Mobil versiya
Qardaşlıq və müttəfiqliyin zirvə nöqtəsi
Tarix: 01-08-2026 | Saat: 12:40
Bölmə:Siyasət | çapa göndər

Qardaşlıq və müttəfiqliyin zirvə nöqtəsi

İyulun 31-də Mərkəzi Asiyanın füsunkar güşələrindən biri olan İssık-Kul sahilində, Çolpon-Ata şəhərində tarixi anlar yaşandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri xalqlarımız arasındakı əsrlərə söykənən qardaşlıq, kök və mədəniyyət tellərini daha da möhkəmləndirərək iki dövlət arasındakı münasibətləri zirvə nöqtəsinə — müttəfiqlik səviyyəsinə yüksəltdi.

Qırğızıstan Prezidenti Sadır Japarovun dəvəti ilə baş tutan bu səfər təkcə rəsmi protokollarla deyil, həm də samimi qardaşlıq hissləri, dərin ehtiram və birgə gələcəyə inam ruhu ilə yadda qaldı. Dövlət başçılarının təkbətək və heyətlərin iştirakı ilə keçirilən görüşlərindən sonra mətbuata bəyanatla çıxış edən cənab Prezident İlham Əliyev göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirərək, müttəfiqlik münasibətlərinin böyük məsuliyyət tələb etdiyini və hər iki tərəfin bu məsuliyyətə tam hazır olduğunu vurğuladı. Bu müttəfiqlik beynəlxalq platformalardan tutmuş iqtisadi-ticari sahayə, eləcə də təhlükəsizliyin möhkəmləndirilməsinə qədər geniş bir spektri əhatə edir.

Qeyd edildi ki, İki ölkə arasında iqtisadi tərəfdaşlığın miqyasını genişləndirən konkret addımlardan biri də birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə əldə olunan razılıq oldu. Bu qərar fondun fəaliyyətinin konkret məzmunla zənginləşdiyini, yeni iş yerlərinin yaradılmasına və birgə istehsalat layihələrinin həyata keçirilməsinə güclü təkan verəcəyini bir daha nümayiş etdirdi. İqtisadi yüksəlişin və dostluq tellərinin bariz təzahürü kimi, İssık-Kulun sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən və bölgədəki ilk beşulduzlu hotel olan “Bakı” hotelinin açılışı da bu səfərin unudulmaz səhifələrindən birinə çevrildi.

İki xalqı birləşdirən mənəvi dəyərlər və tarixi yaddaş da görüşlərin əsas ana xəttini təşkil edirdi. Qarabağın otuz illik işğaldan sonra bərpası işinə Qırğız xalqının verdiyi dəyərli töhfə — Ağdam rayonunda inşa edilən və uşaqların artıq təhsil aldığı “Manas” adını daşıyan məktəb qardaşlığın və birliyin əbədi abidəsi kimi qiymətləndirildi. Eyni zamanda, Bakıda dahi sənətkar Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın açılması, Bişkekdə isə Qırğızıstan-Azərbaycan dostluğu parkının fəaliyyət göstərməsi, eləcə də qarşılıqlı keçirilən Mədəniyyət Günləri xalqlarımızın nə qədər sıx bağlı olduğunu bir daha sübut etdi.

Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Cənab Prezident İlham Əliyev iclasda çıxış edərək Qırğızıstanın son illərdə əldə etdiyi sosial-iqtisadi inkişafı, ölkənin iqtisadi potensialının möhkəmlənməsini və beynəlxalq aləmdə artan nüfuzunu böyük sevinclə qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, dost və qardaş ölkə kimi Qırğızıstanın hər bir uğuru Azərbaycanda böyük qürur hissi ilə qarşılanır.

Çolpon-Ata şəhərində baş tutan digər mühüm və tarixi hadisə isə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü oldu. Konqres Mərkəzində Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qarşılanan Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanın dövlət başçıları birgə foto çəkdirdikdən sonra sammit öz işinə başladı.

Bu görüşün Azərbaycan üçün xüsusi bir tarixi əhəmiyyəti var idi. Belə ki, cənab Prezident İlham Əliyev ilk dəfə olaraq bu məşvərət formatında fəxri qonaq kimi deyil, tamhüquqlu üzv qismində iştirak etdi. Keçən il Özbəkistanda Mərkəzi Asiya dövlət başçıları tərəfindən Azərbaycanın bu formata tamhüquqlu üzv seçilməsi ilə bağlı qəbul edilmiş tarixi qərar nəticəsində platforma artıq “Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü” adlanmağa başlayıb.

Dövlətimizin başçısı öz çıxışında Mərkəzi Asiya ölkələri ilə münasibətlərin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirdi. 2023-cü ilin əvvəlindən bu günə qədər Prezident İlham Əliyevin Mərkəzi Asiyanın qardaş ölkələrinə 16 dəfə səfər etməsi, həmin ölkələrin rəhbərlərinin isə Azərbaycana 26 dəfə gəlişi münasibətlərin nə qədər dinamik və yaxın olduğunu gözlər önünə sərir. Bu sıx təmaslar göstərir ki, artıq Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi məkana çevrilib. Azərbaycan bundan sonra da bu məşvərət formatının fəal üzvü olaraq xalqlarımızı və ölkələrimizi bir-birinə daha da yakınlaşdırmaq üçün öz səylərini əsirgəməyəcəkdir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2026