Mobil versiya
Göydəniz Qəhrəmanov: “İssık-Kul bölgəsində turizm infrastrukturunun inkişafına Azərbaycanın verdiyi töhfə diqqətəlayiq nümunələrdəndir.”
Tarix: 02-08-2026 | Saat: 15:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov: “İssık-Kul bölgəsində turizm infrastrukturunun inkişafına Azərbaycanın verdiyi töhfə diqqətəlayiq nümunələrdəndir.”
 
 “Dövlətlərarası münasibətlərin uğuru təkcə diplomatik fəallıqla müəyyənləşmir. Əsas göstərici tərəflərin əldə etdikləri razılaşmaları real layihələrə çevirmək bacarığı, qarşılıqlı etimadı isə uzunmüddətli əməkdaşlığın əsasına çevirmələridir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı baş tutan görüşlər və qəbul edilən qərarlar göstərdi ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər məhz bu inkişaf modelinə əsaslanır. Bu gün iki ölkə arasında dostluq və strateji tərəfdaşlıqla yanaşı, qarşılıqlı etimad üzərində qurulan müttəfiqlik münasibətlərini praktiki məzmunla zənginləşdirirlər.
Çolpon-Atada keçirilən Dövlətlərarası Şuranın üçüncü iclası bunun ən bariz nümunəsi oldu. Burada diqqəti çəkən əsas məqamlardan biri siyasi dialoqun konkret nəticələrə yönəlməsi idi. İki ölkə rəhbərinin çıxışları göstərdi ki, Bakı ilə Bişkek arasında münasibətlər artıq yalnız gələcək planlar üzərində deyil, uğurla həyata keçirilən layihələrin yaratdığı təcrübə üzərində inkişaf edir. Bu isə əməkdaşlığın davamlılığı baxımından mühüm üstünlük hesab olunmalıdır.”

Millət vəkili Göydəniz Qəhrəmanov aia.az-a açıqlamasında belə deyib.
       
Deputat qeyd edib ki, səfərin ən mühüm siyasi nəticəsi olan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin yeni hüquqi əsaslarını formalaşdırdı:“Müttəfiqlik statusu dövlətlərin bir-birinə olan etimadının ən yüksək ifadəsidir. Bu sənəd iki ölkənin beynəlxalq məsələlərdə daha sıx koordinasiya aparmaq, regional təşəbbüslərdə ortaq mövqe nümayiş etdirmək, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığı sistemli şəkildə genişləndirmək iradəsini təsdiqləyir. Ən önəmlisi isə odur ki, bu qərar uzun illər ərzində formalaşmış səmimi münasibətlərin məntiqi nəticəsi kimi meydana çıxıb. Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqamlardan biri Qarabağın bərpasına göstərilən qardaş dəstəyinə verilən yüksək qiymət idi. Ağdamda fəaliyyət göstərən Manas adına məktəb artıq sadəcə təhsil müəssisəsi deyil, Azərbaycan ilə Qırğızıstan dostluğunu gələcək nəsillərə çatdıracaq mənəvi körpüdür. Bununla yanaşı, Qırğız-Azərbaycan Fondunun maliyyə imkanlarının artırılması barədə qəbul edilən qərar iqtisadi əməkdaşlığın daha geniş miqyas alacağını göstərir. Fond vasitəsilə həyata keçiriləcək yeni layihələr sahibkarlığın inkişafına, investisiyaların artmasına və qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə əlavə stimul verəcək. İssık-Kul bölgəsində turizm infrastrukturunun inkişafına Azərbaycanın verdiyi töhfə də diqqətəlayiq nümunələrdəndir. “Bakı” hotelinin istifadəyə verilməsi göstərir ki, Azərbaycan öz qardaş ölkəsi ilə əməkdaşlığı yalnız siyasi platformalarda deyil, iqtisadi və investisiya müstəvisində də ardıcıl şəkildə inkişaf etdirir. Bu yanaşma qarşılıqlı faydaya əsaslanan tərəfdaşlığın praktik modelini formalaşdırır. Səfərin mühüm hadisələrindən biri də dövlət başçılarının ali dövlət təltifləri ilə mükafatlandırılması oldu. Prezident İlham Əliyevə birinci dərəcəli “Manas”ordeninin, Qırğızıstan Prezidentinə isə “Heydər Əliyev”ordeninin təqdim olunması qarşılıqlı hörmətin və etimadın rəmzi olmaqla yanaşı, iki ölkənin münasibətlərinə verilən yüksək siyasi qiymətin ifadəsidir. Bu addım beynəlxalq ictimaiyyətə də aydın mesaj verdi ki, Azərbaycan və Qırğızıstan əməkdaşlığı taktiki maraqlara deyil, uzunmüddətli strateji tərəfdaşlığa söykənir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycanın xarici siyasəti etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanır. Çolpon-Atada qəbul olunan qərarlar, imzalanan sənədlər və verilən siyasi mesajlar göstərdi ki, iki qardaş ölkə bundan sonra da qarşılıqlı etimadı yeni layihələr, yeni təşəbbüslər və yeni uğurlarla daha da möhkəmləndirəcək. Bu isə həm Azərbaycan–Qırğızıstan münasibətlərinin, həm də Türk dünyasında inteqrasiyanın inkişafına mühüm töhfə verəcək” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə