Mobil versiya
Xətai təxəllüslü ilk şair kim olub? - TARİXİ FAKT
Tarix: 05-09-2019 | Saat: 09:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xətai təxəllüslü ilk şair kim olub?



İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoydu.

Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş verdi. Ağqoyunlu və Şirvanşah qoşunları ilə müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil oldu, özünü Azərbaycanın hökmdarı elan etdi.

Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya Qızılbaşlar dövləti yaradıldı.

Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

Şah İsmayılın yüksək hərbi istedadı haqqında K.Marks yazmışdı: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".

Şah az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və çoxcəhətli bir irs yaradıb. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlədib, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirib.

Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşdirib. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına gedib, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilib, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olub.

Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur.

Şah İsmayıl bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazıb. Bəs görəsən Şah İsmayıla qədər Xətai təxəllüsü ilə əsərlər yaradan yazıçı olubmu?

Bu sualın cavabını Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf verib.

Məlum olduğu kimi Şah İsmayılın ədəbi təxəllüsü "Xətai"dir. Halbuki, bu təxəllüs ondan əvvəl işlədilib. Belə ki, Ağqoyunlular dövlətinin sarayında yaşamış, hətta 4500 beytlik "Yusif ilə Züleyxa" poemasını qələmə alan şairin adı belə idi: Xətai Təbrizi, yəni Təbrizli Xətai.

Bu əsər Ağqoyunlu hökmdarı Sultan Yaquba ithaf edilib. Təəssüflər olsun ki, bu şair haqqında yetərincə məlumat yoxdur. Əsərin bir nüsxəsi məşhur alim Məhəmməd Əli Tərbiyətin şəxsi arxivində yer alırdı. Elə əsər və müəllifi haqqında da yeganə məlumat onun "Danişməndani-Azərbaycan" adlı əsərində qeyd edilib".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024