Mobil versiya
Region – Abşeron Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 12-03-2019 | Saat: 14:32
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Region – Abşeron Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq



Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq.

Layihənin bugünkü seçimi Abşeron rayonudur

Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkəmizin bütün bölgələrində olduğu kimi Abşeronun da inkişafına böyük təkan vermişdir. Bu rayonda həyata keçirilən sosial-iqtisadi islahatlar, sakinlərin həyatında, onların maddi rifah halının yüksəlməsində mühüm rol oynayır.

2018-ci il Abşeron rayonu üçün uğurlu illərdən biri olub




Bu sözləri 27 fevral 2019-cu il tarixində Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmiş Abşeron rayonunun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat iclasındakı çıxışında Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova deyib. Qeyd etmək lazımdır ki, bu gün Abşeron rayonunun kənd və qəsəbələri, Xırdalan şəhəri günbəgün gözəlləşir. Rayonda davamlı olaraq yeni, müasir infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır və yeniləri salınır. Abşeron rayonu bu gün həqiqətən də sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. Artıq başa çatmış Regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramı da Abşeron rayonunda uğurla icra olunmuşdur. Fevralın 27-də keçirilmiş hesabat iclasında geniş məruzə ilə çıxış edən İradə Gülməmmədova da ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işlərinin davam etdirildiyini vurğulamış, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqət mərkəzinə gətirmişdir. Qeyd olunmuşdur ki, Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bundan əlavə Ceyranbatan qəsəbəsində 8 çoxmənzilli yaşayış binasının dam örtüyü, fasadı, pilləkən qəfəsəsi, Mehdiabad qəsəbəsində 1 çoxmənzilli yaşayış binasının pilləkən qəfəsəsi təmir edilib. Ceyranbatan qəsəbəsində Təbrik küçəsi 1, 3, 5 saylı və Gündüz Abdullayev küçəsi 28 saylı çoxmənzilli yaşayış binalarının zirzəmilərinin kanalizasiya xətləri təmir edilib, binaların həyətində 300 mm diametrli 360 metr uzunluğunda kanalizasiya xətti çəkilərək zirzəmilərin subasması ilə bağlı problem tamamilə aradan qaldırılıb. Bundan əlavə həmin əraziyə 3000 kv.m asfalt örtük verilərək nümunəvi məhəllə yaradılıb.

Ümumiyyətlə isə, son bir neçə ildə Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində Abşeron rayonu ərazisində mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir

Xırdalanda əhatəli infrastruktur layihələrinin icrası uğurla həyata keçirilib




Ötən il Xırdalan şəhərinin küçə və məhəllələrində 5100 paqometr səki daşı düzülüb, 2100 kvadratmetr tomet döşənib, 44600 kvadratmetr sahəyə asfalt örtük verilib. Bundan əlavə 10 ədəd söhbətgah, 34 ədəd karusel və idman qurğusu quraşdırılıb, 3 bulaq inşa olunub. Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə 2017-ci ilin iyul ayından başlanılan işlər davam etdirilib, ötən müddət ərzində müxtəlif diametrli 109 km uzunluğunda içməli su, 61 km uzunluğunda kanalizasiya xətti çəkilib, 16481 ev birləşməsi verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tender təşkilatı tərəfindən ümumilikdə xətt çəkilişi işlərinin 65 faizi görülüb, işlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda Aşağı Güzdək qəsəbəsində 6500 m2-lik ərazidə park salınıb, qəsəbə ərazisində 100 ədəd oturacaq quraşdırılıb. Bundan əlavə, rayonun daxili imkanları hesabına yaşayış məntəqələrində küçə və yollarda 65 min kvadratmetr asfaltlama işləri həyata keçirilib, 22 min kubmetr çınqıl və ya karbonat tökülüb yayılıb. Rayon ərazisində park, yol kənarı və digər ərazilərdə 61 min ədəd zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib.

İqtisadiyyatın bütün sahələrində yüksək göstəricilər əldə olunub



Bu gün Abşeronda formalaşmış işgüzar mühit, quruculuq tendensiyası barədə rəy söyləyən ictimaiyyət nümayəndələrinin böyük əksəriyyəti bu fikirdədir ki, məhz İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra nisbətən qısa müddət ərzində qazanılan uğur və nailiyyətlər rayonun tərəqqisinə son dərəcə müsbət təsir göstərib. Artıq uzun müddətdir ki, Abşeronda əksər sahələrin fəaliyyətində davamlı olaraq böyük canlanma müşahidə olunmaqdadır. Rayonun bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Qeyd etmək lazımdır ki, rayonda dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur. 2018-ci ildə iqtisadiyyatın müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub.

* Sənaye



Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib ki, həyata keçirilmiş bu layihələr üzrə 397 yeni iş yeri yaradılıb. Eyni zamanda, Qobu qəsəbəsi ərazisində 0.7 hektar torpaq sahəsində xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Müəssisədə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Ötən il rayonda sənaye məhsulunun həcmi 24 faiz artaraq 228 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 8075 nəfər olub, çalışan işçilərin orta aylıq əmək haqqı 348 manat təşkil edib.

* Kənd təsərrüfatı




Həmçinin ötən il Abşeronda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunub. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 34 faiz artaraq 74 milyon manata çatıb. İl ərzində 648 hektar tərəvəz sahəsindən 76213 ton məhsul yığılıb. Hazırda Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında “Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı 2018-ci ildə 168 hektar sahədə yeni badam bağı salınaraq, ümumi sahəsi 378 hektara çatdırılıb. Qeyd edilib ki, hesabat dövründə büdcəyə 41 milyon 646 min manat vəsait cəlb olunaraq proqnoza 115.1 faiz əməl edilib, rayonun yerli xərcləri isə 97.1 faiz icra olunub.

* Bina tikintisi



Ötən ilin dekabr ayında Abşeron rayonuna məxsus ərazidə bütün infrastruktura malik 1000 ailəlik yeni yaşayış kompleksinin inşası başa çatdırılıb, qəsəbənin Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olub. 2019-cu ildə də məcburi köçkünlərin evlə təmin edilməsi davam etdiriləcək və Ölkə üzrə ümumilikdə 7000-8000 məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın qayğısı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatıb. Ümumilikdə Masazır kəndində bu məqsədlə 365 mənzildən ibarət 3 çoxmənzilli yaşayış binası tikilib istifadəyə verilib.

İnsanların rifahı durmadan yüksəlir, müasir həyat tərzi normaya çevrilir

2018-ci ildə Abşeron əhalisinin elektrik enerjisi ilə təminatı sahəsində də çox böyük layihələr həyata keçirilib. Rayonun yaşayış məntəqələrində 56 yeni transformator qoyulub, yaşayış məntəqələrində 139300 metr uzunluqda “SİP” kabelləşməsi aparılıb, 17058 ədəd sayğac quraşdırılıb. Masazır və Məmmədli kəndlərində inşa edilmiş 35 kv-luq yarımstansiyaların istifadəyə verilməsi nəticəsində əhalinin elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşdırılıb. Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Qobu, Hökməli yaşayış məntəqələrində müxtəlif diametrli 14.6 km uzunluğunda yeni təbii qaz xətləri çəkilib, 18 ədəd təzyiq tənzimləyicisi və 8026 ədəd sayğac quraşdırılıb. Qobu və Saray qəsəbələrinin təbii qazla təchizatında mövcud olan problemlər tamamilə aradan qaldırılıb.



Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun Pirəkəşkül, Qobustan kəndlərində daxili içməli su xətt şəbəkəsi yenidən qurulub və hazırda kənd sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 16 km uzunluğunda kanalizasiya xəttinin və iki nasosxananın inşası işləri başa çatdırılaraq istifadəyə verilib.

Vətəndaşların telefonla təmin edilməsi məqsədilə rayonun yaşayış məntəqələrində 400 abunəçi üçün yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilib. Görülmüş işlərin nəticəsi olaraq, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 95-ə, internet istifadəçilərinin sayı isə 54-ə çatdırılıb. Ötən il internet abunəçilərinin sayı 5 min nəfər artmaqla 40 mini ötüb.

Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı xüsusi diqqət mərkəzindədir

2018-ci il ərzində Abşeron rayonunun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. Ötən il rayonun Mehdiabad qəsəbəsində 1200 şagird yerlik məktəb binası istifadəyə verilib, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində 2 və 22 saylı körpələr evi-uşaq bağçası təmir olunub, Masazır kəndindəki Yeni Bakı yaşayış kompleksində 6 qruplu 120 yerlik, Görədil kəndində 4 qruplu 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri görülməkdədir. Tədris fəaliyyətinə yaradılmış şəraitin nəticəsidir ki, ötən il məktəbi bitirmiş məzunlardan 1306 nəfəri və ya 74.4 faizi respublikanın və xarici ölkələrin universitetlərinə daxil olaraq tələbə adını qazanıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ilin iyul ayında



Məmmədli kəndində yerləşən “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və abidə ərazisində turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon manat vəsait ayrılıb və hazırda bununla bağlı yenidənqurma işləri sürətlə davam etdirilir.

Vətəndaşların problemlərinin həlli istiqamətində təcili tədbirlər görülür

Bu gün Abşeron rayonunda gedən mütərəqqi proseslərdən, müşahidə olunan dinamik inkişafdan danışarkən belə bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, əldə edilən nailiyyətlərin ərsəyə gəlməsində rayon rəhbərliyinin tətbiq etdiyi idarəçilik üsullarının effektivliyi də önəmli rol pynayır. Belə ki, Abşeron RİH-nin başçısı İradə xanım Gülməmmədova öz fəaliyyətini bilavasitə rayon sakinləri ilə sıx əlaqələr, mütəmadi təmaslar əsasında qurub. Bu baxımdan yerlərdə əhali ilə əlaqələrin möhkəmləndirilməsi, insanları narahat edən sosial problemləri öyrənib, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, bununla əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi kimi məsələlər daim icra başçısı tərəfindən diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq keçirilən belə görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülür, onların həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılır və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar təcili tədbirlər həyata keçirilir. Əvvəlki dövrlərdə olduğu kimi hesabat dövründə də vətəndaşların qəbuluna diqqətlə yanaşılıb, rayon icra hakimiyyəti başçısının həftə ərzində bir gün rayon İcra Hakimiyyətində, bir gün isə yerlərdə olmaqla sakinlərin səyyar qəbulları təşkil edilib. Ötən il 690 nəfər vətəndaşın müraciəti dinlənilib, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülüb. Xüsusilə 2018-ci ildə rayonun qəsəbə və kəndlərində 8 min nəfərdən çox sakinin iştirak etdiyi 35 səyyar qəbul-görüş keçirilib.



Heç şübhə etmirik ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 4-cü Dövlət Proqramının icrası çərçivəsində də Abşeron rayonu sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni layihələrin reallaşacağı, quruculuq-abadlıq işlərinin daha geniş vüsət alacağı qabaqcıl rayonlarımızdan biri kimi daim diqqət mərkəzində olacaqdır.



aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024