Mobil versiya
“Siyasətə qarışmayacaqsa, parlamentdə nə işi var?”
Tarix: 21-09-2020 | Saat: 17:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Siyasətə qarışmayacaqsa, parlamentdə nə işi var?”


Bir neçə gün öncə deputat Jalə Əhmədovanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Millət vəkilinin “Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam” fikri birmənalı qarşılanmayıb və sərt tənqid olunub.

“Qafqazinfo” xanım deputatın qalmaqallı açıqlaması ilə bağlı ictimai şəxslərin fikirlərini öyrənib:

Millət vəkili Fazil Mustafa bildirib ki, deputatın işi elə siyasətlə məşğul olmaqdır.

“Deputatın funksiyası siyasi funksiyadır. Beynəlxalq təşkilatlarda təmsil olunursan. O halda da konkret siyasətin içində olursan. Siyasətdən kənar qalmaq da olar. Deputat xalq tərəfindən seçilir. Ona görə də xalqa xidmət etməlidir. Bu kateqoriyaya daxil olan deputatlar seçiciyə xidmət və qanunverciliklə məşğul olurlar. Məsələn, YAP partiyasının üzvüdürsə, o zaman siyasətlə məşğul olmalıdır. Bu baxımdan deputat fəaliyyəti ixtisaslaşmış fəaliyyətlə yanaşı, həm də siyasi fəaliyyətdir”.

Deputat əlavə edib ki, ola bilsin ki, Jalə xanımın dediyi fikir konteksdən çıxarılıb:

“Başqa söz bəlkə deyib. Bu haqda deyə bilmərəm. Amma deputatın fəaliyyətinin əsas mövzusu siyasət olmalıdır”.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Jalə Əhmədovanın fikri keçmiş spikerlərin "bura siyasət meydanı deyil" açıqlamasını xatırladır:

“Bu, gülməli fikirdir. Deputat elə parlamentdə danışmalıdır. Əgər siyasətə qarışmayacaqlarsa, o zaman onların parlamentdə nə işləri var? Prosesləri izləməlisən, xarici-daxili siyasi vəziyyətə münasibətin olmalıdır. Mənə maraqlıdır ki, siyasətə qarışmayacaqsa, niyə deputat olub? Parlamentin yeni üzvü təcrübəsiz ola bilər. O, fərqli cavab verməli idi. Deyə bilərdi ki, hələ təcrübə toplamalıyam. Mən açığı deyim ki, yeni parlamentdə çoxunu tanımıram. Aktiv deyillər, eləcə də yeni başladığına görə də ola bilər. Pandemiya dövrü fəaliyyətdə passivlik yaratdı. Keçmiş parlamentdə təmsil olunanlardan hamısının şəklini masamın üzərinə qoysaydılar, uzağı 25-ni tanıya bilərdim. Çünki müzakirələrdə danışmırdılar, açıqlamalar vermirdilər. Parlament dəyişildi ki, millət vəkilləri aktiv olsun. Yeni gələn də deyirsə, mən siyasətdən uzağam, o zaman yeni parlament də köhnədən fərqlənməyəcək”.

REAL-ın Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərliyə görə, deputatın işi siyasətçi olmaqdır, işi də siyasətdir:

“Jalə xanım ola bilsin özü seçilməyib. Çünki siyasətlə məşğul olmadan deputat seçilmək olmur. Öz yığdığı səslərin hesabına deputat olsaydı, ona görə də siyasətlə məşğul olacaqdı. İnsanların probleminin həll olunması belə siyasətdən keçir. Siyasət faktoru geniş anlayışdır. Bizim deputatlar sadə məntiqləri anlamırlarsa, deputat seçilmələri sual altına düşür. Deməli, onlar seçilib yox, təyin olunublar”.

Media eksperti Qulu Məhərrəmli isə deyib ki, hərdən elə absurd bəyanatlar eşidirik ki, adama qəribə gəlir:

"Qanunverici orqanda təmsil olunasan və deyəsən mən siyasətdən uzağam. Jalə xanımın bu fikri yanlışdır. Siyasət deyəndə insanlar politologiya ilə məşğul olmaq, bəyanat vermək kimi məsələlərlə məşğul olmağı başa düşürlər. Amma bu dövlətin əsas siyasəti yürüdən yeri ali qanunvericilik orqandır. Qanunverici orqanda mövqe tutmaq, siyasətin içində olmaq deməkdir. Mənə elə gəlir ki, bu deputatın da siyasi kursda formalaşmasına ehtiyac var. Siyasi mənsubiyyətin olmamasını ehtiva edə bilər özündə. Ümumiyyətlə, deputat olub siyasətdən uzaq durmaq anlayışı yanlışdır. Mən arzu edirəm ki, xanım deputat bundan sonra bəyanatlar verəndə diqqətli olsun”.

Qeyd edək ki, deputatın müsahibəsi teleqraf.com saytında dərc olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə