Mobil versiya
”Azərbaycan Olimpiya hərəkatı beynəlxalq idman ailəsinin nüfuzlu hissəsinə çevrilib” - DEPUTAT
Tarix: 31-07-2026 | Saat: 10:06
Bölmə:Karusel / İdman | çapa göndər

”Azərbaycan Olimpiya hərəkatı beynəlxalq idman ailəsinin nüfuzlu hissəsinə çevrilib”

31 iyul 1997-ci il İlham Əliyev ilk dəfə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Bu qərar sayəsində ölkədə Olimpiya hərəkatının sistemli inkişafına hesablanmış uzunmüddətli strategiyanın əsası qoyuldu.

1990-cı illərin ortalarında Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirmək, iqtisadi sabitliyi təmin etmək və yeni inkişaf modelini formalaşdırmaq kimi mühüm vəzifələrlə üz-üzə idi. Belə bir şəraitdə idman yalnız yarışlarda iştirak və medal qazanmaq vasitəsi kimi deyil, ölkənin beynəlxalq nüfuzunun artırılması, sağlam həyat tərzinin təşviqi və vətənpərvər gənc nəslin formalaşdırılması istiqamətində mühüm dövlət siyasəti kimi müəyyənləşdirildi. Bu yanaşma qısa müddətdə real nəticələr verdi. Azərbaycanın müxtəlif bölgələrində müasir Olimpiya İdman Kompleksləri tikildi, idman federasiyalarının fəaliyyəti gücləndirildi, milli komandaların hazırlıq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı, idmançılara göstərilən dövlət dəstəyi genişləndirildi. Artıq 2000-ci illərin əvvəllərində Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq Olimpiya ailəsinin nüfuzlu üzvlərindən birinə çevrilərək digər ölkələr üçün uğurlu idarəetmə modeli kimi təqdim edilməyə başladı.

Sonrakı illərdə bu siyasət Azərbaycanın idman uğurlarını daha da genişləndirdi. Olimpiya Oyunlarında qazanılan medalların sayı artdı, dünya və Avropa çempionları yetişdi. Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışları yüksək səviyyədə təşkil etməklə beynəlxalq idman təşkilatlarının etibarlı tərəfdaşı statusunu qazandı.
Prezident İlham Əliyev Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlarla bağlı bildirib ki,“Biz güclü idman dövlətləri arasındayıq. Bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür.”

Bu fikir ötən 29 ildə həyata keçirilən dövlət siyasətinin nəticəsini aydın şəkildə ifadə edir. Bu gün idman ölkənin beynəlxalq nüfuzunun, sosial inkişafının və müasir dövlət idarəçiliyinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Azərbaycan idmanına yeni məsuliyyət gətirdi. Bu gün beynəlxalq yarışlarda çıxış edən idmançılar qalib xalqı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövləti təmsil edirlər. Üçrəngli bayrağın beynəlxalq arenalarda yüksəlməsi və Dövlət Himnimizin səslənməsi həm də Azərbaycanın müasir gücünün və milli qürurunun rəmzinə çevrilib.
Prezident İlham Əliyevin “Biz qalib xalqıq, qalib dövlətik və bundan sonra əbədi yaşayacağıq” fikri idman sahəsində də yeni vəzifələr yaradır. Qalib ölkənin idmançısı olmaq isə yüksək nəticə əldə etməklə yanaşı Azərbaycanın nüfuzunu, qalib xalqın iradəsini və dövlətçilik ənənələrini beynəlxalq arenalarda layiqincə təmsil etmək deməkdir.
Dövlət başçısı idmanın əsas missiyasını belə ifadə edib:

“Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki və mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərir ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.”

Bu gün Azərbaycan idmançılarının qazandığı hər medal ölkənin beynəlxalq nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və dövlətimizin müasir simasının tanıdılmasına xidmət edir.

31 iyul 1997-ci ildə əsası qoyulan inkişaf strategiyası özünü tam doğruldub. Azərbaycan Olimpiya hərəkatı beynəlxalq idman ailəsinin nüfuzlu hissəsinə çevrilib, ölkəmiz isə idman sahəsində həm qalib, həm də etibarlı tərəfdaş kimi tanınır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə