Mobil versiya
Kamaləddin Qafarov: Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir
Tarix: 08-11-2026 | Saat: 09:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Kamaləddin Qafarov: Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir

“8 Noyabr - Zəfər Günü Azərbaycan tarixində xalqımızın əzmini, dövlətimizin gücünü və milli həmrəyliyimizi nümayiş etdirən möhtəşəm hadisədir. “

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, vurğulayıb ki, bu tarixi Qələbə sübut etdi ki, müstəqil dövlətin qarşısında aydın məqsədlər, güclü ordu və milli maraqlara əsaslanan qətiyyətli siyasət dayandıqda ən mürəkkəb problemləri belə həll etmək mümkündür. “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın uzun illər ərzində qoruyub saxladığı torpaq həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Bu Qələbə, eyni zamanda, milli ləyaqətimizin və tarixi ədalətin təntənəsi kimi yaddaşlara həkk olundu. Azərbaycanın Vətən müharibəsində qazandığı uğurun təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi dayanır. İşğalın davam etdiyi illərdə münaqişənin həlli ilə bağlı beynəlxalq səviyyədə irəli sürülən yanaşmalar nəticə vermədiyi halda, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, ölkəmiz torpaqlarının işğal altında qalması ilə barışmayacaq və ərazi bütövlüyünü bərpa etmək əzmindədir. 2020-ci ilin payızında baş verən hadisələr bu siyasi iradənin real nəticəsini bütün dünyaya nümayiş etdirdi.”

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini göstərməklə yanaşı, xalqın öz dövlətinə və Ali Baş Komandana olan inamının nə qədər möhkəm olduğunu da ortaya qoydu: “Cəbhədə əldə edilən uğurlar ölkə daxilindəki həmrəyliyi daha da gücləndirir, hər bir vətəndaşın qələbə əzmini artırırdı. Ordunun döyüş meydanındakı qəhrəmanlığı ilə xalqın mənəvi dəstəyi vahid məqsəd ətrafında birləşmişdi. “Dəmir yumruq” ifadəsi məhz bu bütövlüyün, milli iradənin və dövlətin qətiyyətinin rəmzinə çevrildi. Zəfərin tarixi əhəmiyyəti yalnız hərbi əməliyyatların nəticələri ilə məhdudlaşmır. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü təmin etdi və regionda yeni reallıqların formalaşmasına nail oldu. Bu hadisə ölkəmizin suveren qərarlar qəbul etmək qabiliyyətini, milli maraqlarını müdafiə etmək əzmini və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət yürütmək gücünü təsdiqlədi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri Zəfərin davamı, tarixi torpaqlarımızın dirçəldilməsi istiqamətində atılan mühüm addımlardır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsi azad edilmiş ərazilərdə davamlı həyatın bərqərar olmasına xidmət edir. Beləliklə, 8 Noyabr Azərbaycan xalqının yaddaşında yalnız keçmişin şanlı səhifəsi kimi deyil, gələcəyə istiqamət verən milli iradə nümunəsi kimi yaşayacaq. Bu Qələbə göstərdi ki, dövlətçilik maraqları ətrafında birləşən xalq qarşıya qoyduğu bütün məqsədlərə çata bilər.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2026