəyə hesablanmış siyasətin nəticəsidir. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.
Bu qədər uğura imza atan lideri ilə Azərbaycan xalqının öyünməyə, qürur duymağa haqqı var. Müdrik və qətiyyətli, səbrli və əzmli rəhbəri olan bir xalq daha böyük qələbələr qazanacaq, tarixə dah şanlı səhifələr yazacaqdır.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024