Mobil versiya
Azərbaycan–Qırğızıstan əlaqələri: strateji tərəfdaşlıq regional əməkdaşlığa yeni impuls verir - Asif Əsgərov
Tarix: 03-08-2026 | Saat: 11:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan–Qırğızıstan əlaqələri: strateji tərəfdaşlıq regional əməkdaşlığa yeni impuls verir

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 31-də Qırğız Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə olmaqla yanaşı, Türk dünyasında inteqrasiyanın yeni mərhələsinin də mühüm göstəricisi kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın strateji məzmununu daha da zənginləşdirərək müttəfiqlik səviyyəsində inkişaf etdiyini nümayiş etdirir.

Azərbaycan və Qırğızıstanı birləşdirən əsas amillərdən biri ortaq tarixi köklər, türk kimliyi, mədəni yaxınlıq və qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərdir. Son illərdə bu münasibətlər yalnız diplomatik təmaslarla məhdudlaşmayıb, iqtisadi, humanitar, nəqliyyat, investisiya, təhsil və mədəniyyət sahələrini də əhatə edən geniş əməkdaşlıq platformasına çevrilib. Prezident İlham Əliyevin “Bu gün biz dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq” fikri də məhz bu inkişafın siyasi ifadəsidir.

Müttəfiqlik münasibətlərinin mahiyyəti dövlətlərin mühüm beynəlxalq məsələlərdə bir-birini dəstəkləməsini, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini, iqtisadi inteqrasiyanın genişləndirilməsini və regional təşəbbüslərdə vahid mövqedən çıxış etməsini nəzərdə tutur. Prezident İlham Əliyev qeyd etmişdir: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.

Səfər çərçivəsində imzalanan sənədlər əməkdaşlığın gələcək inkişafı üçün geniş hüquqi baza formalaşdırıb. Bu sənədlər iqtisadiyyat, investisiya, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, təhsil, elm, mədəniyyət və digər istiqamətlərdə birgə fəaliyyətin daha da genişlənməsinə xidmət edir. Rəsmi Bakı ilə Bişkek münasibətləri yalnız siyasi dialoqa deyil, real iqtisadi nəticələrə və uzunmüddətli inkişaf strategiyasına əsaslanır.

İqtisadi əməkdaşlığın yeni mərhələsinin ən mühüm göstəricilərindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə qəbul olunan qərardır. Bu addım qarşılıqlı investisiyaların artırılması, yeni sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı və turizm layihələrinin maliyyələşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Fondun fəaliyyəti hər iki ölkənin sahibkarları üçün yeni imkanlar yaradır və iqtisadi əlaqələrin daha da şaxələndirilməsinə xidmət edir.

İssık-Kul gölünün sahilində istifadəyə verilən “Bakı Resort & Spa” mehmanxanası Azərbaycanın Qırğızıstandakı ən nüfuzlu investisiya layihələrindən biridir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilən bu müasir kompleks iki ölkə arasında iqtisadi tərəfdaşlığın uğurlu nümunəsinə çevrilib. Layihə həm turizm sektorunun inkişafına, həm də Azərbaycan brendinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

Azərbaycan–Qırğızıstan münasibətlərində humanitar əməkdaşlıq xüsusi yer tutur. Qarabağın bərpası prosesinə Qırğızıstanın verdiyi dəstək, Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin tikilməsi iki ölkənin qardaşlıq münasibətlərinin praktik ifadəsidir. Bu məktəb yalnız təhsil ocağı deyil, həm də ortaq tarixə, mədəni irsə və gələcək əməkdaşlığa verilən dəyərin təntənəsidir.

Humanitar sahədə həyata keçirilən digər layihələr də diqqətəlayiqdir. Bakıda Çingiz Aytmatovun adını daşıyan parkın və abidənin yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili xalqlar arasında mənəvi bağları daha da möhkəmləndirir. Siyasi münasibətlərin davamlı inkişafı üçün mədəni və ictimai əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçılarının qarşılıqlı ali dövlət mükafatları ilə təltif olunması da səfərin mühüm nəticələrindən biri oldu. Prezident İlham Əliyevin I dərəcəli “Manas” ordeni ilə, Prezident Sadır Japarovun isə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə verilən qiymətin ifadəsidir. Bu qərarlar qarşılıqlı etimadın və dostluğun daha da möhkəmləndiyinin göstəricisidir.

Səfər çərçivəsində qəbul edilən Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi çıxış edir. Bəyannamədə nəqliyyat dəhlizlərinin inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, yaşıl enerji, rəqəmsal texnologiyalar, ərzaq təhlükəsizliyi və humanitar əməkdaşlıq kimi prioritet istiqamətlər öz əksini tapır. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərində tamhüquqlu iştirak etməsi isə ölkəmizin regionla əlaqələrinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafına yeni dinamika qazandırır. Qırğızıstanla əməkdaşlığın genişlənməsi həm Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın güclənməsinə, həm də Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat layihələrinin reallaşdırılmasına mühüm töhfə verir. Xəzər dənizi üzərindən keçən Orta Dəhlizin inkişafı da bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın strateji əhəmiyyətini daha da artırır.

Azərbaycan–Qırğızıstan münasibətləri uzunmüddətli strateji hədəflərə əsaslanır. Müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması və Türk dünyasının birliyinə verilən töhfələr bu əlaqələrin gələcək illərdə daha da yüksələn xətt üzrə inkişaf edəcəyini təsdiqləyir.

Asif Əsgərov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026