AZ RU Mobil versiya
Yüz yaşa Nadir müəllim!
Tarix: 11-05-2022 | Saat: 15:15
Bölmə:Təhsil | çapa göndər

Yüz yaşa Nadir müəllim!

(Əziz dostum Nadir İsrafilovun 70 illiyinə)

Pedaqoji fəaliyyətimdə iki şəxsdən öyrəndiklərim mənə daim yol göstərib. Onlardan biri pedaqoji ictimaiyyətin yaxından tanıdığı, hamının “bizim Nadir müəllim”idir. Nadir İsrafilovu deyirəm. Sözü bütöv, təmənnasız, qayğıkeş, rəhbər kimi rəhbər, dost kimi dost, yorulmayan, suallardan bezməyən Nadir müəllimi.

Xaçmazda doğulub, Xaçmazda birinci sinfə gedib. Atası Bakıda, neft mədənlərində işlədiyindən Bakıya köçüblər. Ali təhsil aldıqdan sonra yenə doğma Xaçmaza qayıdıb. Bu dəfə müəllim kimi. Müəllimliyə olan həvəsi kəndə çəkib. Müəllim komsomol təşkilatının katibi seçilib. Gənc olmasına baxmayaraq az bir zamanda rayonun sayılan, seçilən müəllimlərindən biri olub. Alekseyevka kənd məktəbində işlədiyi dövrü özü belə nəql edir:
“Gənc müəllimlərlə sahələrə pomidor yığmağa gedirdik. Uşaqlar balaca idilər, 15-20 kiloluq pomidor yeşiklərini qaldırıb maşına yükləməyə gücləri çatmırdı. Ona görə də mən onlara kömək edirdim. Bir dəfə uşaqlara kömək edən zaman pomidorların suyu ağ köynəyimin üzərinə tökülüb qızartmışdı. Həmin vaxt raykomun birinci katibi sahəyə gəldi. Məni bu vəziyyətdə görüb direktorun harada olduğunu soruşdu. Direktor işdə yox idi, lakin mən direktoru ələ verə bilməzdim, işləri var, bir azdan gələcək dedim. Lakin mənə inanmadı, yanındakılara tapşırıq verdi ki, direktor dərhal vəzifəsindən azad olunsun və bu gənc oğlan məktəb direktoru təyin olunsun. Bunun üçün özləri sənədlərimi rayon partiya komitəsinə göndərdilər təsdiq olundu. Daha sonra isə ordan Maarif Nazirliyinə (İndiki Təhsil Nazirliyi) göndərdilər. Həmin dövrdə maarif naziri Akademik Mehdi Mehdizadə idi. Onun otağına daxil olanda eynəyini aşağı salıb mənə baxdı və dedi: “Gənc oğlan, sizin az müddətdə böyük xidmətləriniz var, amma biz sizi məktəb direktoru təyin edə bilmərik. Çünki SSRİ Maarif Nazirliyinin xüsusi təlimatı var ki, məktəb direktoru yalnız 5 il pedaqoji təcrübəsi olan adamlar təyin oluna bilər”. Mənim də 6 ayım çatmırdı, ona görə də məni ehtiyat kadr kimi saxladılar. 6 ay ərzində yerli sərəncamla məktəb direktorunu əvəz etdim. Vaxt tamam olduqdan sonra direktor oldum. O kənddə mənə çox böyük hörmət var idi, elçilik olanda məni aparırdılar. Həmin kənddə 15 elçiliyə getmişəm”.

Azərbaycan Təhsil Problemləri İnstitutuna qəbul olduqdan sonra yenidən Bakı həyatı başlayır. Elmi axtarışlar, yaradıcılıq işləri xeyli vaxtını aparır.
Qəribə taleyi var Nadir müəllimin. 3 dəfə dissertasiya işi yazır. Hər dəfə də keçmiş SSRİ rəhbərlərinin ölümü dissertasiyanın müdafiəsinə imkan vermir. Ona görə ki mövzu sovet ideologiyası ilə yanaşı, həmin dövrdə ölkəyə rəhbərlik edən şəxsin fəaliyyəti ilə əlaqədar olur. L.Brejnev, Y.Andropov və K.Çernenkonun dalbadal vəfat etməsi Nadir müəllimə düşmür, ardınca isə SSRİ-nin çökməsi hər şeyi alt-üst edir. Beləliklə də onun elmi işi dayanmış olur. Bu da həyatınmı, yoxsa taleyinmi ironiyası olur, demək çətindir.

Bir neçə il Nəsimi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. Sonra Bakı Baş Təhsil idarəsində inspektor, nəhayət BŞTİ-nin Strateji təhlil və planlaşdırma sektorunun müdiri kimi fəaliyyət göstərir.

Bizim tanışlığımız da ondan sonra başladı. 2006-cı ildə Rayon Təhsil Şöbələri ləğv edilib Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarananda. Nadir müəllimin birbaşa müdaxiləsi və zəmanəti ilə müdiri olduğu sektora məsləhətçi vəzifəsinə qəbul edildim.

Nadir müəllimin nadir keyfiyyətləri var. İşdə də, kənarda da tabeliyində olan insanlarla özünəməxsus xoş münasibəti də tələbkarlığı da həmahəngdir. İşçisi ilə dost olmağı bacarır. Ağsaqqallığı da, nəsihətamiz fikirləri də heç kimdən əsirgəmir. Tapşırdığı işi nəzarətdə saxlamaqla bərabər istiqamət verir, işin keyfiyyətli və qaydasında başa çatmasına kömək edir.

Çox şey öyrəndim Nadir müəllimdən. Yaxşı yaddaşı var. 1960-cı ildən bu yana təhsil sahəsində verilən bütün qərarları, təlimatları əzbər bilir. Hansı situasiyada necə hərəkət etməyi öyrədir. Kiməsə, nəyisə öyrətməkdən, kömək etməkdən zövq alır bu adam. Təmənnasız, gözü-könlü tox adamdır. O, genişürəkli, tolerant xislətlidir. Dedi-qodu, qarayaxma kimi naqisliklərdən xalidir. Sözünü açıq deməyi xoşlayır, gördüyü nöqsanları, narazı olduğu məqamları mərd-mərdanə üzə deməkdən çəkinmir. Hər bir məsələdə haqq-ədalət tərəzisi dəqiq işləyir. Mənəviyyatca təmizdir, işində, vəzifə borcunun icrasında təmənnasızdır. “Şöhrətin külək kimi olduğunu, həmişə eyni səmtə əsmədiyini” yaxşı bilir. Boğazdan yuxarı deyilən sağlıqlar daxildən gəlmir deyə, heç bir zaman onun içinə sinmir. Qurşaqdan aşağı vurulan zərbələri kişiliyə yaraşdırmır. Tanrı ətəyindən yapışıb, şeytana qulluq edənlərlə işi yoxdur.

Bir insan haqqında nə qədər xoş sözlər demək mümkündürsə Nadir müəllimə şamil etmək olar. Hər bir məsələyə özünəxas yanaşması var. Fikrini də məntiqlə əsaslandırır. Onunla söhbətdən doymaq olmur. Bəzən mübahisə də edirik. Nəyəsə narazılığımı bildirəndə diqqətlə dinləyir, haqlı olduğumu da inkar eləmir. Jurnalistlərlə dostdur.Təhsil bilicisi kimi hamı ona üz tutur, şikayəti olan da, problemi olan da, sualı olan da. Çoxsaylı zənglərə, suallara səbrlə cavab verir, fikrini bildirir, kömək edir.

Xatirələri bir neçə kitaba sığar. Acılı, şirinli xatirələrini də özünəməxsus dildə, yumorqarışıq təqdim edir.

Bu günlərdə 70 yaşı tamam oldu Nadir müəllimin. 50 ilini təhsilin inkişafına, pedaqoji kadrların yetişdirilməsinə həsr edilmiş bir ömür. Amma ruhən cavandır. Düz danışıb yüz yaşamaq istəyir. Ona həsr etdiyim şeirimdə dediyim:

Nadir müəllim,mən bilirəm dünyada,
Düz danışıb yüz yaşamaq çətindir.
Ürəyində haqq deyilən ocaqdan

Qalıbdısa köz, yaşamaq çətindir- fikrimi təkzib etmək üçün. Mən də, bütün dostlar da bunu istəyirik. Yüz yaşa Nadir müəllim!

Şəmsi Qoca,
şair-publisist, AYB-nin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5246 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022