Mobil versiya
Fərahim Əhmədov: “Möhtərəm Prezidentimiz artıq bütün dünyaya açıq-aydın bəyan edib ki, anlaşmaq üçün Azərbaycanla yalnız bir dildə - qarşılıqlı hörmət və bərabərlik dilində danışmaq olar.”
Tarix: 04-05-2021 | Saat: 15:16
Bölmə:Gündəm | çapa göndər

Fərahim Əhmədov: “Möhtərəm Prezidentimiz artıq bütün dünyaya açıq-aydın bəyan edib ki, anlaşmaq üçün Azərbaycanla yalnız bir dildə - qarşılıqlı hörmət və bərabərlik dilində danışmaq olar.”


Bu gün mütərəqqi Azərbaycan gəncliyi ölkəmizdə və dünyada gedən ictimai-siyasi prosesləri diqqətlə izləyir, cərəyan edən hadisələrə konkret münasibət bildirməklə öz mövqeylərini təsdiqləyirlər. Qeyd etmək lazımdır ki, bu göstərici Azərbaycanda həyata keçirilən gənclər siyasətinin effektivliyini və bu kursun bilavasitə cəmiyyətimizdə müasir, müstəqil və sağlam düşüncəli vətənpərvər gəncliyin formalaşması işinə yönəldiyini təsdiq edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının üzvü, Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Fərahim Əhmədovun saytımıza verdiyi müsahibəsi ölkəmizdə və dünyada baş verən bəzi hadisələrin analitik təhlili baxımından kifayət qədər böyük maraq doğurur.


- Fərahim bəy, bu gün Azərbaycan cəmiyyətində maraqla müzakirə olunan mövzulardan biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Necə düşünürsünüz erməni separatçıları bu layihənin reallaşdırılmasına mane olmağa cəhd göstərsələr, bu hansı nəticələrə səbəb ola bilər?

- İlk növbədə tam birmənalı olaraq vurğulanmalıdır ki, bu layihənin taleyi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev qəti fikrini bildirib və bunun ikinci bir alternativi ola bilməz. Dövlətimizin başçısı aprel ayının 20-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bir daha vurğuladı ki, Azərbaycan xalqı ermənilərin ona qarşı törətdiyi vəhşilikləri heç zaman unuda bilməz. Lakin, bununla belə biz gələcəyə baxmalıyıq. Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Aydındır ki, dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Prezidentimiz İlham Əliyevin söylədiyi kimi, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır!”


- Yeri gəlmişkən, Ölkə Prezidenti qeyd etdiyiniz həmin müsahibəsində “İsgəndər-M” raketinin Ermənistana gətirilməsi, ondan Vətən müharibəsində qanunsuz olaraq istifadə edilməsi və silah qaçaqmalçılığı məsələlərinə də çox kəskin və sərt münasibət bildirilmişdi. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev qalib ölkənin sevilən lideri, müzəffər ordunun Ali Baş Komandanıdır. Möhtərəm Prezidentimiz artıq həm diplomatik, həm də hərbi-siyasi müstəvidə əldə etdiyi möhtəşəm uğurlarla bütün dünyaya açıq-aydın bəyan edib ki, anlaşmaq üçün Azərbaycanla yalnız bir dildə - qarşılıqlı hörmət və bərabərlik dilində danışmaq olar. Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan tam müstəqil dövlətdir və ölkəmizə qarşı yol veriləcək istənilən hüquq pozuntusuna dair istənilən dövlətdən hesab tələb etmək hüququna və gücünə sahibdir. O cümlədən Prezident İlham Əliyev“İsgəndər-M” məsələsi ilə bağlı prinsipial mövqe tutaraq qarşı tərəfə çox ciddi suallar ünvanlamışdı. İxrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri isə daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Əlbəttə ki, hadisələrin sonrakı inkişafı möhtərəm dövlət başçımızın verəcəyi qərara bağlıdır. Bununla belə Azərbaycanın hətta Rusiya kimi nəhəng bir super dövlətdən də lazım olarsa, hesab tələb etməyi bacarması artıq dövlətimzin gücündən və yüksək beynəlxalq nüfuzundan xəbər verir.

- Fərahim bəy, bildiyiniz kimi, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 77-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə erməni faşizminin nəticələrinin aradan qaldırılması ilə bağlı danışarkən önəmli açıqlamalar təqdim etmişdi. Bu barədə fikirlərinizi bilmək bizim üçün maraqlı olardı.

- Məlum olduğu kimi, ötən il Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və özünün ərazi bütövlüyünü bərpa etmişdir. Bununla da Cənubi Qafqaz bölgəsində Ermənistanın işğalçı siyasətinə son qoyuldu. Bu gün Azərbaycanın Qələbəsi və bu zəmində Cənubi Qafqazda yaranmış yeni reallıqlar bütün region ölkələri və qonşu dövlətlər üçün geniş inkişaf perspektivləri açır. Lakin dünyada hələ də bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın, o cümlədən Cənubi Qafqaz regionunun dayanaqlı inkişafı üçün təhdidlər yaradır. Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də konstruktiv mövqedən çıxış edərək, ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət etdi. Bu gün işğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Bütün bu əməllər birmənalı olaraq hərbi cinayət kimi qiymətləndirilməli və bu cinayəti törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.


- Fərahim bəy, sonda bir məsələ barədə də fikirlərinizi almaq istərdim. Bildiyiniz kimi, aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib. Necə bilirsiniz, bu, “Ağ ev”in rəsmi mövqeyi hesab oluna bilərmi?

- Düşünürəm ki, ABŞ prezidentinin bu ifadəsi daha çox erməni əsilli seçicilərinə və müəyyən işbirliyində olduğu ermənipərəst dairələrə bir jest olaraq qəbul edilə bilər. Təbii ki, Cozef Baydenin ifadə etdiyi fikirlər tarixi həqiqətlərin təhrif olunmasıdır. Bir vaxtlar erməni terrorizminə haqq qazandırmaq məqsədilə ortaya atılmış “erməni soyqrımı” ifadəsini ABŞ kimi nüfuzlu bir dövlətin başçısının dilindən eşitmək də son dərəcə məyusedicidir. Əfsuslar olsun ki, erməni uydurmalarını həqiqət kimi qəbul edib tarixdə heç vaxt olmayan qondarma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ prezidenti 30 il əvvəl real həyatda baş vermiş dəhşətli faciəni - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqrımı unudur. Tarixən millətçilik, faşizm, işğalçılıq və terrorizm ideologiyası üzərində qurulan erməni terror təşkilatları türk-müsəlman əhalisinə, hökumət adamlarına qarşı qanlı sui-qəsdlər törətmiş, terror aktlarının, qətliamların, soyqırımlarının təşkilatçısı və icraçıları olmuşlar. Saysız-hesabsız tarixi sənədlərlə təsdiq olunan bu faktlar qarşısında erməni millətçilərinin uzun illərdir ki, Osmanlı İmperiyasının varisi olan qardaş Türkiyəyə qarşı əsassız “soyqırımı” iddiaları absurddur. Avropa məhkəməsinin təsdiq etməkdən imtina etdiyi və əsassız faktlara söykənən “soyqırımı” sayıqlamasının indi də şişirdilərək ABŞ prezidenti tərəfindən rəsmi bəyanatda səsləndirilməsi ABŞ-ın milli və strateji maraqlarına uyğun deyil. ABŞ siyasəti üçün bu utancverici və düşüncəsiz bəyanat C.Baydenin erməni lobbisi ilə seçki kampaniyası üçün siyasi bazarlığının rüsvayçı nəticəsidir. Həmçinin günbəgün güclənən, öz milli maraqlarını hər şeydən üstün tutan, “idarə olunmayan” Türkiyəyə qarşı siyasi təzyiq cəhdidir. Türkiyəyə qarşı yönəlmiş hər hansı bir addım isə bizə qarşı yönəlmiş təhdiddir. Türkiyəni tam dəstəkləyirik və qeyri-real hadisələrin araşdırılmadan, faktlara əsaslanmadan “erməni soyqırımı” kimi təqdim edilməsini qınayır və qubuledilməz hesab edirik.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2025