Mobil versiya
Vətən torpağına bənzəyən şair...- Fuad Biləsuvarlı yazır
Tarix: 16-05-2025 | Saat: 12:22
Bölmə:Ölkə | çapa göndər

Vətən torpağına bənzəyən şair...- Fuad Biləsuvarlı yazır



RƏSUL RZA - 115


Rəsul Rza poeziyası həmişə sevilən, düşündürən bir poeziya idi. Onun sərbəst şeir üslubunda yazdığı şeirlər heç də birmənalı qarşılanmırdı. Amma Rəsul Rza bu üslubda yüksək poetik nümunələr yaradırdı. Heç bir iradlar, mənasız fikirlər onu bu yoldan çəkindirə bilmirdi. Sanki şair belələrini nəzərdə tutaraq yazırdı.

- Mübarizə bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında.

Rəsul Rza poeziyamızın nəhənglərindən idi. "Dəryada cəsarətlə dayanan qocaman bir dağa" bənzəyirdi.
O novator şair idi. Sərbəst şeir formasında yazan bir şair kimi əvəzsiz idi. Hansı mövzudan yazmasından asılı olmayaraq onun şeirlərində böyük həyati həqiqətləri vardı. Böyük ədib və dramaturqumuz İlyas Əfəndiyev Rəsul Rza poeziyası haqqında yazırdı: "Onun poeziyasında qılınc kimi kəskin ifadələr vardır..."
Rəsul Rza yazırdı, yorulmadan, usanmadan yazırdı. Yaratdığı şedevr nümunələr poeziyasevərlərin dillər əzbərinə çevirilirdi.

-Od nə çəkdi
Küldən soruş
Hansı şeirim
Hansı sözüm
Yaşayacaq məndən sonra
Mən bilmərəm
Eldən soruş...

Bəli, bunlar idi, Rəsul Rza şeirinin dərinliklərində gizlənən həqiqətlər.
Sərbəst şeir vəznində yazdığı şeirlərə görə bədxahların tənqid hücumlarını qətiyyətlə dəf edən, fikrindən, əqidəsindən və mübarizədən dönməyən şair oğlu Anarın narahatlığına cavab olaraq ona yazırdı:
"Məgər sən atanın həyata ilk qədəm qoyduğu gündən mübarizələrdən, həyatın sınaqlarından, illərin, günlərin imtahanından keçdiyimi bilmirsənmi?! Yeni yaradıcılıq səfərinə, yeni mübarizələrə özümdə hər zaman olduğundan artıq qüvvət hiss edirəm. İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm..."




Rəsul Rza böyük şairimiz Sabiri çox sevirdi. "Sabir kişi şairdi", - deyirdi. Əslində onun özü də əsl kişi şair idi. Mərd, əyilməz, sözü üzə deyən bir insan.
Aşağıdakı sətirlər Vaqif Səmədoğlunundur:

- Yerişi ağır, ayaqlarındakı
Yaradan azacıq axsaq,
Oturuşu Xan oturuşu
Ürəyi pambıq, dili bıçaq
gözləri ala.

Vaqif Səmədoğlu bu qiymətli misraları Rəsul Rza haqqında yazmışdı.
Rəsul Rza poetik sözün əsl ustadı idi. Onun sərbəst üslubda yazdığı dərin məzmunlu şeirlərini dərindən başa düşməyənlər bilmirdilər ki, o, heca vəznində də gözəl nümunələr yaradırdı.

- Könlüm nəğməli neydi,
Dilim dolu gileydi.
Öldürdü nazın məni
İnsaf da yaxşı şeydi.

Xalq artistimiz Zeynəb xanım Xanlarovanın ifasında bu mahnı həmişə sevilən nəğmələrdən olmuşdur.

- Səhərlərim açılır,
Könlüm açılmır nədən?
Nəfəs alıb verdikcə
Ömürdür keçib - gedən.

Sarı-sarı yarpaqlar,
Budaqlarda titrəşir.
Onları yavaş-yavaş,
Yuyur yağış mürdəşir...

Uzun illər tanınmış müğənnilərin repertuarından düşməyən məşhur bəstəkar Tofiq Quliyevin bu bəstəsini kim dinlədikcə dinləmək istəmir?!

- Üzüyümün qaşı firuzədəndir
Könlüm açılmayır, bu gün nədəndir.

Onu da qeyd edək ki, bu mahnı həm də Ulu Öndərimizin çox sevdiyi bəstələrdən biri idi.

- Mənsiz bu dünyanın olsan qonağı
Nə olar, sevgilim, sağ ol təki sən.
Kim görsə boyasız gülgün dodağı,
Onsuz da biləcək, sən mənimkisən...

Şair bu şeiri - 1942 - ci ildə, hərbi müxbir kimi cəbhə bölgəsində olarkən yazmışdı.
Rəsul Rza xalqımızın misilsiz ziyalılarından biri idi. Şair, dramaturq, tərcüməçi, ictimai xadim. Daşıdığı bütün məsul vəzifələrdə ona tapşırılan vəzifəni layiqincə yerinə yetirmişdi. Təsadüfi deyil ki, müharibədən sonra, 1946 - cı ildə Azərbaycanda Kinomatoqrafçılar Komitəsi yaradılanda onun sədri vəzifəsinə Rəsul Rza təyin olunmuşdu.
Sonralar Azərbaycan Sovet Ensklopediyasının redaksiya heyətinə rəhbərlik etmişdi. Və bu möhtəşəm nəşrin təşkilində onun fədakar əməyi vardı.
Böyük şair yaradıcılıq uğurlarına görə yüksək dövlət mükafatlarına layiq görülmüşdü. Azərbaycanın Xalq şairi kimi yüksək fəxri ad daşıyırdı. 1980 - ci ildə isə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdi.
Həmin fəxri adın ona təqdim edilməsi mərasimində şair iftixarla demişdi: "Mən bu gün Azərbaycan xalqının ən xoşbəxt oğullarından biriyəm..."
Üsyankar şairimiz Xəlil Rza Ulutürk onun haqqında belə söyləyirdi: "Rəsul Rza onu yetirən Azərbaycan torpağına bənzəyir..."
Həqiqətən Rəsul Rza xalqına, elinə, vətəninə, Azərbaycan torpağına qəlbən bağlı bir insan idi.
Belə adamların dünyasını dəyişməsinə adamın inanmağı gəlmir. Qəribədir ki, onun vəfatı da 1 aprel tarixinə, 1981- ci ilə düşmüşdü. Məzarı Fəxri Xiyabandadır. Ruhu şad olsun!!!

Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025