Mobil versiya
Rəşad Həsənov: “10 noyabr Bəyannaməsinin bütün müddəaları Azərbaycanın maraqlarına tam uyğundur”
Tarix: 06-11-2021 | Saat: 10:08
Bölmə:Siyasət | çapa göndər

Rəşad Həsənov: “10 noyabr Bəyannaməsinin bütün müddəaları Azərbaycanın maraqlarına tam uyğundur”

“10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycan-Ermənistan münaqişəsinin hərbi mərhələsi başa çatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Üçtərəfli Bəyanatın imzalanması ilə bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təntənəsinin şahidi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri rəşadət nümayiş etdirərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.”

Bunu mətbuata verdiyi açıqlamada Astara Rayon Təhsil Şöbəsinin müdiri, YAP Astara Rayon Təşkilatı İdarə Heyətinin üzvü Rəşad Həsənov deyib.

Hakim partiya təmsilçisi bildirib ki, Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi müasir müharibə taktikasının bu gün bütün dünyada öyrənilməsi şanlı Ordumuzun qüdrətinə dəlalət edən daha bir amildir: “Bu bir həqiqətdir ki, yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası təhlil olunaraq belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.”

Həmçinin Rəşad Həsənov Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının qeyd edərək bunları deyib: “Azərbaycanın tarixi qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Təbii ki, bu imkanlar regional iqtisadi əməkdaşlıqda maraqlı olan ölklər tərəfindən yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Dövlətimizin başçısı deyib ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. Hətta Ermənistan da bu imkanlardan yararlanmaq şansı alacaq. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir. Lakin Ermənistan tərəfi bütün bu layihələrə qatıla bilmək üçün ilk növbədə özünü islah etməli və ən azından bundan sonra xoşməramlı siyasət yürüdəcəyinə Azərbaycanı inandırmalıdır. Bununla belə bütün dünya bilməlidir ki, istənilən halda nə Ermənistanın, nə də onun havadarlarının mövqey və rəyləri Azərbaycanın planlarını pozmağa, ölkəmizi daha firavan gələcəyə doğru inamla irəliləməsini əngəlləməyə qadir deyil. Azərbaycan Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəsilə tarixi ədaləti bərpa etdi və bundan sonra da öz Zəfər yoluna inamla davam edəcək.”

Sonda Rəşad Həsənov belə bir məqamı da qeyd edib ki, Üçtərəfli Bəyanatın imzalanması ilə Cənubi Qafqazda yaranmış yeni reallıqların hüquqi və siyasi əsası qoyulmuş oldu: “Məlum olduğu kimi, Üçtərəfli Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Beləliklə Türkiyə və Rusiya arasında yeni əməkdaşlıq formatı yaranıb ki, bu da Azərbaycanın yaratdığı yeni reallıqların təzahürlərindən biridir. Lakin Azərbaycan üçün ən vacib olan məqamlardan biri təbii ki, Üçtərəfli Bəyanatda Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasının təsdiq olunmasıdır. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Sözsüz ki, bütün regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu məsələ ilə bağlı çox maraqlı daha bir məqam da budur ki, bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu fakt bir daha onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarında deyil. Nəhayət, daha bir vacib məsələ də məcburi köçkünlərin geri qayıtmaları məsələsidir. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. Bununla da bölgədə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025