Mobil versiya
Ağdam tarixi zəfərimizin əbədi yadigarıdır
Tarix: 18-11-2026 | Saat: 15:34
Bölmə:Siyasət | çapa göndər

Ağdam tarixi zəfərimizin əbədi yadigarıdır

Azərbaycan ərazilərinin 20 faizini təxminən otuz il ərzində işğal altında saxlayan Ermənistan bu müddət ərzində xalqımıza və dövlətimizə qarşı çoxsaylı hərbi cinayətlər törətmiş, soyqırımı siyasəti həyata keçirmiş, ekoloji terrora yol vermiş və beynəlxalq hüququn fundamental prinsiplərini kobud şəkildə pozmuşdur. Ermənistanın törətdiyi vandalizm aktlarından ən çox zərər çəkən bölgələrimizdən biri də Ağdam rayonu olmuşdur. 1993-cü il iyulun 23-də rayonun ərazisinin 73 faizi, o cümlədən Ağdam şəhəri və 90 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bu təcavüz nəticəsində 128 min insan doğma torpaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. İşğalçı Ermənistan zəbt etdiyi ərazilərdə mövcud demoqrafik mənzərəni dəyişdirmək məqsədilə xarici ölkələrdən ermənilərin gətirilməsi və həmin torpaqlarda qanunsuz yerləşdirilməsi siyasətini də həyata keçirmişdir. Bu cür əməllər beynəlxalq hüququn, xüsusilə də Cenevrə Konvensiyasının müvafiq müddəalarının açıq şəkildə pozulması demək idi. 2010-cu ilin noyabrında erməni separatçıları Ağdam şəhərinin adını dəyişdirərək ona “Akna” adını vermiş, işğal altında saxladıqları ərazilərdə xaricdən köçürülmüş 360 etnik ermənini qanunsuz şəkildə məskunlaşdırmışdılar. Vaxtilə Azərbaycanın ən gözəl, abad və tərəqqi etmiş şəhərlərindən biri hesab edilən Ağdamın xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” kimi təqdim olunması şəhərin üzləşdiyi dağıntıların və erməni vandalizminin hansı səviyyəyə çatdığını nümayiş etdirirdi. Ağdamın məqsədyönlü şəkildə viran qoyulması, tarixi-mədəni abidələrinin məhv edilməsi, yaşayış məntəqələrinin xarabalığa çevrilməsi insanlığa qarşı törədilmiş ağır cinayətlərin əyani sübutu idi. Bütün bu hadisələrin beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verməsinə baxmayaraq, təəssüf ki, uzun illər ərzində Ermənistanın törətdiyi əməllərə lazımi siyasi və hüquqi qiymət verilmədi.

Ölkəmizə qarşı həyata keçirilən haqsızlıqlara və yaradılan maneələrə baxmayaraq, Azərbaycan müharibədə həm hərbi, həm də siyasi müstəvidə üstünlük əldə edərək tarixi qələbəyə nail oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müəyyən etdiyi prinsipial hərbi strategiya, eyni zamanda, ardıcıl və məqsədyönlü siyasi-diplomatik fəaliyyəti nəticəsində 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsində xalqımızın tarixi Zəfəri təmin edildi. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar və dövlətimizin beynəlxalq siyasi müstəvidə apardığı uğurlu diplomatiya noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə yekunlaşdı. Həmin sənədin şərtlərinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Bununla da dövlət başçısının nümayiş etdirdiyi siyasi qətiyyət və yüksək diplomatik bacarıq sayəsində əlavə insan itkilərinə yol verilmədən Ağdamın azadlığına nail olundu. Bu mühüm hadisə Azərbaycanın döyüş meydanında əldə etdiyi nailiyyətlərin siyasi-diplomatik müstəvidə də uğurla tamamlanmasının bariz nümunəsi idi. Ağdamın azad edilməsinin mühüm tarixi əhəmiyyətini nəzərə alan Azərbaycan dövləti 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalını təsis etdi. Cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medala layiq görüldü. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 20-si Ağdam şəhəri Günü kimi təsis edildi. Bu qərar Ağdamın azadlığının dövlət səviyyəsində tarixiləşdirilməsi və şəhərin həyatında tamamilə yeni inkişaf mərhələsinin başlanmasının rəmzi ifadəsi oldu. Hazırda Ağdamda genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq tədbirləri həyata keçirilir, şəhər sürətli inkişaf dövrünə qədəm qoyur. Müasir şəhərsalma yanaşmaları və qabaqcıl infrastruktur layihələri əsasında yenidən qurulan Ağdamın gələcəkdə Azərbaycanın ən müasir və gözəl şəhərlərindən birinə çevrilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ağdamın qarşısında yeni inkişaf mərhələsi açılıb. Bu mərhələ yalnız bir şəhərin yenidən qurulması ilə məhdudlaşmır, həm də işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişini, Azərbaycanın iqtisadi qüdrətini və milli-mənəvi gücünü özündə əks etdirir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2026