Mobil versiya
Səttar Möhbalıyev: "Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb, milli inkişaf strategiyasına doğru şərəfli yol qət edib"
Tarix: 18-11-2026 | Saat: 14:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: "Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranıb, milli inkişaf strategiyasına doğru şərəfli yol qət edib"

Ulu Öndər Heydər Əliyevin dediyi kimi; “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı onilliklərin inkişaf istiqamətlərini də müəyyənləşdirir. Yeni Azərbaycan Partiyasının yaradılması belə tarixi hadisələrdəndir. Ölkəmizin müstəqilliyinin ilk illərində meydana çıxan ağır siyasi, iqtisadi və sosial problemlər, dövlətçilik institutlarının zəifliyi və cəmiyyətdə hökm sürən qeyri-müəyyənlik Azərbaycanın gələcəyi naminə məsuliyyətli qərarların qəbulunu zəruri edirdi. Belə bir şəraitdə xalqın taleyini düşünən ziyalıların təşəbbüsü ilə yeni siyasi qüvvənin yaradılması ideyası meydana gəldi. Bu ideyanın mərkəzində Azərbaycanın müstəqilliyini qorumağa, dövlətçiliyini möhkəmləndirməyə və cəmiyyəti ümummilli məqsədlər ətrafında birləşdirməyə qadir olan liderə-Heydər Əliyevə inam dayanırdı.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, 1992-ci il oktyabrın 16-da Azərbaycanın görkəmli ziyalıları və tanınmış ictimai xadimlərindən ibarət 91 nəfərlik təşəbbüs qrupu Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş etdi. Tarixə “91-lər”in müraciəti kimi daxil olan bu sənəd yalnız ayrı-ayrı ziyalıların siyasi mövqeyini deyil, ölkənin gələcəyi ilə bağlı narahatlıq keçirən geniş ictimai təbəqələrin gözləntilərini ifadə edirdi. Ulu Öndər Heydər Əliyev həmin müraciətə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi qiymətləndirir, onun demokratik və siyasi plüralizm şəraitində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək müstəqil dövlətin möhkəmləndirilməsinə və inkişafına töhfə verə biləcəyini bildirirdi. Bu cavabda siyasi məsuliyyət, dövlətçilik təfəkkürü və gələcəyə hesablanmış strateji baxış aydın şəkildə ifadə olunmuşdu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxışını rəsmiləşdirdi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərin iştirak etdiyi konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bununla ölkənin mürəkkəb siyasi şəraitində yaranan yeni təşkilat öz üzərinə mühüm tarixi missiya götürdü. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi partiyanın inkişafına istiqamət verdi. Beləliklə, YAP qısa müddətdə ölkənin ictimai-siyasi həyatında mühüm mövqeyə sahib oldu. Partiyanın fəaliyyətinin əsas xüsusiyyətlərindən biri də konstruktiv siyasi mövqeyə üstünlük verməsi idi. Müxtəlif siyasi baxışların mövcudluğunu nəzərdə tutan demokratik cəmiyyət modelində dialoq, qarşılıqlı hörmət və qanunçuluq prinsiplərinin əhəmiyyəti ön plana çəkilirdi.

Millət vəkili onu da deyib ki, Yeni Azərbaycan Partiyasının tarixində mühüm mərhələlərdən biri 2005-ci il martın 26-da keçirilmiş III qurultay oldu. Həmin qurultayda cənab Prezident İlham Əliyevin partiyanın sədri seçilməsi siyasi varislik ənənəsinin davam etdirilməsi baxımından əlamətdar hadisə idi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının davam etdirilməsi sonrakı illərdə partiyanın siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi çıxış etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi, infrastrukturun yenilənməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və sosial inkişafın təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi. Ölkənin müdafiə qabiliyyətinin artırılması və ərazi bütövlüyünün bərpası istiqamətində görülən işlər də müasir Azərbaycanın siyasi tarixində xüsusi yer tutur. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, xalqın birliyini və milli iradəsini nümayiş etdirdi. Bu qələbə ölkənin inkişaf gündəliyində yeni mərhələ açdı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışın təmin edilməsini və regional sülh gündəliyinin irəli aparılmasını əsas vəzifələr sırasına çıxardı. 2021-ci il martın 5-də keçirilmiş VII qurultay isə Yeni Azərbaycan Partiyasının təşkilati və proqram baxımından yenilənməsində mühüm rol oynadı. Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, rəhbər orqanlarının tərkibi formalaşdırıldı və Veteranlar Şurası yaradıldı. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi də bu mərhələnin əlamətdar hadisələrindən biri oldu. VII qurultay partiyanın müasir siyasi şəraitə uyğunlaşması, siyasi dialoqun genişləndirilməsi, ictimai həmrəyliyin gücləndirilməsi və yeni inkişaf reallıqlarının nəzərə alınması baxımından əhəmiyyət daşıyırdı.
2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın müasir siyasi tarixində yeni inkişaf mərhələsinin prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra keçirilən qurultay qarşıda duran vəzifələrin yeni reallıqlar kontekstində dəyərləndirilməsini zəruri edir. Bu mərhələdə başlıca məsələ əldə edilmiş tarixi Zəfərin nəticələrini qorumaq, dövlətçiliyi daha da möhkəmləndirmək və qazanılmış imkanları davamlı inkişafa çevirməkdir. Qurultayda diqqət yetirilən əsas istiqamətlərdən biri Azərbaycanın müdafiə qüdrətinin və hərbi potensialının daha da artırılmasıdır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi mühüm vəzifələr olaraq ön plana çıxır. Yeni mərhələnin digər vacib istiqamətini isə ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi təşkil edir. Bu baxımdan təhsilin keyfiyyətinin yüksəldilməsi və ideoloji işin formal yanaşmalardan uzaq, müasir tələblərə uyğun qurulması xüsusi əhəmiyyət kəsb edir. VIII qurultay Azərbaycanın müstəqil xarici siyasət kursunun davam etdirilməsi, milli maraqlara əsaslanan qərarların qorunması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi baxımından da yeni dövrün prioritetlərini önə çıxarır. Beləliklə, YAP-ın siyasi inkişaf xətti tarixi irsə sədaqətlə yanaşı, müasir çağırışlara uyğunlaşma və gələcəyə hesablanmış strategiyanın həyata keçirilməsi ilə səciyyələnir. Qurultayın əhəmiyyəti də məhz tarixi nailiyyətlərin qorunması ilə Azərbaycanın qarşısında duran yeni inkişaf vəzifələrinin vahid strateji baxışda birləşdirilməsindədir.

Yeni Azərbaycan Partiyasının keçdiyi yol onun Azərbaycan cəmiyyətində qazandığı mövqenin formalaşmasında tarixi amillərin rolunu göstərir. Partiyanın fəaliyyəti dövlətçilik, siyasi sabitlik, iqtisadi inkişaf və milli maraqların qorunması kimi məsələlərlə sıx bağlıdır. Eyni zamanda, müasir dövr siyasi təşkilatlardan yalnız keçmiş nailiyyətləri təqdim etməyi deyil, cəmiyyətin yeni ehtiyaclarını anlamağı, vətəndaşlarla ünsiyyəti gücləndirməyi və konkret nəticələrə əsaslanan fəaliyyət göstərməyi tələb edir. Bu baxımdan YAP-ın gələcək uğurları onun tarixi irsə sədaqəti müasir idarəçilik yanaşmaları ilə uzlaşdırmasından, gənclərin təşəbbüslərinə imkan yaratmasından, ictimai dialoqu genişləndirməsindən və milli maraqları əsas tutan siyasətini davam etdirməsindən asılıdır.

Ulu Öndər Heydər Əliyevin “dünənin, bu günün və gələcəyin partiyası” kimi səciyyələndirdiyi Yeni Azərbaycan Partiyasının tarixi məhz keçmişdən gələn siyasi təcrübə ilə gələcəyə yönələn məsuliyyətin vəhdətini ifadə edir. Bu irsin qorunması isə yalnız tarixi hadisələri xatırlamaq deyil, dövlətçiliyin möhkəmləndirilməsinə, cəmiyyətin rifahına və Azərbaycanın davamlı inkişafına xidmət edən fəaliyyətlə mümkündür-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2026