Mobil versiya
Şuşa: Azərbaycanın ayrılmaz parçası
Tarix: 04-11-2026 | Saat: 13:13
Bölmə:Siyasət | çapa göndər

Şuşa: Azərbaycanın ayrılmaz parçası

2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Cənab İlham Əliyev 8 noyabr 2020-ci il tarixdə Şəhidlər xiyabanından Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədi ki, demişdim  gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır.  Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin müraciətində onu da qeyd etdi ki,  dəfələrlə  Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində  Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni verməyin Onun üçün ən xoşbəxt günlərdən biri olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” çağırışını etdi.

Artıq o vaxtdan bizi 6 illik zaman ayırır. Bu istəklərimiz reallıqdır. İşğaldan azad edilmiş torpaqlarımızda  yeni həyatın başlaması üçün quruculuq və bərpa layihələri uğurla həyata keçirilir. Cənab İlham Əliyevin 44 günlük müharibənin Azərbaycanın siyasi Qələbəsi ilə başa çatmasından sonra işğaldan azad  edilmiş ərazilərimizə  səfərlərini böyük qürurla, sevinc hissi ilə  reallaşdırması atılan addımların uğurlu nəticələrinin təqdimatı kimi dəyərləndirilir.  Ölkə Prezidentinin  ötən dövr ərzində Şuşaya 40-a yaxın səfəri olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,  ordumuzun şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan  tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. 44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın  ərazi bütövlüyünün bərpası ölkəmiz  üçün  beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə  erməni qəsbkarları tərəfindən   maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın  yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasını uğurla davam etdirir. Bu gün Şuşa şəhərinin timsalında azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin aydın mənzərəsini görə bilərik.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Şəhərin kopseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb. Baş planda şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Şəhərin şərq və mərkəzi hissələrində tarixi quruluşun qorunması məqsədilə yol şəbəkələrinə müdaxilə minimal səviyyədə saxlanılaraq mövcud tarix-mədəniyyət abidələrinin bərpa/rekonstruksiyası nəzərdə tutulub. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb. Yol şəbəkəsi piyada keçidi və velosiped yollarının, ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib, bütün sosial xidmət müəssisələrinin (məktəb, bağça, səhiyyə müəssisələri və s.) ictimai nəqliyyat marşrutları ilə əlaqələndirilərək əlçatan olması təmin edilib. Bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı 2024-cü ilin 10 may tarixində reallaşıb. Bu qayıdış mərhələli şəkildə davam edir.
Azad edilmiş ərazilərimiz üzrə şəhər günləri, o cümlədən Şuşa Şəhəri Günü gələcəyə çağırışdır. Bu günlər bizə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək, rəşadətli ordumuzun qəhrəmanlığını tərənnüm etmək və Şuşanın əbədi olaraq Azərbaycanın ayrılmaz parçası olduğunu bütün dünyaya bir daha bəyan etmək çağırışını edir.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2026