Mobil versiya
Naxçıvanın Gələcəyə Baxış Strategiyası
Tarix: 14-08-2026 | Saat: 14:39
Bölmə:Siyasət | çapa göndər

Naxçıvanın Gələcəyə Baxış Strategiyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına növbəti səfəri təkcə muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə ölkəmizin strateji hədəfləri baxımından da mühüm əhəmiyyət daşıyır

Tarix boyu Azərbaycan dövlətçiliyinin qorunmasında mühüm rol oynayan Naxçıvan bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində xüsusi yer tutan bu qədim diyar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları nəticəsində müasir infrastrukturun, sənayenin və sosial təminat sisteminin sürətlə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Dövlət başçısının Naxçıvana mütəmadi səfərləri də məhz bu diqqətin bariz nümunəsidir.

Azərbaycan Televiziyasına verdiyi müsahibə Zəngəzur dəhlizi məsələsinə əvvəlki çıxışlardan fərqli olaraq, yalnız nəqliyyat layihəsi kimi deyil, eyni zamanda Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji ixracı və Azərbaycanın regional logistika strategiyasını birləşdirən çoxkomponentli layihə kimi yanaşmanı ortaya qoyur.

Cənab Prezidentin ifadəsində diqqət çəkən məqam budur ki, dəhlizin siyasi motivasiyası birbaşa Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin bərpası ilə izah edilir. O, Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın təşəbbüsü olduğunu və əsas məqsədlərdən birinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək olduğunu vurğulayır.
Prezidentin müsahibəsində Naxçıvanın gələcəyi ilə bağlı ən mühüm məsələlərdən biri isə nəqliyyat dəhlizlərinin inkişafıdır. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat bağlantısının təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezidentin sözlərindən aydın olur ki, Azərbaycan bu layihəyə yalnız bir dəmir yolu və avtomobil yolu kimi deyil, geniş regional kommunikasiya sistemi kimi yanaşır.

Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolu tikintisinin sürətlə davam etdirilməsi Azərbaycanın öz ərazisində üzərinə düşən işləri vaxtında yerinə yetirdiyini göstərir. Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun yenidən qurulması isə layihənin digər mühüm hissəsidir. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğunun 194 kilometr olması və xəttin gələcəkdə 15 milyon tonadək yükdaşıma qabiliyyətinə çatdırılmasının nəzərdə tutulması bu dəhlizə verilən strateji əhəmiyyətin göstəricisidir.

Burada mühüm məqam Azərbaycanın layihəni yalnız milli resurslarla həyata keçirmək imkanının olması ilə yanaşı, beynəlxalq investorların və potensial yükdaşıyanların prosesə cəlb edilməsinə də açıq olmasıdır. Prezidentin qeyd etdiyi kimi, Naxçıvan dəmir yolunun reabilitasiyası ilə bağlı beynəlxalq konsorsiumun yaradılması mümkündür, lakin nəzarət paketinin Azərbaycan dövlətində qalması əsas şərtdir. Bu yanaşma həm milli maraqların qorunmasını, həm də beynəlxalq tərəfdaşlığın imkanlarından istifadəni nəzərdə tutur.

Naxçıvanın strateji mövqeyi onu təkcə Şərq-Qərb deyil, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də mühüm elementinə çevirə bilər. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana daxil olan nəqliyyat xəttinin Culfa üzərindən İranın dəmir yolu şəbəkəsinə çıxması yeni alternativ marşrutun formalaşmasına imkan verəcək. Beləliklə, Naxçıvan gələcəkdə Avrasiya miqyasında yük axınlarının mühüm qovşaqlarından birinə çevrilə bilər. Bu isə muxtar respublikada yeni iş yerlərinin yaranmasına, iqtisadi fəallığın artmasına və xidmət sektorunun genişlənməsinə ciddi təsir göstərəcək.
Müsahibədə 2025-ci il 8 avqust Vaşinqton sammiti Zəngəzur məsələsində dönüş nöqtəsi kimi təqdim edilir və TRIPP layihəsinin icrasına başlanıldığını bildirilir. Cənab İlham Əliyev avqustun 8-də Prezident Donald Trampla söhbətində də layihənin sürətlə həyata keçirilməsi məsələsinin müzakirə olunduğunu demişdir. Burada diqqətçəkən məqam odur ki, Zəngəzur məsələsi artıq yalnız Bakı–İrəvan münasibətlərinin elementi kimi deyil, ABŞ-ın iştirak etdiyi daha geniş regional nəqliyyat-geosiyasi layihə kimi təqdim edilir. Bu isə öz nvbəsində Naxçıvanın əhəmiyyətini artırır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərdə mühüm bir gələcəyə baxış var: bu gün Naxçıvanın mövcud potensialı yalnız onun öz ehtiyaclarını ödəmək üçün deyil, gələcəkdə Azərbaycanın iqtisadi və enerji imkanlarının genişləndirilməsinə xidmət etmək baxımından qiymətləndirilir. Xüsusilə elektrik enerjisi istehsalının artırılması və ixrac imkanlarının yaradılması Naxçıvanın iqtisadi rolunun dəyişə biləcəyini göstərir.
Azərbaycan Televiziyasına verdiyi müsahibədə Prezident İlham Əliyev Naxçıvanın hərtərəfli inkişaf etdiyini xüsusi vurğulayaraq bildirdi ki, hər bir səfərin konkret nəticələri olur. Dövlət başçısı müdafiə potensialının gücləndirilməsini, enerji təhlükəsizliyinin təmin edilməsini, yeni iş yerlərinin yaradılmasını, tarixi-mədəni irsin qorunmasını və nəqliyyat əlaqələrinin genişləndirilməsini əsas prioritetlər kimi qeyd etdi. Bu fikirlər dövlətin Naxçıvanla bağlı uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana etdiyi 17-ci səfəri görülmüş işlərin qiymətləndirilməsi ilə yanaşı, Naxçıvanın gələcək inkişafının yeni konturlarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir.

Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-08-2026