Mobil versiya
Şuşa qələbəmizin zirvəsi, milli qürurumuzun özəyidir
Tarix: 02-11-2026 | Saat: 11:29
Bölmə:Siyasət | çapa göndər

Şuşa qələbəmizin zirvəsi, milli qürurumuzun özəyidir

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu tarixi sözləri xalqımızın yaddaşına əbədi həkk olunub. Bu sözlər təkcə bir şəhərin azadlığını deyil, bütöv bir xalqın iradəsini, əzmini, milli birliyini və tarixi ədalətin bərpasını ifadə edir. 8 Noyabr – Şuşa şəhəri günü Azərbaycanın müasir tarixində Zəfərin, qürurun və doğma yurda qayıdışın rəmzi kimi xüsusi yer tutur.

Şuşa Azərbaycan xalqının tarixini, mədəniyyətini, musiqisini və mənəvi dünyasını özündə yaşadan müqəddəs şəhərdir. Qarabağın tacı adlandırılan bu qədim məkan əsrlər boyu Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa görkəmli şair və yazıçıların, musiqiçilərin, sənətkarların və dövlət xadimlərinin yetişdiyi zəngin bir mədəniyyət beşiyidir. Molla Pənah Vaqifin poeziyası, Xurşidbanu Natəvanın yaradıcılığı, Üzeyir Hacıbəylinin musiqisi, Bülbülün ecazkar səsi bu şəhərin adını Azərbaycanın hüdudlarından çox-çox uzaqlara aparıb.

Qarabağ Zəfərinə aparan yol uzun illər ərzində formalaşan siyasi iradənin, dövlət quruculuğunun və hərbi qüdrətin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, ordunun müasirləşdirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi tarixi qələbənin əsasını yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın torpaq həsrətinə son qoymaq əzmini bütün dünyaya nümayiş etdirdi. Ordumuzun döyüş meydanında göstərdiyi qəhrəmanlıq, xalqımızın Ali Baş Komandan ətrafında sıx birləşməsi və milli həmrəylik Zəfərə gedən yolu sürətləndirdi. Müharibənin ilk günlərindən Şuşanın azad olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanırdı.

Çünki Şuşasız Qarabağ Zəfəri mənəvi və tarixi baxımdan tamamlanmış sayıla bilməzdi.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad edərək tariximizin ən şanlı səhifələrindən birini yazdı. Şəhərin sıldırım qayaları, çətin relyefi, meşələri və dar keçidləri hərbi əməliyyatın mürəkkəbliyini daha da artırırdı. Lakin qəhrəman əsgər və zabitlərimiz böyük cəsarət, döyüş məharəti və sarsılmaz iradə nümayiş etdirərək düşmənin müdafiəsini yarıb Şuşaya daxil oldular.
Şuşa əməliyyatı hərb tariximizdə xüsusi yer tutan, Azərbaycan əsgərinin peşəkarlığını və Vətən sevgisini bütün dünyaya göstərən möhtəşəm qələbə idi. Noyabrın 8-də cənab Prezident İlham Əliyevin Şəhidlər xiyabanından Azərbaycan xalqına Şuşanın azad edildiyini elan etməsi milyonlarla insanın illərlə qəlbində yaşatdığı arzunu gerçəkləşdirdi. Həmin gün təkcə Şuşa deyil, xalqımızın milli qüruru və tarixi ədalətə inamı da yenidən ucaldı.
Şuşanın azad olunması ilə kifayətlənməyən Azərbaycan 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda separatçı rejimin fəaliyyətinə son qoydu. Bununla ölkəmizin suverenliyinin bütün ərazilərində bərpası istiqamətində mühüm mərhələ başa çatdı.

Şuşanın azadlığı ilə şəhərin tarixində yeni dövr başlandı. Dağıdılmış infrastrukturun bərpası, tarixi abidələrin qorunması, yolların çəkilməsi, yaşayış məhəllələrinin salınması və sosial obyektlərin yaradılması doğma şəhərin dirçəldilməsinə xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr Şuşanın tarixi simasını qorumaqla yanaşı, onun müasir inkişafına da zəmin yaradır.
Şuşaya aparan Zəfər Yolu bu qayıdışın rəmzlərindən biridir. Vaxtilə əsgərlərimizin çətin dağlıq ərazidən keçərək irəlilədiyi istiqamətdə salınan yol şəhərlə ölkənin digər bölgələri arasında əlaqəni gücləndirir. Tarixi-mədəni irsin bərpası çərçivəsində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi və bir sıra məscidlər yenidən qurulub və bərpa edilib. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin öz əvvəlki yerlərinə qaytarılması həm mədəni yaddaşın bərpası, həm də işğal dövründə vurulmuş ziyanın aradan qaldırılması baxımından böyük məna daşıyır.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildikdən sonra burada keçirilən beynəlxalq tədbirlər, “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri şəhərin mədəni həyatına yeni nəfəs verib. Şuşanın türk dünyasının və İslam dünyasının mədəniyyət paytaxtı kimi tanınması da onun beynəlxalq miqyasda artan nüfuzunu göstərir.

Bu gün Şuşa təkcə keçmişin xatirələrini qoruyan tarixi şəhər deyil, həm də Azərbaycanın gələcəyə inamının, quruculuq əzminin və milli birliyinin təcəssümüdür. Onun küçələrində yenidən həyat canlanır, tarixi abidələri bərpa olunur, yaşayış məhəllələri salınır, mədəni tədbirlər təşkil edilir. Ən başlıcası, illərlə doğma yurddan ayrı düşmüş insanların Şuşaya qayıdışı tarixi yaddaşımızın ən sevincli hadisələrindən birinə çevrilir.

8 Noyabr – Şuşa şəhəri günü bizə bir daha xatırladır ki, xalqın iradəsi, Vətən sevgisi və milli həmrəyliyi qarşısında heç bir çətinlik keçilməz deyil. Şuşanın azadlığı şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin qəhrəmanlığı bahasına qazanılıb. Bu müqəddəs qələbəni qorumaq, tarixi irsimizi gələcək nəsillərə çatdırmaq və Şuşanı daha da inkişaf etdirmək hər birimizin mənəvi borcudur.

Şuşa Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı, milli qürurumuzun zirvəsidir. Onun azadlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, ucalan bayrağımız isə bu qədim şəhərin səmasında daim dalğalanacaq.

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-11-2026